• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Poçtalyonun gətirdiyi sonuncu məktub – göyərçindən elektron qutuya qədər - REPORTAJ

Poçtalyonun gətirdiyi sonuncu məktub – göyərçindən elektron qutuya qədər - REPORTAJ

“Ay bala, indi yaşamağa nə var ki, hər şey əlinizin altında hazır vəziyyətdədir. Bizim vaxtımızda çox çətin idi, adi məktub yazmaq da problemə çevrilirdi. Sovet dövründə qonşumuz Məmməd dayı Rusiyadan həyat yoldaşına məktub yazmaq istəyib. O vaxtlarda ki, kiməsə məktub gələndə, ünvana çatana kimi bütün kənd oxuyurdu. Yazıq kişi bilməyib ki, yoldaşına neçə müraciət etsin ki, kənd camaatı bunu lağa qoymasın. Məşədi İbad kimi variantlar axtarıb. “Yazsam sevgilim - eyibdir, həyat yoldaşım - gülməlidir, arvadım - “tem bolle”... Axırda yazıb ki “qardaşım Şükufəyə”. Odu- budu, bütün kənd yazığın arvadına “Şükufə qardaş” deyə müraciət etməyə başladı. Bu, Məmməd kişinin həyat yoldaşına yazdığı ilk və sonuncu məktub olur.

6 saylı poçt şöbəsinin girişində qarşılaşdığım, yaşı 70-ə yaxınlaşan Arif dayı poçtla bağlı sualımın cavabında danışdı bu əhvalatı. İndi poçta yalnız kommunal xidmətləri ödəmək üçün gələn müsahibim illər əvvəlki mənzərəni də gözlərimizin önündə canlandırmış oldu.

İndi məmməd dayıların əlində son model mobil telefon var, nə edirlər məktubu? Həyat yoldaşlarına da istədikləri kimi müraciət edirlər, heç kimdən utanmadan, çəkinmədən.

Axı telefon internetin bu qədər inkişaf etdiyi bir vaxtda fikirlərini kağıza yazmaq, onu poçta aparmaq, azı bir gün sonra məktubun sahibinə çatacağını və onun bir neçə gün sonra cavab yazacağını gözləmək kimə lazımdır? Poçt deyəndə ilk ağla gələn məktubdur, məktub yoxdursa, poçt nəyə lazım?

Bu düşüncə ilə poçt şöbəsinə daxil oluram. Məqsədim bu gün insanların poçta nə üçün müraciət etməsini, kimlərin məktub yazdığını aydınlaşdırmaqdır. Axı az qala hər tin başında bir poçt şöbəsi var.

Səhər saatlarında bəzi yerlərdə, necə deyərlər, işçilərin işə yeni adaptasiya olduğu saatda poçtda işlərin bəziləri artıq yekunlaşıb. Poçtalyonlar iş başındadır. Poçta gələnlər də var. Onların poçt əməkdaşları ilə söhbətindən bəlli olur ki, gəliş səbəbləri məktub göndərmək deyil. Kimi internet, kimi də telefon borcunu ödəyir.

Burada hər kəs məşğuldur. Heç kimə mane olmaq istəmirik, amma suallarımıza da cavab almalıyıq.

142 saylı poçt şöbəsi 6 saylı filialın tabeliyindədir. Söhbətimiz 6 saylı filialın rəisi Abutac Əliyeva və 114 saylı poçt şöbəsinin müdiri Əli Babaşovla davam etdiririk. Hər ikisi ömrünün 30 ildən çoxunu poçta xidmət göstərməkdən qürur duyduqlarını deyirlər. Onlarla söhbətdə məktubların çatdırılmasından tutmuş poçtun bugünkü əsas funksiyasına kimi bütün mövzulardan danışdıq.

İllər əvvəl poçtun əsasən məktub göndərmək xidməti göstərdiyini deyən həmsöhbətlərim, bu gün profilin dəyişdiyini etiraf edirlər.

Poçt deyəndə ilk olaraq ağlımıza məktub gəlsə də, bu gün xidmət növlərinin sayı 56-ya çatıb. Poçtun xidmətlərindən pul köçürmələri, kommunal xidmətlərin ödənməsi, hesab açmaq, elektron imza almaq məqsədilə istifadə edirlər. Pul köçürmələri sahəsində banklarla rəqabət aparan poçt onları üstələyir. İstənilən rayona poçt vasitəsilə 5 dəqiqəyə pul köçürmək mümkündür. Çünki bankların şöbələri yalnız rayon mərkəzlərindədirsə, hər kənddə poçt şöbəsi var.

Əvvəllər 50-100 min manatlıq köçürmələr olurdusa, bu gün bir filialda “zolotoy karona” üzrə 9 milyonluq əməliyyat aparılır.

Poçtun gəlirləri

Ən aşağı gəliri 5 qəpiklik zərfi satmaqdan başlayan poçtun aylıq gəliri min manatlarla dəyərləndirilir.

A.Əliyevanın sözlərinə görə, bir filial üzrə aylıq plan 133 min manatdır. Əvvəl evlərə çatdırma pulsuz olsa da, bu gün hər çatdırmaya görə 1 manat ödənilir. Kiçik paketlərin sayı əvvəl 100-200 olurdusa, bu gün yalnız 24 şöbəyə gün ərzində 700-800 belə paket gəlir. Bir aya evə çatdırmaya görə 1400-1500 manat əldə edilir. Bəzən bir aya 20 min kiçik paket gəlir. Bu gün əslində insanları poçta gətirən əsas səbəblərdən biri də məhz bu xarici ölkələrdən sifariş etdikləri məhsullar, kiçik paketlərdir.

5 ayda 60 mindən çox məktub çatdırılıb

Bu danışıqlarımızdan belə təəssürat yaranır ki, poçt bu gün məktublaşmadan daha çox digər xidmətlər üçün faydalıdır. Amma həmsöhbətlərim bu fikirlərlə razılaşmır. Bu gün də məktublaşma ənənəsinin qaldığını deyirlər.

İnternet və kompüter kağızla məktublaşmaya təsir etsə də, hələ də, bu yolla ünsiyyət quranlar az deyil.

Lakin bu gün yol polisinin cərimələri, məhkəmə bildirişləri, müəssisə və təşkilatların məktubları insanlar arasındakı yazışmaları üstələyib.

Artıq qohum və tanışların bir-birinə -“Salam, salamdan sonra bildirmək istəyirəm ki, biz tərəflərdə sağlıq-salamatlıqdır. O bir Allahdan sizin də sağ-salamat olmağınızı arzu edirik” girişli məktubların yerini “Kərimov Həsən Vaqif oğluna Dövlət Miqrasiya Xidmətindən” kimi girişi olan məktublar əvəzləyib.

Ə.Babaşov deyir ki, 114 saylı poçt bu ilin 5 ayında 60 mindən çox məktub çatdırıb. Onların içərisində əsas yeri idarə, müəssisə və təşkilatlardan göndərilən məktublar, 10%-i cərimə məktubları təşkil edir.

Əsasən Sərnişin-Nəqliyyat MMC, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu tərəfindən evlərə məktublara göndərilir.

A.Əliyeva bu gün insanların poçtla məktub göndərməsini bu cür əsaslandırır.

“Rayon yerlərində, xüsusən kənd əhalisinin internetə çatımlığı yüksək səviyyədə deyil. Qarşı tərəf məktubu qəbul etmək istəmirsə, elektron göndərilmiş məktubu qəbul etməmişəm deyə bilər. Amma poçtla göndərilən məktub rəsmidir. Bu rəsmiyyət, sübutun olması insanları cəlb edir. Bu gün artıq insanlar izləmə sistemi vasitəsilə məktubun çatıb-çatmadığını öyrənə bilir. Bundan başqa, məktub həm də bir sənəddir. Telefonla deyilən bir müddət sonra unudula bilər, amma məktubda yazılanlar ömür boyu saxlanılır, daha dəyərli olur”.

Onlar “Azərpoçt”un sütunudur...

Amma məktubu poçt qutusuna atmaq, ya da poçta təqdim etməklə iş bitmir. Məktub sahibinə çatana qədər bir neçə əldən keçir. Məktuba marka yapışdırılması, ştrix kod vurulması, kompüterdə qeydiyyata alınması, reysterinə möhür vurulması, ümumi kisəyə yazılması, məktubun çeşidlənməsi, rayonlara göndərilməsi, kəndlərə çatdırılması kimi proseslərdən keçir.

Amma bütün bu prosesdə ən çətin iş məktubu çatdıran poçtalyonun üzərinə düşür. Qışın şaxtasına, havanın istisinə baxmayaraq, poçtalyon işini görməli, məktubu sahibinə çatdırmalıdır. Məhz bu səbəbdəndir ki, poçtalyonlar “Azərpoçt”un sütunu hesab edilir.

A.Əliyeva deyir ki, əvvəllər olduğu kimi, bu gün də poçtalyonun yolunu həvəslə gözləyənlər var. Poçtalyon xidmət göstərdiyi ərazidə artıq hər kəsin ən yaxını, doğmasına çevrilir. Amma demək olmaz ki, hər kəs həvəslə poçtalyonun gəlməsini gözləyir. Onları sevməyənlər də var. Onlar – cərimələnənlərdir. Polisdən, cərimədən, məhkəmədən qaçdıqları halda, onu qapıya qədər gətirən insanı kim sevər axı? Ona görə də, onları qınaya bilmərik. Amma cəriməni poçtalyon yazmır, bu, sadəcə onun işidir deyə də düşünə bilərik.

Poçtalyon 3 gün eyni ünvana gedir, qapı bağlıdırsa, bildiriş qoyur. Bildirişə də cavab verilməsə, məktub bir ay poçtda saxlanılır. Sahibindən səs gəlməyəndə geri qaytarılır. Yalnız məhkəmə məktubları 3-5 günə sahibinə çatdırılmasa, geri qaytarılır.

Biz poçtda olanda artıq poçtalyonların əksəriyyəti iş başında idi. Amma bir neçəsini yola düşmədən yaxalaya bildik.

6 ildir poçtalyon işləyən Nərminə xanım işlərinin həm çətin, həm də maraqlı olduğunu deyir:

“İşimi sevirəm, çünki hər kəsə nəsib olmur, hər döydüyü qapı üzünə açılsın, sənə xoş münasibət göstərsinlər. Biz işlədiyimiz rayon üzrə insanların əksəriyyəti ilə tanışıq. Təsəvvür edirsiniz küçədə gedəndə qarşılaşdığınız insanların əksəriyyəti sizi tanıyır, salam verir. Bəzilərinə bu, qəribə gəlir, xüsusən tanışlarımla yol gedəndə, tez-tez belə olur. Hər dəfə soruşurlar “O kim idi?”. Evlərinə məktub apardığımız insanlar bizə doğmadır”

Arifə xanım poçtalyon işinin çox məsuliyyətli olduğunu deyir.

“Amma hər kəs bizi xoş üzlə qarşılamır. Xüsusən məhkəmələrdən, polisdən məktub gözləyənlər. Bəziləri qapını belə açmır. Yaxşılar da az deyil, bizi çaya, yeməyə dəvət edirlər”.

Poçtalyonlarla söhbətimiz çox qısa olur. Sahibinə çatdırmalı olduqları məktublar var. Əşyalarını toplayıb çıxırlar. Bizim də işimiz bitib.

"Poçt, məktub nəyə lazımdır" düşüncəsi ilə daxil olduğum qapıdan “texnologiya nə qədər inkişaf etsə də, məktub hər zaman olub, olacaq” düşüncəsi ilə çıxıram.

Gülxar Şərif

Fotolar müəllifindir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR