“Azacıq ehtiyatsızlıq etsəydim, barmaqlarımı, əllərimi itirərdim” – 15 ilin qadın dülgərilə MÜSAHİBƏ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Azacıq ehtiyatsızlıq etsəydim, barmaqlarımı, əllərimi itirərdim” – 15 ilin qadın dülgərilə MÜSAHİBƏ - FOTOLAR

O, öz əli ilə düzəltdiyi, yonub rənglədiyi, forma verdiyi qapıları – çəkisindən ağır əşyaları çox asanlıqla qaldırır, hətta lazımi yerlərə daşıyır. Qaraçuxur qəsəbəsi, Əhməd Hacıyev küçəsindəki dülgər sexində işləyən 29 yaşlı Şəhla İmanova əl qabiliyyəti, ağır zəhməti ilə heç bir kişi dülgərdən geri qalmır. Şəhla xanım gərgin zəhmət, iş şəraiti tələb edən sənətləri hələ uşaq yaşlarından sevib. Öz həyatı, gündəlik fəaliyyəti, əsasən kişilər üçün xarakterik olan dülgər sənətinə gəlişi barədə Publika.az-a danışan Şəhla İmanova günümüzün qadın qəhrəmanlarından biridir:

“Kişi sənətindən çox xoşum gəlir”

Onun bu sənətə gəlişi tədricən baş verib: “1986-cı ildə Biləsuvar rayonunun Əsgərabad kəndində dünyaya gəlmişəm. Uzun müddət orda yaşadım və uşaqlığım kəndimizdə keçdi. Atam müəllimdir, amma həm də ustalıq edir. Həmin vaxt dördüncü sinifdə oxuyurdum. Dəzgahın arxasında işləyən atamın əlinə baxıb bu sənətin sirlərini öyrənməyə başladım. O, evimizin qapılarını, pəncərələrini düzəldəndə bunu xüsusi maraqla izləyirdim. Beləcə tədricən bu sənətin dərinliklərinə bələd oldum. Artıq 16 yaşımda usta kimi çalışırdım. Bir müddət həyətimizdəki sexdə işlədim. Sonralar Bakıya köçdük və işimi burada davam etdirməyə qərar verdim”.

Onlar ailədə iki bacı, iki qardaş olsalar da, özünün dediyi kimi qardaşları və bacısı dülgərliklə məşğul olmur: “Atam indi də Biləsuvarda müəllimlik edir, həm də dülgərliklə məşğul olur. Bibilərimdən ikisi Biləsuvar rayonundakı həyətyanı ev sahələrində dülgərliklə məşğul olub halal çörək pulu qazanırlar. Onların həyat yoldaşları da dülgərdir”.

Hal-hazırda Binəqədi rayonu, 7-ci mikrorayonda yaşayan müsahibim 8-9 il olar ki, sexdə işləyir: “Ailəliyəm, iki övladım – bir oğlum, bir qızım var, hər ikisi orta məktəbdə təhsil alır. İstəyirəm qızım da, oğlum da böyüyəndə polis olsunlar. Həyat yoldaşım da ustadır, dəmir sexində işləyir, armatur düzəldir. O, heç vaxt mənim dülgər işləməyimə narazılıq etməyib”.

Sənətinə qəlbən bağlı olan qəhrəmanım bütün günü yorulmadan çalışır: “Dülgərlik mənimçün çətin deyil. İşə səhər saat 9-da başlayıram və gecə saat 12-yə qədər davam edirəm”.

“...dəfələrlə barmaqlarımı yüngül zədələmişəm”

Onun əl qabiliyyətinə yaxından bələd olandan sonra qeyri-adi bacarığına heyranlığını gizlədə bilmirsən: “Sexdəki qapıların, pəncərələrin, stol-stulların, şkafların hamısını özüm düzəltmişəm. Ev qapılarını şam, fıstıq, şabalıd, qoz, göyüş ağaclarından hazırlayırıq. Sonra yonulur, səthi hamar formaya salınır və rənglənir. Bütün bunları özüm edirəm. Əvvəlcə qapıların, pəncərələrinin diametrini ölçür, lazım olan şüşələri həmin ölçüdə kəsirəm. Şüşə kəsməyi, qapıları rəngləməyi, hətta laklamağı da çoxdan öyrənmişəm. Qapıların rəngini müştərilər seçir. Yeri gəlmişkən deyim ki, bundan ötrü avtomobil rənglərindən də istifadə edirəm. İllər öncə dülgərlik kimi ağır sənəti seçməyimdən peşman deyiləm”.

Düzdür, qışda da, yayda da fəsillərlə bağlı çətinliklər olur. Amma soyuğa da, istiyə də sinə gərir: “Şükür Allaha, sifarişlərim çoxdur, müştərilər əl qabiliyyətimi bəyənir deyə, aylıq gəlirim normaldır. Müştərilər gəlib kataloqa baxırlar, bəyəndikləri modelləri sifariş verirlər”.

Şəhla İmanova deyir ki, dülgərlik ehtiyatlılığı sevən sənətdir. Kiçik ehtiyatsızlıq xoşagəlməz hallara səbəb ola bilər: “Əgər diqqətli olmasan, əllərini, barmaqlarını itirərsən. Həmişə ehtiyatlı olduğumdan əllərimi, barmaqlarmı qoruya bilmişəm. Lakin uşaq olanda, xüsusən də bu sənəti yenicə öyrənməyə başlayanda dəfələrlə barmaqlarımı yüngül zədələyirdim. Hətta bir dəfə yıxılmışam da...”

Onun sözlərinə görə, aylıq gəlirləri işlədiyi obyektin xərclərini ödəməyə imkan verir: “Sexi icarəyə götürmüşəm. Dəzgahları, cihazları, alətləri öz hesabıma almışam. Rəng vurmaq üçün lazım olan 25 litrlik kompressorlardan birini özümlə obyektə aparıram. Qiymətləri 1500-3000 arasında dəyişən 3 yonma dəzgahı da öz hesabıma almışam. Habelə sexə lazım olan əmək alətlərini də.

Qapılar ağır olsa da, özüm qaldırıram. Çünki buna öyrəşmişəm. Açığı, müştərilər arasında çətin xasiyyətliləri, ağır xarakterliləri də olur. Elələri var, sifarişi verirlər, amma sonra qərarlarını dəyişirlər. Sonuncu dəfə belə hal 4-5 gün bundan əvvəl yaşandı”.

“Müştərilərim arasında Azərbaycanın tanınmış şəxsləri də var”

Müştərilərim işimdən razı qaldıqları üçün öz dost-tanışlarını da mənə ünvanlayırlar: “Müştərilərim arasında Azərbaycanın tanınmış şəxsləri, məmurları, ictimai xadimləri də var. Elə bu yaxınlarda tanınmış şəxslərdən birinin bağ evinin qapılarını hazırlayıb təhvil verdim.

Ən çox sifariş edilən qapılar türk qapılarıdır. Lakin bu formalı qapılarla yanaşı, digər formalı qapılar da sifariş edilir. Ən ucuz qapı 100 manata başa gəlir. Quraşdırılma da bu qiymətə daxildir. Belə qapılar şam ağacından hazırlanır. Qapıların qiymətləri keyfiyyətinə və görünüşünə görə dəyişir, hətta 1500 manata çatır.

Bir sıra hallarda sifarişçidən behi əvvəldən alıram. Ay ərzində 25-30 qapı düzəldib təhvil verirəm”.

Qapıların ağırlığı onların düzəldildiyi ağacların tərkibindən asılıdır. Elə qapı var, çəkisi 70-80 kiloqramdan çoxdur. Bəzi qapılar isə 40-50 kiloqramdır. Ağır qapıları qaldırıb daşımağa öyrəşmişəm”.

Qeyd edək ki, Şəhla xanım elə bizimlə danışa-danışa çəkisi 50 kiloqramdan çox olan qapıları təkbaşına götürüb sexdən çölə çıxarırdı.

Anar Tağıyev,

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm