• USD 1,8311 +1,45% EUR 1,9483 +0,93%
    • GBP 2,2482 +0,95% RUB 0,0308 +1,30%

Azərbaycanda su qıtlığı yarana bilər?

Azərbaycanda su qıtlığı yarana bilər?

İyul ayının 1-dən bu günə qədər Kür çayının Qıraq Kəsəmən məntəqəsində 27, Araz çayında 20 sm, Qanıq çayında 28 sm azalma müşahidə edilib. Kiçik Qafqazın ərazisinə axan çaylarda 2-8 sm azalma müşahidə olunub. Lakin bu azalma ötən ilki kimi quraqlıq olacağını deməyə əsas vermir.

Bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, respublika ərazisindəki çaylarda gursululuq dövründə səviyyə ötən illə müqayisədə çox olub.

“Bu il qış fəslində dağlıq ərazilərdə toplanan qar ehtiyatları və yağıntılar ötən illə müqayisədə çox olub. Çayların suyunun azalması son günlər havaların yağıntısız və isti keçməsi ilə əlaqədardır. İyul və avqust aylarına olan proqnoza əsasən, temperaturun iqlim normasından 1-2 dərəcə yüksək olması gözlənilir. Bu aylar ölkə ərazisində ən isti günlər müşahidə ediləcək. Ayrı-ayrı günlərdə gözlənilən yağışlarla əlaqədar çaylarda sululuğun artması ehtimal edilir. İyul, avqust aylarında çaylarda sululuğun normadan aşağı olması gözlənilir”.

A.Verdiyev çaylarda suyun azalmasının ötən il kənd təsərrüfatına yaratdığı problemin bu il də qədər aktual olmasına da aydınlıq gətirdi:

“Ötən il quraqlıq olmasının əsas səbəbi yağış suyu ilə qidalanan çayların quruması ilə əlaqədar idi. Yağış suyu ilə qidalanan çaylarda hər il yay aylarında quruma müşahidə edilir. Bu il də həmin çayların quruması istisna edilmir. Həmçinin Balakən, Şəki, Daşkəsən, Gədəbəy rayonları ərazisində axan bolsulu çaylarda, Kür, Araz çaylarında da sululuğun normadan aşağı olması gözlənilir. Birmənalı olaraq quraqlıq olacağını demək olmaz, ayrı-ayrı günlərdə yağan yağışlar bolsulu çaylarda suyun səviyyəsini artıracaq”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR