Bakıda alimlərin beynəlxalq konfransı keçirilir – FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda alimlərin beynəlxalq konfransı keçirilir – FOTO

Prezident yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə Bakı şəhərində “Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” beynəlxalq konfransı işə başlayıb.

Publika.az-ın məlumatına görə, iyulun 8-dək davam edəcək konfransın bir günü AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında baş tutacaq.

Beynəlxalq konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan dünya miqyasında tanınmış alimlər dəvətli məruzəçilər qismində iştirak edir.

Konfransda Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də öz tədqiqatlarının nəticələrini məruzə edəcəklər. Nəzərdə tutulub ki, azərbaycanlı və xarici alimlər arasında təmaslar əməkdaşlıq əlaqələri qurmağa, birgə tədqiqatlar aparmağa, xüsusilə, gənc kadr hazırlığına zəmin yaradacaq. Nəzərə almaq lazımdır ki, astronomiya sahəsində kadr hazırlığı uzun sürən və mərhələli prosesdir və bu iş daim elmi tədqiqatlara paralel olaraq aparılmalıdır.

Konfransda Günəşin daxili qatlarını xüsusi nəzəri və eksperimental yollarla tədqiq edən modern elm sahəsi – helioseysmologiya, astroseysmologiya üzrə bir sıra mühüm məruzələr dinləniləcək.

Günəşdə rəqslər və dalğalar, Günəşin yerüstü və kosmik üsullarla eksperimental tədqiqi, Günəş fəallığı, Günəş plazması, Günəş alışmaları, Günəş neytrino problemi, Günəş küləyi, Günəşin maqnit sahəsi və s. üzrə çıxışlar müzakirə ediləcək. Bir neçə məruzə Günəş və kosmik şüalar fəallığının Yer üzərində iqlimin formalaşmasına, həmçinin texnoloji sistemlərə və insan sağlamlığına təsirinə həsr olunacaq.

Konfrans materiallarının rəydən keçdikdən sonra nəfis kitab şəklində çapı planlaşdırılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm