• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

FHN-dən xəbərdarlıq: Azyaşlı uşaqları nəzarətsiz qoymayın - TƏHLÜKƏ

FHN-dən xəbərdarlıq: Azyaşlı uşaqları nəzarətsiz qoymayın - TƏHLÜKƏ

“Bu il ərzində çimərlik və qadağan olunmuş ərazilərdə 76 nəfər boğulmaqdan xilas edilib. Onların 62-si mövsüm başlayandan bu günə kimi qeydə alınıb”.

Bu barədə Publika.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev deyib.

Onun sözlərinə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicilərinin fəaliyyət göstərdiyi çimərliklərdə suda boğulma hadisəsi qeydə alınmayıb.

“Xilas olunanların əksəriyyəti qeyri-çimərlik ərazilərində baş verib. Sularda təhlükə ilə üzləşənlər əsasən qadağan olunmuş ərazilərdən istifadə edilənlərdir. Bu hadisələr yalnız Xəzər dənizində deyil, respublika ərazisindəki çay, kanal və göllərdə qeydə alınıb. Xüsusən də, məktəblər yay tətilinə çıxandan sonra ərazisindən çay keçən rayon və kəndlərin uşaqları günün əsas hissəsini çay, göl kənarında keçirirlər. Hadisələr də məhz bu ərazilərdə baş verir”.

M.Piriyev bu məsələdə icra hakimiyyətləri və bələdiyyələrinin məsuliyyət daşıdığını bildirdi: “Baş verən hadisələri nəzərə alaraq 20-yə yaxın rayonda çay, göl kənarlarında monitorinq aparmışıq, nəticələrlə əlaqədar olaraq Rayon İcra Hakimiyyətləri ilə birlikdə müşavirələr keçirmişik. Əsas məqsədimiz budur ki, hadisə baş verənə qədər qabaqlayıcı tədbirlər görülsün. Çünki maarifləndirici tədbirlər hadisələrin sayı kifayət qədər azala bilər. Yerli bələdiyyə, polis və icra nümayəndələri çay, göl yaxınlığında profilaktik tədbir görməlidirlər. Məsələn, Şəmkir rayon Çinarlı kəndindən keçən Şəmkirçayda hər il 1-2 uşaq batır. Bu məsələ yerli qurumları narahat etməli, önləyici tədbirlər görülməlidir. Sahə müvəkkilləri günü müxtəlif saatlarında həmin çay, göl ərazisində olub, vəziyyəti nəzarətdə saxlamalıdır. FHN əməkdaşlarının Xəzər dənizi, bütün çay və göllərin kənarında düzülməsi real deyil. İcra Hakimiyyəti əsasnamələrində də su hövzələri ilə bağlı hansı tədbirlər görmələri göstərilib. İcra hakimiyyətləri, bələdiyyələr bu məsələdə diqqətli olmalıdırlar. Xüsusən də, hər hansı kənddə hər il bir uşaq çayda boğulursa, növbəti il bunun qarşısını almaq üçün tədbirlər görməlidirlər. FHN-in xilasediciləri məlumat verilən kimi dərhal əraziyə gedib xilas edirlər. Lakin hadisə baş verənə qədər iş görülməlidir”.

M.Piriyev havanın küləkli olduğunu günlərdə insanlara dənizdə çimməyin təhlükəli olduğunu bildirdi: “Bununla bağlı xəbərdarlıq edici nişanlar quraşdırılsa da, insanlar buna çox vaxt əməl etmir. Ümumiyyətlə, küləkli havada dənizə girmək həm də xilasedicilər üçün təhlükəlidir. Çünki ən professional üzənlər üçün təhlükəlidir. Küləkli hava sualtı axın, dalğaların hərəkətinə təsir edir”.

M.Piriyev qrup şəklində gələnlər və içkili insanların ən çox xilasedicilərin işini çətinləşdirdiyini dedi: “Çimərliklər davranış qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Biz də həmin qaydalar əsasında işləyirik. Lakin ən çox spirtli içki qəbul edənlər və məktəb yaşlı uşaqlar işimizi çətinləşdirir. Məktəb yaşlı uşaqlar qrup şəklində gəlirlər, onlara edilən xəbərdarlığa qeyri-ciddi yanaşırlar. Onlara geniş izahat verəndən sonra razılaşırlar. Spirtli içki qəbul edənləri yola gətirmək çətin olur, bu zaman da ərazidəki polisin xidmətindən istifadə edirik. Çimərlik əraziləri qanunsuz olaraq hasarlanır, ərazidə spirtli içkilər satılır, icra hakimiyyətləri bu məsələyə nəzarəti artırmalıdır”.

M.Piriyev qadağan olunmuş su hövzələrinə girməmək üçün əhaliyə xəbərdarlıq edib: “Yaxınlıqda çay, göl, kanal varsa, azyaşlı uşaqları nəzarətsiz qoymasınlar. Çimərliyə gələrkən ərazidə quraşdırılan lövhələrə əməl etsinlər, necə davranmalı olduqları barədə xilasedicilərdən məlumat alsınlar”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR