ƏN KÜSKÜN ZODİAK İŞARƏSİ
Bizi izləyin

Qoroskop

ƏN KÜSKÜN ZODİAK İŞARƏSİ

Yanvarın 20-də səhər saat 07:49-da Sutökən bürcü başlayacaq

Yanvarın 20-də səhər saat 07:49-da Sutökən bürcü başlayacaq

Özündən əvvəl gələn Oğlaq bürcündən kəskin surətdə fərqlənən Sutökən ictimai həyatda, eləcə də insanların taleyində mühüm rol oynayır. Klassik Şərq astrologiyasında bu bürc altında doğulan adamları yüksək qiymətləndirir, onları mələk xislətli adlandırırdılar. Qədim Babilistanda isə bu Zodiakın hakim olduğu dövrü müqəddəs ərəfə hesab edir, onun gəlişinə dualar oxuyurdular.

Oğlaq bürcünün hökmranlığı dövründə cəmiyyətdə gedən proseslər gərginləşir, o cümlədən qanlı hadisələr də istisna olunmur. Göy qübbəsinə daxil olan Sutökən bürcünün 30 günlük "ömründə" isə hər şey müsbət məcraya yönəlir. Belə ki, deyilən ərəfədə haqsızlığa qarşı genişmiqyaslı mübarizə, əzilənlərin oyanışı, müəmmalı qətllərin aşkarlanması özünü büruzə verir. Düzdür, deyilən dövrdə də qan tökülməsi istisna olunmur, amma bu qan heç də səbəbsiz və nəticəsiz yerə axıdılmır.

Elmi kəşflərə, xeyir işlərlə əlaqədar danışıqların aparılmasına, uzunmüddətli haqsızlığa son qoyulmasına zəmin yaradan Sutökən dövrü Xeyirlə Şərin bir araya gəlməsinə mane olur, onların arasında kəskin sədd yaradır.

Ulduzlar sistemində 11-ci yeri tutan bu Zodiak əsasən yanvarın 21-dən fevralın 19-na qədər olan dövrü (30 gün) əhatə edir. Ünsürü hava, planetləri Saturn və Uran, düşərli günü şənbə, ağır günü bazar, xoşbəxt rəqəmi 9, astroloji rəngi mavi və çəhrayı, bəzək əşyası isə ametistdir.

Sutökən digər bürclərə nisbətən Göy sferasında daha böyük sahəni tutur. Belə ki, onu əmələ gətirən ulduzlar Göy qübbəsinin 980 kvadrat dərəcəlik sahəsində yerləşir. O, ulduzlar sisteminin Cənub yarımkürəsini tamamilə əhatə edir. Adi gözlə görünən 90 ulduz və əsrarəngiz planetar dumanlıq da məhz bu bürcün bəxtinə düşür. Yeri gəlmişkən, həmin dumanlıqdan "İlbiz" adlananı Göy qübbəsində ən parlaq və böyük dumanlıqdır. Onun temperaturu 130 min dərəcəyə çatır. Qəribə də olsa, Sutökən bürcündə cəmi bir parlaq ulduz var ki, onu da "Səadəl-məlik" ("Hökmdarın səadəti") adlandırırlar.

Sutökənin səmadakı təsvir pozası da çox maraqlıdır. Həmin rəsmdə bu bürcün yerləşdiyi cədvəli tamamilə göstərə bilməsək də, bəzi məqamları nəzərinizə çatdırırıq: Oğlağın "zərbəsindən" səndələyən adam əlində tutduğu dolçadakı suyu yerə tökür. Qarşısında iki balıq olsa da (Balıqlar bürcü), həmin su xeyli məsafəni axıb Cənub Balığı bürcünün "ağzına" tökülür. Göy qübbəsinin tam təsvirində bu, açıq-aydın görünür.

O ki qaldı planetlərə, ilk əvvəl qeyd edək ki, Sutökənin "gecə evi" olan Saturn astronomik sırada 5-ci yeri tutur. Onu eyniadlı Roma allahının şərəfinə belə adlandırıblar. Astrologiyanın yarandığı ilk dövrlərdə bu planeti yeraltı aləmin hakimi hesab edir, onun himayəsinə daxil olan adamlara qazıntıda, şaxtada (indi yəqin ki, metro da bu sıraya aiddir - S.R.) işləməyi məsləhət görürdülər. Antik dövrün astroloqları Saturnu "Qəmli xatirələr planeti" (bəzi mənbələrdə "Böyük bədbəxtlik planeti") adlandırırdılar. Onun radiusu 60100 km, elementi torpaq, tərkibi soyuqluq, xatakteri isə şöhrətpərəstlikdir.

Əgər Sutökənlərin bəxtində Uran olmasaydı, yəqin ki, onlar Oğlaqlardan o qədər də fərqlənməzdilər. Haqqında danışdığımız ikinci planet astronomik hesabla 7-ci yeri tutur. Onun kəşfi 1781-ci ilə təsadüf edir və yunan səma allahı Uranın şərəfinə belə adlanır. Onun radiusu 24500 km, elementi hava, tərkibi istilik, xarakteri hakimlikdir.

Hələ qədim babil astroloqları Sutökən bürcündə doğulanlarda ziddiyyətli xarakter olduğunu, bu adamların daxilində daima mübarizə getdiyini bildirirdilər. Yəqin bu qənaətə gəlməyə səbəb onların iki təzadlı planetə məxsus olmalarıdır. Belə ki, əgər Saturn bədbəxtlik, xəstəlik, soyuq münasibət, "əbədi" düşmənçilik təlqin edirsə, Uran əksinə, istiqanlılıq, nikbinlik, yüksək enerjili fəaliyyət yaradır.

Sutökənlərin ikili xarakteri onları daima narahat edir, bəzən əsəblərinə də səbəb olur. İradələrini toplamağı bacaranlar Saturndan "ayrılıb" Uranın "himayəsinə" daxil olur və bununla da məşhurlaşırlar. Yeri gəlmişkən, müasir astrologiyanın ən məşhur nümayəndəsi Linda Qudmen Sutökənləri "uranlılar" adlandırmaqla onları yalnız bu planetə şamil edir.

Bu bürcün sakinləri gözəl intuisiyaya malik, mütaliəni sevən və ürəyigeniş olurlar. Sutökənlərin zəngin daxili aləmi olsa da, onlar çox vaxt bunu gizlədirlər. Belə adamlar həssas olduqlarından qarşılarındakı hər kəslə asanlıqla dil tapır, dostluq edirlər. Onlara elə gəlir ki, dünya yalnız yaxşılardan ibarətdir. Amma görəndə ki düşündükləri alt-üst olur və onu incidirlər, bundan bərk sarsılırlar.

Uzun zaman azəri Sutökənlər arasında apardığımız müşahidələr bizdə bəzi qənaətlər yaratdı. Öyrəndik ki, bu Zodiakdan olan həmyerlilərimiz iki qrupa bölünürlər: sarışınlar və qarabuğdayılar. Bu qrupların müsbət cəhətləri üst-üstə düşsə də, qüsurlarında kəskin fərqlər də var. Belə ki, birincilər əsasən sadəlövh və yelbeyin olduqları kimi, ikincilər də hövsələsiz və tez ruhdan düşən olurlar.

Məhəbbət məsələlərində bu işarə altında dünyaya gələn adamları ilk söhbətdən başa düşmək olmur. Bəzən hətta onu zövqümüzə uyğun hesab etmirik. Bir müddət sonra isə o, sevimli dostumuza çevrilir. Sutökən sevgidə azadlığa və sərbəstliyə üstünlük verir. O, sevgi münasibətlərinə dostluq münasibətləri kimi baxdığı üçün ikrah doğurmur. Sutökən məhəbbət haqqında nağılların qəhrəmanıdır. Bu bürcdən olanlar öz sevgisi uğrunda həmişə mübarizə aparır. Seksual davranışlarda gözlənilməzliyi sevən bu adamlar tərəf-müqabilini asanlıqla qane edir.

Bu adamlar fövqəltəbii və dərkolunmaz bacarıqlara malikdir. Tez-tez qəribə yuxular görür və gördüklərini çox gözəl şərh edirlər. Sutökənlər güclü öncəgörməyə malikdirlər. Onların bilik və hissləri, duyum və intuisiyaları həqiqəti söyləməyə imkan yaradır. Əksər hallardasa falabaxma ilə məşğul olurlar. Buna görə də onlar ustalıqla Taro kartları və fal kitabları ilə proqnoz verə bilirlər. Sutökənlər bədnəzərə qarşı zəifdir, lakin asanlıqla və qısa zamanda öz güclərini bərpa edə bilirlər. Onlar, ələlxüsus da kişilər bəzən energetik vampirlərə, şər qüvvələrə də çevrilirlər. Bu bürcə mənsub insanlar pis, bədniyyətli insanları xüsusilə hiss edir və belə cəmiyyətdə özlərini çox narahat hiss edirlər. Bir qayda olaraq sevgi magiyası ilə maraqlanmırlar. Sutökənləri nəyəsə məcbur etmək çox çətindir. Onlar tam azadlığı xoşlayırlar.

Sutökənlər nə qədər ki daxili potensiallarını əməli fəaliyyətə tətbiq edə bilmirlər, həmişə narahat və gücsüz görünürlər. İstəklərinə yetişəndə isə öz işlərində dahiliyə qədər yüksəlirlər. Bu bürcün sakinləri nadir hallarda qibtə ediləcək var-dövlət sahibi olurlar. Bütün bunlara baxmayaraq, Sutökənlərin bir əli kimsəsizlərin üstündə olur. Onlar axırıncı tikəsini belə, ehtiyac sahibləri ilə bölüşürlər. Ətrafdakılar bu amili bəzən "avamlıq" və ya "öz xeyrini bilməyən" adlandırırlar. Lakin Sutökənlər bunu bilə-bilə yenə də öz xeyirxah əməllərindən əl çəkmirlər.

Müqəddəs Avestada insanlara tövsiyə olunan Xeyirxah Fikir, Xeyirxah Söz və Xeyirxah Əməl prinsipinə ən çox riayət edənlər də məhz haqqında danışdığımız bürcün sakinləridir. Bu səbəbdən də klassik ərəb astrologiyasında Sutökənlərin yalnız Ağ Dünyaya (Cənnətə) getdiyi bildirilir. Çünki onların günahları savablarından qat-qat azdır. Bu bürcün ürəyağrıdan keyfiyyətləri də olmamış deyil. Belə ki, 12 Zodiak işarəsi arasında ən bədbin və ruhdan tez düşəni də məhz haqqında danışdığımız adamlardır. ABŞ mütəxəssislərinin fikrincə, şəxsi taleyindəki uğursuzluğa və intiharlara görə Sutökənlər birinci yeri tutur.

Konfliktlər, qətllər, müharibə və ayrılıqlar bu bürcün nümayəndələrini sarsıdır. Özlərinə qarşı törədilən haqsızlıqlar, şəxsi taleyinə, sevgisinə qərəzli müdaxilələr onların qəlbini yaralayır. Necə ki Alan Leu deyir: "Sutökənlər yaşamaqda olduğumuz qan və çirkab dolu dünyamız üçün deyillər. Bu bürcdən olanları Yerdən ayırıb başqa bir planetə toplamaq və oranı "Ədalət planeti" adlandırmaq lazımdır. Biz onları heç vaxt başa düşə bilməyəcəyik. Çünki Sutökənlərin bugünkü fikir və ideyalarını bəşər övladı hələ 50 il sonra düşünəcək".

Bu bürcdən olanların həssaslığını və yüksək intuisiyasını nəzərə alan astroloqlar məsləhət görürdülər ki, onlar psixoloq, astroloq, həkim, ekstrasens və ya din xadimi işləsinlər. Müasir astrologiya isə Sutökənlərdən daha çox idmançı, sürücü, ferma işçisi, eləcə də siyasətçi çıxdığını düzgün hesab edir. Milli Sutökənlərimizə gəlincə, onlar daha çox evdarlıqla, təbabətlə, incəsənətlə, elm və digər mühüm işlərlə məşğul olurlar.

Səbuhi RƏHİMLİ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm