• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Keçi zodiak illərinə nələr vəd edir? - 2015-ci ilin PROQNOZU

  • Qoroskop
  • 27 Dekabr 2014 12:48
  • 5 964 Baxış
Keçi zodiak illərinə nələr vəd edir? - 2015-ci ilin PROQNOZU

SİÇOVUL (SİÇAN)

Bu adamlar üçün 2015-ci il bir qədər narahat keçəcək. Onlar ən böyük ideyalarını məhz bu ərəfədə reallaşdırmaq istədikləri üçün maneə və çətinlikləri çox olacaq. Bunun üçün onlar mütləq təcrübəli insanların köməyindən istifadə etməli, reallığa obyektiv qiymət verməlidirlər. Siçovul ilində doğulanlar ilin birinci yarısında iki istiqamətdə ciddi rəqiblə baş-başa qalacaqlar. Lakin özlərini tənzimləyə bilməsələr, bu rəqabət sonda düşmənçiliyə və münaqişələrə də gətirib çıxara bilər. Hər halda, ilk altı ayı təmkinlə başa vurmaq lazım gələcək.

İkinci yarım ildə isə Siçovullar üçün yeni qapılar açılacaq və onlar nəzərdə tutduqları planların müəyyən hissəsini həyata keçirə biləcəklər. Onların karyerada böyük uğurlar əldə edəcəyi inandırıcı görünməsə də, maliyyə problemləri müəyyən qədər öz həllini tapacaq. Ətrafında yeni dostların artmasından fərəhlənən bu adamlar qısa vaxtda onların çoxuna inamını itirəcək.

Ümumiyyətlə, 2015-ci ildə bəhs etdiyimiz şəxslərin ovqatı istənilən səviyyədə olmayacaq. Nə əməlli-başlı istirahət edəcəklər, nə də nəzərdə tutduqlarını tam şəkildə həyata keçirəcəklər. Amma faciə və fəlakətlərdən, xəstəlik və pulsuzluqdan uzaq olduqları üçün Ulu Tanrıya şükür etməyi unutmamalıdırlar. Ailə-sevgi münasibətləri də normal müstəvidə inkişaf edəcək.

ÖKÜZ

2014-ci ildən narazı ayrılan Öküz Keçinin gəlişinə əzmkarlıqla hazırlaşacaq. Bu qism adamların təmkinli davranışı, hadisələrə soyuq baxış nümayiş etdirməsi il boyu onlara müəyyən köməklik edəcək. Lakin ətraflarında olan adamlarla hesablaşmamaları nəticədə özlərinə çoxsaylı problemlər yaradacaq. Öküzlər il başlayan kimi paralel olaraq bir neçə işin icrasına başlayacaq, hətta yaz aylarına qədər uğurlu nəticələr əldə edəcəklər. Buna baxmayaraq, onlar öz öhdəliklərinə layiqincə əməl edə bilməyəcəklər. Sonra isə qısamüddətli durğunluq dövrü başlayacaq. Belə məqamlarda Öküzlərin kənar dəstəyə böyük ehtiyacı yaranacaq. Bəs dəstək olacaqmı? Əlbəttə ki, bu, onların zövq və həvəslərindən, atacaqları addımdan asılı olacaq.

Ümumi götürsək, 2015-ci il bu adamlar üçün narahat əhval-ruhiyyə yaradacaq. Dostluqda uğursuzluq, karyerada lazımi pillənin fəth edilməməsi, büdcədən narazılıq onların ovqatına mənfi təsir göstərəcək. Buna baxmayaraq, subayların ailə qurmaq şansı daha da artacaq. Üstəlik, neçə ildən bəri yığılıb qalmış daxili gərginlikləri istirahətlər hesabına aradan qalxacaq. Payız aylarında isə bir qədər müalicə-profilaktik tədbirləri həyata keçirməyə ehtiyac olacaq.

PƏLƏNG

Ötən ili yüksək ovqatla başa vuran bu şəxslər əgər "müvəffəqiyyətdən başgicəllənməsi"nə mübtəla olublarsa, Keçinin ilk aylarında çətin məqamlarla rastlaşacaqlar. Hətta ola bilsin ki, qazandıqları nailiyyətlərin bünövrəsi də laxlasın. Əlbəttə ki, bu kimi hallarla rastlaşmamaq üçün əzmkarlığı azaltmamalı, qarşıya qoyulan bütün öhdəliklərə qətiyyətlə nail olmaq lazımdır. Əgər çevik Pələnglər dediyimiz tövsiyələrə əməl edə bilsələr, yaz aylarından etibarən ömürlərinin daha parlaq anlarını yaşayacaqlar.

2015 həm də Pələnglərin özünüdərk ili kimi yadda qalacaq. Onlar zəmanənin nəbzini tutacaq, insanların daxilini daha dərindən duyacaq, üstəlik, təhlükə və xoş məqamları əvvəlcədən hiss edəcəklər. Bu istiqamətdə ibadət etmək, Tanrıya daha yaxın olmaq ilk növbədə vacib şərtdir.

Keçi ilinin himayəsində bu adamlar maraqlı səyahətlər edəcək, yeni dostlar qazanacaq, üstəlik, karyerada ciddi nüfuz əldə edəcəklər. Subay Pələnglərin evlənmə dövrü də bu ərəfəyə düşəcək. Bir sözlə, bu il bəy və ya gəlin masasında daha çox məhz bu qrupun nümayəndələrini görəcəyik.

Payız aylarında müalicəyə ehtiyac duyan Pələnglər gərək vaxtında özlərinə çarə qılsınlar. Əks təqdirdə, yağışlı-küləkli həftələri xəstəxanada keçirəcəklər. Pulla bağlı məsələlərə gəlincə, 2015 onlar üçün səmərəli il olacaq.

PİŞİK (DOVŞAN)

2015-ci ilin elə ilk aylarındaca bu insanlar çoxsaylı sürprizlərlə qarşılaşacaqlar. Hətta bəzən elə olacaq ki, eyni vaxtda bir neçə sevindirici hadisənin şahidi və ya iştirakçısı olacaqlar. Bu isə onların qəlbini riqqətə gətirəcək və Keçinin gəlişindən məmnun olacaqlar. Amma yaz aylarında Pişiklər böyük bir maneə ilə rastlaşacaqlar ki, bunun da öhdəsindən təkbaşına gələ bilməyəcəklər. Onlar daha çox dost xəyanətindən sarsılacaqlar. Uzun müddət səmimi davranış gördüyü insanların bəd xislətini müşahidə edən Pişiklər yayın sonlarına qədər məyusluq hissi keçirəcəklər. Lakin buna ehtiyac yoxdur. Çünki həyat davam edir və insanın çiy süd əmdiyi, günahsız olmadığı əzəldən bəllidir. Bunun əvəzinə mübarizlikdən dönməməli, yeni dostluq tellərini yaratmaq lazımdır.

Barəsində danışdığımız adamlar üçün ən uğurlu ərəfə ilin ikinci yarısına təsadüf edəcək. Belə ki, onlar taleyində köklü dəyişiklik və müsbət dönüş təxminən yayın ortalarından start götürəcək. Yeni işlərə başlamaq, daşınmaz əmlak sahibi olmaq və toya hazırlaşmaq bu adamlar üçün asanlaşacaq. Onlar üçün ilin başlıca vəzifəsi bədbinlikdən uzaq olmaq, gələcəyə ümidlə baxmaq olmalıdır. Yalnız bu halda ili xoşbəxt şəraitdə başa vurmaq mümkündür. Belə olsa, Pişiklər kasıblığın nə olduğunu da bilməyəcəklər. Ötən illə müqayisədə bu il səhhətlə bağlı ciddi problemlər də gözlənilmir.

ƏJDAHA

Göstəricilərə inansaq, 2014-ci il bu şəxslər üçün kifayət qədər mürəkkəb və sınaqlarla zəngin keçib. Ona görə də mövcud problemlərin həlli üçün Keçinin gəlişinə ümid bəsləməyə dəyər. Bir amili də unutmaq olmaz ki, bu il Əjdahaların durumu daha çox öz seçimlərindən asılı olacaq. Əgər həlledici məqamlarda yenə də bilərəkdən (nadir hallarda bilməyərəkdən - S.R.) qeyri-obyektiv qərar çıxarsalar, ilin sonuna qədər böyük-böyük ideyaları həyata keçməmiş qalacaq. Odur ki, reallığa düzgün qiymət vermək onlar üçün əsas şərt olmalıdır.

Qarşılıqlı münasibətlərdə yenilik həvəskarı olan Əjdahalar bu il də çoxlu dost-tanış qazanacaqlar. Ailə-sevgi məsələlərində vəziyyət isə yalnız yaz və payız aylarında qənaətbəxş olacaq. Evlənmək üçün ən uğurlu il də məhz bu ərəfəyə təsadüf edəcək. Odur ki, il başlayan kimi hazırlaşmağa dəyər. Səhhətə gəlincə, Əjdahalar özlərini daha çox iqlimin qəfil dəyişdiyi günlərdə qorumalıdırlar. Çünki qeyri-sabit hava onlara pis təsir edir.

Barəsində danışdığımız şəxslər - əgər aktiv fəaliyyətə həvəslidirlərsə - pulsuz qalmayacaqlar. Ötən ilə nisbətən bu il şəxsi büdcə onları qane edəcək. Hətta əzmkarlığı artırsalar, onlar karyerada böyük uğurlara yiyələnəcəklər. Konkret desək, bu adamlar "ağa ağ, qaraya qara" desələr, il boyu yüksək ovqatla yaşayacaqlar.

İLAN

Bir qayda olaraq Keçi ili İlanlar üçün sakit tərzdə cərəyan edir. Bu səbəbdən də barəsində danışdığımız insanların hansısa faciə və ya sarsıdıcı uğursuzluqla üzləşəcəyi ağlabatan deyil. Düzdür, ilin əvvəli, xüsusən də ilk üç ayı dözülməz çətinliklə keçəcək, lakin ətrafdakı dost-tanışlar sayəsində onlar yaranmış problemlərin öhdəsindən gələ biləcəklər.

2015-ci ildə bu adamların başlıca vəzifəsi yaradıcı işlərə aludə olmaq, istirahəti təmin etmək və cəmiyyətdə hökm sürən proseslərə yalnız müşahidəçi gözü ilə baxmaq olmalıdır. Əgər onlar ətraflarının şüurunda hansısa dəyişiklik etmək fikrinə düşsələr, mütləq uğursuzluqla rastlaşacaqlar. Hətta onların şərə düşmə, çirkin oyunlara cəlbolunma ehtimalları da var. Əxlaqsız adamlarla tez-tez üzləşən İlanlar mütləq öz müdriklikləri ilə qurtuluş yolu aramalıdırlar. Yaxşı olar ki, münasibət məsələlərində ailə-sevgi amili daha da qabardılsın.

Yay ayları istisna olunmaqla, bu il İlanların maddi durumu qənaətbəxş olacaq. Bu amil onların çoxdan bəri həyata keçməyən bəzi planlarının reallaşmasına təkan verəcək. Fəaliyyətdə isə çoxsaylı yeniliklər, o cümlədən populyarlıq gözlənilir. Keçi ili bu şəxsləri çoxsaylı səyahətlərlə təmin etməklə bahəm, sağlamlıqlarının da keşiyində duracaq.

AT

Təcrübə göstərir ki, Keçi illəri bu qrupa mənsub olanlara bir qayda olaraq xoşbəxtlik vəd edir. Deməli, ruhdan düşmək, "onsuz da yenə alınmayacaq" deməyə tələsmək lazım deyil. Çünki ilk aylardan əksər sahələrdə proseslər elə həddə çatacaq ki, bundan yalnız fərəhlənmək olar. Yeni iş təklifləri, maraqlı insanlarla görüşlər Atların həyata baxışını köklü surətdə dəyişəcək. Onlar başa düşəcək ki, ötən Zodiak dövrünü - Keçidən Keçiyə qədər olan 12 illik tsikli sən demə, daha çox mənasız və əbəs yerə ötürüblər. Bu fəlsəfi düşüncələr Atların daha aktiv fəaliyyətə başlamasına zəmin yaradacaq. Artıq bu adamlar gedəcəklərin yolun konturlarını müəyyən edəcəklər və elə bu zaman (yaz aylarında) qarşılarına çıxan çoxsaylı rəqiblərini görəcəklər. Həmin ərəfədə geri çəkilməyə və ya tərəddüd etməyə lüzum yoxdur. Əksinə, riks edib "dördnala çapmaq" və rəqibə qarşı "kişnəmək" lazımdır. Yalnız bu halda qələbəyə yaxınlaşmaq olar.

Barəsində danışdığımız şəxslər payıza doğru sabit ərəfə ilə rastlaşacaqlar. Artıq üzüntülü anların geridə qalmasından şad olacaqlar. Amma əsəbi situasiyalar iz qoyduğundan mütləq ciddi istirahət etmək, müalicə olunmaq lazım gələcək. Keçinin hakimiyyəti ərəfəsində Atlar əsl rahatlığı məhəbbət amilində tapacaqlar. Bütün umu-küsüləri bir tərəfə atıb yeni mərhələyə, firavan məqamlara yetişmək onların başlıca vəzifəsinə çevrilməlidir. Ötən üç illə müqayisədə bu il Atların maddi vəziyyəti xeyli yaxşılaşacaq.

KEÇİ (QOYUN)

Geniş şərh etməyə ehtiyac yoxdur ki, hər kəsin öz ili özünə düşür və başqa dövrlərlə müqayisədə şansları daha çox olur. Bu səbəbdən də Keçilər özləri haqqında yazılmış bu proqnozlardan maksimum yararlanmalıdırlar. Göstəricilərə inansaq, bu adamlar üçün ilin ilk yarısı dərketmə ərəfəsi kimi yadda qalacaq, sonrakı dövrsə aktiv fəaliyyət müddəti olacaq. Belə ki, onlar yayın ortalarına qədər iştirakçısı olduqları situasiyaları təhlil edəcək, öz mövqe və müttəfiqlərini dəqiqləşdirəcək, sonrakı yarım ildə isə nəzəriyyə və planlarının həyatda tətbiqi ilə məşğul olacaqlar. Amma hər ehtimala qarşı tədbirli olmaq və dönə-dönə götür-qoy etmək də lazımdır. Çünki Keçilərin ətrafına bədxah adamlar da toplaşacaq.

2015-ci ildən lazımınca istifadə edən bu şəxslər karyerada ağlagəlməz zirvələri asanlıqla fəth edəcək, paralel olaraq bir neçə fəaliyyət növü ilə məşğul olacaqlar. Yeni dostların, ağıllı həmkarların sayəsində isə qarşıya çıxan maneələri dəf etməkdə çətinlik çəkməyəcəklər. Payız toylarında şadlıq evlərini, toyxanaları Keçilərin 24 yaşlı nümayəndələri (1991-ci ildə doğulanlar) daha çox bəzəyəcək. Bu isə onların şəxsi həyatında mühüm və mənalı hadisə kimi həkk olunacaq. Fəaliyyət zəminində işlərin çox olması bu il onların istirahətini əlindən alsa da, səhhətlə bağlı hansısa problem də baş verməyəcək. Yalnız qış aylarında azacıq nasazlığa mübtəla ola bilərlər. İndiki dövrün həlledici vasitələrindən olan büdcə məsələləri isə ötən dövrlərə nisbətən Keçiləri razı sala biləcək.

MEYMUN

2015-ci il bu aralığa mənsub şəxslər üçün müəyyən qədər müəmmalı keçəcək. Belə ki, iştirakçısı olduqları proseslərdə məntiqsizlik, anlaşılmazlıq və enişli-yoxuşlu məqamlar kifayət qədər olacaq. Bu səbəbdən də ilin ilk ayları Meymunlar üçün mürəkkəb və çətin keçəcək. Yaxşı olar ki, həmin ərəfədə bütün diqqət baş verən hadisələrin analiz olunmasına yönəlsin. Təxminən Novruz bayramına qədər reallığa obyektiv qiymət verilsə, sonrakı dövrlərdən xoş olaylar gözləməyə dəyər.

Keçi, barəsində danışdığımız adamlara çoxsaylı sürprizlər də bəxş edəcək. Yazın ortalarında və yayın sonlarında onlar üçün gözlənilməz hadisələr baş verəcək ki, bundan yalnız fərəhlənmək olar. Bu sıraya nüfuzlu şəxslərlə tanışlıq, karyeraya ucalmaq da aiddir. Hətta ola bilsin ki, Meymunların yüksək dairələrlə əlaqəsi vəzifə pilləsində yüksək pillələrə yetişməyi sürətləndirsin. Şəxsi büdcəni zənginləşdirmək üçün bu ilin əhəmiyyəti böyük olacaq. Astroloji göstəricilər bu adamların təzadlı məqamlar yaşayacağını da bəyan edir. Bu paralelliksə, onlarda ümumi işlərin ləng inkişafına səbəb ola bilər. Odur ki, bir-birinə zidd olan işlərdən bacardıqca uzaq olmaq lazımdır.

Məhəbbətdə macəra və oyunları sevən Meymunlar ehtiyatlı olmağı da unutmamalıdırlar. Əks təqdirdə ayrılıq, küsüşmə və hətta izdivacın pozulması kimi hallar da baş verə bilər. Bu səbəbdən də ailə-sevgi münasibətlərinə kifayət qədər ciddi yanaşmaq lazımdır. Payız aylarında sağlıq durumunun passivləşməsindən şikayətlənən Meymunlar mütləq müayinədən keçməlidirlər.

XORUZ

Ötən 4 il ərzində ən böyük arzuları həyata keçməmiş qalan Xoruzlar yeni ildən böyük dəyişikliklər gözləyəcəklər. Amma əvvəlcə bir neçə məsələyə baxışda dəyişiklik etmək lazım gələcək. Bunun üçün "yalnız özüm haqlıyam" prinsipini, kimə gəldi, məsləhətlər verməyi, boş-boş layihələrin həllinə çalışmağı bir kənara qoymaq, təcrübəli adamların nəsihətlərindən istifadə etmək vacibdir.

Sakit həyat tərzinə uyuşmayan Xoruzlar 2015-ci ildə də macəralara həvəs göstərəcəklər. Qoçaqlıqları və cəsurluqları sayəsində müəyyən irəliləyişlərə nail olsalar da, bu macəraların acı nəticəsini də dada bilərlər. Bu il onların ən xoşagəlməz münasibətləri qohum və doğmaları ilə olacaq. Hətta hər şeyi zarafata salmaq, dərinliyə varmamaq, davranışlarda laqeydlik bu şəxsləri təhlükəyə də ata bilər. Bir sözlə, barəsində danışdığımız adamlar özlərini işə salmaqdan qorumalıdırlar. Əgər bunu bacarsalar, istər karyerada, istərsə də fəaliyyət prinsipində kifayət qədər irəliləyişə nail ola bilərlər.

Ailədə əsas diqqəti özündə cəmləşdirməyə çalışan Xoruzlar buna çətinliklə nail olacaqlar. Çünki onların baxışları heç də doğmaları ilə eyni səviyyədə olmayacaq və öz istəklərinə olsa-olsa, ilin ilk üç ayında çatacaqlar. Bu adamlar üçün ilin ən uğurlu vaxtı payız və qış ayları olacaq. Həmin ərəfədə onlar sağlamlıqlarının qayğısına qalacaq, şəxsi büdcələrini kifayət qədər artıra biləcəklər. Onların xaircə səfər etmək planı da məhz bu ərəfəyə düşür. Keçilərdən sonra ikinci ən çox ailə quranlar da məhz bu şəxslər olacaq.

İT

Yeni eranın gəlişi vəfalı İtlər üçün böyük əhəmiyyət kəsb edəcək. Hər yerdə hüquqlarının tapdanmasından, irəli gedə bilməməsindən, "ac" qalmasından şikayətlənən bu şəxslər yeni dönəmin başlanmasına böyük ümid bəsləyəcəklər. Təxminən marta qədər istədiyini əldə edə bilməyən İtlər narahat olsa da, yeni ilin düşərsiz olması barədə son qərar çıxarmağa tələsməməlidir. Ən azı ona görə ki, bütün dəyişikliklər məhz yazın gəlişi ilə başlayacaq. İlk növbədə yeni mühit və təzə müttəfiqlərlə rastlaşan bu kəslər həyata baxışlarında daha diqqətli və daha qətiyyətli olacaqlar. Ola bilsin ki, onlar tamam başqa meyllərə də istiqamətlənsinlər. Böyük biznesə başlamaq, ictimai-siyasi proseslərə qoşulmaq məhz deyilən meyllərə şamil oluna bilər.

İlin ortalarında artıq atacağı addımların konturlarını müəyyən edən İtlər, həmişə olduğu kimi, yenə də çoxsaylı rəqiblərlə rastlaşmalı olacaqlar. Amma əvvəlkilərdən fərqli olaraq, onlar mübarizə aparmaqda tərəddüd etməyəcəklər. Bu zaman kəsiyinin son və yeganə şans olduğunu düşündükləri üçün geri çəkilməyəcəklər. Tövsiyə olunur ki, hətta uğursuzluqla rastlaşsalar belə, gərək onlar bunu mətanətlə qarşılayalar və məğlubiyyət kimi qəbul etməyələr.

Payıza doğru İtlərin şəxsi həyatında böyük dönüş yaranacaq. İstər ailə-sevgi münasibətlərində, istərsə də fəaliyyət zəminində onlar istədikləri zirvəni fəth edə biləcəklər. Astroloji göstəricilər istirahət üçün bu il İtlərin az vaxtı olacağını bildirsə də, maraqlı insanlar arasında mənəvi rahatlıq tapmaqla onlar xeyli məmnun qalacaqlar. Yay ayları istisna olunmaqla, Keçi bu adamları pulsuz qoymayacaq.

QABAN (DONUZ)

Bəri başdan qeyd edək ki, bu qrupa aid insanlar 2015-ci ildən kifayət qədər razı qalacaqlar. Onların əksəriyyəti ötən Keçi ilindən (2003-cü il) yarımçıq qalmış işlərini 12 illik fasilədən sonra, nəhayət ki, başa çatdıra biləcəklər. Bu adamların ümid işığı artdığı üçün yeni ilin elə ilk ayından perspektivli işlərin icrasına başlayacaq, nəzərdə tutduqları ideyaların, demək olar ki, hamısını reallaşdıra biləcəklər.

Qarşılıqlı münasibətlərdə Qabanlar son beş illə müqayisədə heç bir münaqişə ilə üzləşməyəcək, ikibaşlı oyunlara cəlb olunmayacaqlar. Xaraktercə humanist, xeyriyyəçi olan bu şəxslər ilin böyük hissəsini sakit və rahat tərzdə başa vuracaq, yalnız yaradıcı işlərə həvəs göstərəcəklər. Düzdür, payıza yaxın sevgi amilində müəyyən fəsadlarla üzləşəcəklər, lakin onların zəngin həyat təcrübəsi və müdrikliyi bu xoşagəlməzliyin uzunmüddətli olmasına rəvac verməyəcək.

Onu da qeyd edək ki, 2015-ci ildə ən az ailə quranlar da məhz bu fəsiləyə aid adamlar olacaq. Şəxsi həyatda böyük uğurlara yiyələnən Qabanlar ətraf mühitlərində müsbət aura yaradacaq, öz həmkar və dostlarının rəğbət mərkəzində olacaqlar. Vəzifədə isə yüksək pillələrə yetişmək şansı yaranacaq, əlbəttə ki, buna həvəs göstərənlər mütləq yüksələcəklər.

Adətən büdcəsindən razı qalan bu adamlar qarşıdakı ildə də öz ənənələrinə sadiq qalacaqlar. Aprel-may aralığında qısamüddətli müayinə götürən Qabanlar il boyu səhhətlərindən narazı qalmayacaqlar. Ümumiyyətlə, Keçi barəsində danışdığımız şəxslərin ovqatını ideal həddə çatdırmağa çalışacaq.

Səbuhi Rəhimli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR