• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Keçi ilinin bürclərə təsiri - 2015-ci ilin ASTROLOJİ PROQNOZU

  • Qoroskop
  • 28 Dekabr 2014 11:23
  • 5 863 Baxış
Keçi ilinin bürclərə təsiri - 2015-ci ilin ASTROLOJİ PROQNOZU

QOÇ

İlk öncə qeyd edək ki, yanvarın ikinci yarısından başlayaraq fəaliyyət zəminində yeni və perspektivli məqamlarla rastlaşacaqsınız. Təxminən dörd ay davam edən bu proses gələcək karyeranız üçün xüsusi önəm daşıyacaq. Ola bilsin ki, hazırkı iş yerini də dəyişəsiniz. Amma bununla heç nə itirməyəcəyinizi nəzərə alıb, narahat olmayın. Hər halda, yenisi köhnədən yaxşı olacaq. Bu il vəzifə pilləsində yüksəlmə ehtimalınız da böyükdür. Aprel və may aylarında deyilən istiqamətdə gücünüzü sınayın.

2015-ci ildə daxili sabitliyinizi qorumaq, qarşıya qoyulan işlərin icrasında məsuliyyət hissinizi artırmaq, riskli pul sövdələşmələrindən uzaq olmaq ən başlıca vəzifənizə çevrilməlidir. Nəzərə alın ki, Keçi sizə yeni və sadiq dostlar yetirəcək. Bu isə prinsip etibarilə işlərinizi daha da sürətləndirəcək. Ətrafınızda baş verən hər bir situasiyaya aydın baxışla nəzər salın. Bu il qohum və doğmalarınızla aranızda yaranmış soyuqluq tədricən azalmağa başlayacaq. Kin-kidurəti bir tərəfə atıb qarşı tərəfə güzəşt edin, hətta günahkar olsalar da. Axı Tanrı da bağışlayanları sevir. Sevgi demişkən, 2015-ci il sizin üçün toy-nişanla zəngin keçəcək. Amma subaylar uğurlu məhəbbətlə az rastlaşacaqlar. Maliyyə məsələlərinə gəlincə, ulduzlar fevral-may və oktyabr-dekabr aralığından istifadə etməyi məsləhət görür. Əsəblərinizi qoruya bilsəniz, il ərzində yalnız daxili orqanlarınızda xırda nasazlıqlar müşahidə olunacaq.

BUĞA

Keçi öz gəlişi ilə həyata və insanlara baxışlarınızda köklü dəyişikliklər edəcək. Fikirlərinizdə baş qaldıran bu yenidənqurma həyatın əksər sahələrində hər şeyi sıfırdan başlamağa zəmin yaradacaq. Fevral-mart aylarında qarşılıqlı münasibətlər zəminində ciddi seçim qarşısında qalacaqsınız. Bəzi şəxslərlə ünsiyyəti tamamilə qıracaq, cüzi bir qruplasa əlaqənizi dərinləşdirəcəksiniz. Baxın ha, yanılmaq sizə baha başa gələ bilər.

İlin ilk yarısında şəxsi büdcənizin durumu qismən də olsa, sizi qane edəcək. Təxminən iyunun sonlarından noyabra qədərsə bu istiqamətdə çox ciddi problemlərlə rastlaşma ehtimalınız var. Yaxşı olar ki, həmin aylarda xərcinizi qənaət çərçivəsinə salasınız. Sevgidə isə ciddi bir probleminiz olmayacaq. Axı siz &suyun lal axanı, adamın yerə baxanı& prinsipinə sadiq qalıb ürəkləri ram etməkdə mahirsiniz. Əgər evlənmək fikiriniz varsa, bunu Məhərrəmlikdən dərhal sonra reallaşdırın. Çünki ilin ikinci yarısı (oktyabrdan başqa) izdivac üçün o qədər də uğurlu zənn edilmir.

ƏKİZLƏR

Əvvəla bildirək ki, 2015-ci ilin ilk üç ayında çox böyük sınaqlarla baş-başa qalacaqsınız, hətta ruh düşkünlüyünə mübtəla olduğunuz anlar da olacaq. Amma nəbadə belə məqamlarda falçı və ya cadugər yanına gedəsiniz. Əgər onlara müraciət etsəniz, işləriniz tamamilə alt-üst olacaq. Sadəcə, bir qədər səbr nümayiş etdirməlisiniz ki, bu burulğan başınızın üstündən getsin. Aprelin sonlarından başlayaraq Göy qübbəsi qarşınıza onlarla şans çıxaracaq ki, bundan da ilin sonuna qədər bəhrələnə biləcəksiniz. Odur ki, başlıca vəzifəniz təmkinli olmaq, dedi-qoduya uymamaq, sizə dəxli olmayan adamların şəxsi işlərinə müdaxilə etməmək olmalıdır.

Yay aylarında bacardığınız qədər istirahət edin ki, payızda gözlənilən qlobal işlərə enerji toplayasınız. İyul-avqust ərəfəsində müalicə götürmək də olar. Payız sizə sürprizlərlə dolu günlər bəxş edəcək. Ələlxüsus da karyerada ağlagəlməz irəliləyişlərə nail olacaqsınız. Ailə-sevgi münasibətlərinə gəlincə, bu il bir qədər passiv olacaq, daha doğrusu, çox şey qarşı tərəfdən asılıdır.

XƏRÇƏNG

Astrologiyada göstərilir ki, bürcünüzün mistik sahələrə böyük marağı var. Bildiyiniz kimi, bu, həm ilahi elmlərə, həm də qara magiyaya aiddir və siz ilin birinci yarısında hər iki cəbhə arasında həlledici seçim etməlisiniz. Ya Tanrıya yaxın olub savablarınızı artırmalı, xeyirxahlıq etməli, ya da bəd işlər görüb, şeytana nökərçilik etməlisiniz - özünüz seçin.

Astroloji göstəricilər aprelin ortalarından etibarən fəaliyyətinizdə müsbət dönüşün yaranacağını bildirir. Himayəsində çalışdığınız rəhbərlərlə ümumi dil tapıb münasibətləri yaxşılaşdırın ki, bu proses sürətlənsin. Bu il çoxlu sayda gözlənilməz təkliflər alacağınız da mümkündür. Əgər sizi qane etsə, iş yerini dəyişə də bilərsiniz. Onu da yadda saxlayın ki, Keçi büdcənizin boşalmasına imkan verməyəcək. Hər halda, tay-tuşlarınıza nisbətən maddi durumunuz daha qənaətbəxş olacaq. Yanvar-fevral və oktyabr aylarında isə sağlıq durumunuza nəzarəti maksimum artırın.

Məhəbbətə gəlincə, gərək may ayını gözləyəsiniz. Çünki ilin ilk dörd ayı bu barədə uğurlu olmayacaq. Əksinə, həm sevgidə, həm də qohumluq münasibətlərində vəziyyətin ürəkaçan olmayacağı mümkündür. Qeyd etdiyimiz aydan sonrasa çox şeylər ürəyinizcə olacaq. Onu da deyək ki, payızda ailə quranların yarıdan çoxu məhz Xərçənglər olacaq.

ŞİR

Əvvəlcə bildirək ki, yanvar ayından qeyri-adi sürprizlər gözləməyə dəyməz. Çünki bu ərəfədə etdiyiniz cəhdlərin böyük əksəriyyəti baş tutmaya bilər. Yaxşı olar ki, yalnız fikir və ideyalarınızla baş-başa qalıb sonrakı müddət barədə düşünəsiniz. İlin qısa ayından başlayaraq mayın əvvəllərinə qədərsə karyeranızda möhtəşəm gedişlər edə biləcəksiniz. Göstərdiyimiz müddətdə etibarlı müttəfiqlərinizin sayı xeyli artdığından qarşıda duran maneələri asanlıqla dəf edə biləcəksiniz. Ümumiyyətlə, ilin birinci yarısında fəaliyyətiniz kifayət qədər uğurlu nüanslarla yadda qalacaq. İyun-sentyabr aralığında isə ciddi rəqiblərlə rastlaşma ehtimalınız var. Belə məqamlarda çılğınlıq, darhövsələlik bütün planlarınızı alt-üst edə bilər. Bir az müdriklik göstərin. Çünki oktyabrdan sonra karyeranızın yeni və daha perspektivli mərhələsi başlayacaq.

Ulduzlar 2015-ci ildə daha çox ailədaxili problemlərinizi qaydasına salmağı məsləhət görür. Bu sıraya təkcə mənsub olduğunuz ailə deyil, həmçinin qohumluq, əqrabalıq münasibətləri də şamil olunur. Etiraf edək ki, bəzi doğmalarınızla münasibətləriniz heç də ürəkaçan deyil. Sevgi məsələlərində isə inadkarlıq və hegemonluq fikrində qərarlı olmağınız sizi gözdən sala bilər. Bu amil daha çox Şir-qadınlara aiddir.

Astroloji göstəricilər bu il ürək ağrılarınızın xeyli azalacağını bildirsə də, payıza yaxın mütləq ümumi müayinədən keçməyinizə ehtiyac olduğunu da bildirir. Maliyyə məsələlərinə gəlincə, bildirək ki, Novruz bayramından başlayaraq düz noyabrın əvvəllərinə qədər büdcənizdən razı qalacağınıza əmin ola bilərsiniz.

QIZ

Nə qədər çətinliyiniz olsa da, inşallah fevralın sonunadək hamısı aradan qalxacaq. Artıq nigaran qaldığınız bir çox məsələlərdə ətrafınızda olan insanlar sizə yardımçı olacaqlar. Yaxşı olar ki, göstərilən iki ayda səhhətinizin, ələlxüsus da əsəblərinizin qayğısına qalasınız. Əks təqdirdə, yazı nasaz şəkildə qarşılayacaqsınız.

Novruz bayramına yaxın gözləmədiyiniz istiqamətdən silsilə sürprizlərin şahidi olacağınızı bəyan edən ulduzlar özünüzü buna hazırlamağı tövsiyə edir. Çox güman ki, bu, daha çox fəaliyyətlə bağlı mövcud olacaq. Hətta ola bilsin vəzifə pilləsində yüksələsiniz də. Bundan başqa payız aylarında paralel olaraq təxminən üç-dörd işlə məşğul olacağınız da gözlənilir.

Qarşılıqlı münasibətlər zəminində yaranmış problemlər (əslində bunu daha çox özünüz yaratmısınız) aprelin ikinci yarısından etibarən səngiməyə başlayacaq. Ulduzlar sizə aid olmayan insanların şəxsi işlərinə qarışmamağı və onların taleyində dəyişiklik etməməyi tövsiyə edir. Ailədaxili narahatçılığınızı aradan qaldırmaq üçün hər kəslə obyektiv tərzdə davranın. Reallığa düzgün qiymət versəniz, proseslər ürəyinizcə olacaq. Məhəbbət sahəsində isə 2015-ci ili ən uğurlu ərəfə adlandıracaqsınız. Toylarınız qismən az olsa da, sevgi tanışlığı, elçilik və nişan üçün çox nailiyyətli ərəfə olacaq.

TƏRƏZİ

Hər şeydən əvvəl nəzərinizə çatdıraq ki, 2015-ci ildə başlıca vəzifəniz bədbin fikirlərdən, ruh düşkünlüyündən qurtulmaqdır. Uğursuzluqla nəticələnən hər xırda cəhdə görə &onsuz da mənimki gətirmir& və ya &bəxtim yoxdur& kimi mənfi ovqat yaradan ifadələr işlətməyin. Ən təhlükəlisi isə odur ki, belə hallar sizdə paxıllığa da səbəb ola bilər. Ulduzlar inanır ki, onların tövsiyələrinə əməl edib hər bir prosesə nikbinliklə yanaşacaqsınız.

Elə ki yanvar ötüşdü, bilin ki, payıza qədər hansısa ciddi uğursuzluqla üzləşməyəcəksiniz. Əksinə, qarşınıza çıxan çoxsaylı şanslardan bəhrələnmək üçün yollar aramalısınız. Astroloji göstəricilər həmin müddətdə maraqlı və qəlbən təmiz adamlarla işbirliyi quracağınızdan xəbər verir. Ola bilsin ki, işlə bağlı müəyyən səfərlərə də çıxasınız (Söhbət daha çox ölkədaxili səfərlərdən gedir).

Maliyyə baxımından yalnız avqustda əziyyətiniz ola bilər. Bu səbəbdən də həmin ərəfə yaxınlaşdıqca büdcənizə qənaət edin ki, müflisləşməyəsiniz. Ulduzlar məsləhət görür ki, vəzifəyə yüksəlmək üçün xüsusi canfəşanlıq göstərməyəsiniz. Çünki bu il lider olmaq şansınız çox azdır. Amma yeni dostlar, sərfəli tərəfdaşlar baxımından narazılığınız olmayacaq. Ailə-sevgi münasibətlərində isə hər şey özünüzdən asılı olacaq. Necə deyərlər, nə əksəniz, onu da biçəcəksiniz. Odur ki, qarşı tərəfin obyektiv fikirlərinə reallığın gözü ilə yanaşmağa çalışmalısınız. Dəliqanlılıq etməyin.

Yanvarda və oktyabr-noyabr aylarında səhhətinizlə bağlı bəzi problemləriniz gözlənilir. Uzunmüddətli əziyyətlərdən qurtulmaq istəyirsinizsə, bəri başdan həkim məsləhətinə qulaq asın.

ƏQRƏB

Astroloji göstəricilər Keçi ilini problemlər içində qarşılayacağınızdan xəbər verir. Yəqin ki, bu sətirləri oxuduğunuz anlarda həmin problemləri yada salıb dərindən köks ötürürsünüz. Amma bunların hamısı ötəri olduğundan sizi nikbin olmağa çağırırıq. Əgər Novruza qədər dözsəniz, Göy qübbəsi şəxsi həyatınızda Günəş qədər parlaq məqamlar yaradacaq. Çünki planetiniz olan Marsın ilk &hakimiyyəti& (21 martdan 20 aprelə qədər) ailə qurmaqdan başqa bütün sahələrdə uğurlara yetişəcəyinizə zəmin yaradacaq. İstər maliyyə məsələlərində nailiyyətlər, istər münasibətlərdə xoş məqamlar, istərsə də fəaliyyət istiqamətində irəliləyişlər məhz qeyd etdiyimiz zaman kəsiyində özünü göstərəcək. İyunun ortalarında və dekabrda ətrafınızda olan bədxah adamların tələsinə düşmək ehtimalınız da var. Amma psixoloji dəyanətiniz sayəsində bu təxribatın qarşısını alacağınıza inanın. Heç kimə yalan vəd verməyin, heç kimin hissləri ilə oynamayın.

Bir amili də yaddan çıxarmayın ki, Keçi evlənmək üçün sizə böyük şanslar yaradacaq. Özü də bu il hər şey qəflətən baş verəcək. Ola bilsin ki, bir ayın içində tanışlıq, elçilik-nişan və toy olsun - hər şey mümkündür. Xanım-əqrəblərin əksəriyyəti isə çox güman ki, qoşulub-qaçmağa üstünlük verəcək. Hər halda, əminik ki, hər kəs sevdiyinə qovuşacaq.

Ulduzlar səhhətinizlə bağlı ciddi problemlərin olmayacağını bildirir. Amma əsəblərinizi sağaltmaq üçün mülayim havada təbiətin sakit guşəsində - kənd yerində, təbiət qoynunda, dəniz sahilində istirahət etməyiniz olduqca vacibdir.

OXATAN

Hesablamalarımız göstərir ki, iyunun ortalarına qədər kifayət qədər risk etməli olacaqsınız. Bəzən elə olacaq ki, hər bir probleminizin həll olduğunu düşünəcək, bəzənsə bütün planlarınızın alt-üst olduğunu zənn edəcəksiniz. Amma həyat davam etdiyi və mübarizə meydanı adlandırıldığı üçün boş dayanmamalısınız. Ulduzlar aprel-may aralığında ciddi rəqiblərlə rastlaşacağınızı bildirir. Hətta onlarla münasibətləriniz düşmənçilik həddinə qədər yüksələ də bilər. Əlbəttə ki, düşmənçilik Tanrıya xoş getmədiyi üçün gərək buna son qoyasınız. Axı siz enerjili və sülhpərvərsiniz.

2015-ci il sizi əsl məhəbbət aşiqinə çevirəcək. Tam əminliklə demək olar ki, il ərzində uğursuz məhəbbətlə rastlaşan Oxata& olmayacaq - deməli, bütün cəhdləriniz baş tutacaq. Təbii ki, söhbət saf və xoş niyyətli məhəbbətdən gedir. Əgər karyerada yüksəlmək fikriniz varsa, sentyabrın gəlişini gözləyin. Çünki məhz həmin aydan başlayaraq fəaliyyət zəminində heç kimin çata bilmədiyi nailiyyətlərə yetişəcəksiniz. Şəxsi büdcənizin vəziyyəti də məhz həmin aydan etibarən sizi qane edəcək. Noyabrın ortalarından başlayaraq tale sizə ciddi və sədaqətli müttəfiqlər yetirəcək ki, onların da sayəsində ən uca zirvələrə bayraq sancacaqsınız. Di gəl ki, il ərzində səhhətinizin vəziyyəti ziddiyyətli olacaq. Gah hər şey yaxşı görünəcək, gah da qorxulu fikir yaradacaq. Belə məqamlarda çalışın ki, səriştəsiz həkim əlinə düşməyəsiniz. Çünki Göy qübbəsi martda, avqustda və noyabrın ilk həftəsində səhv müalicə götürə biləcəyinizi də istisna etmir.

OĞLAQ

Bəri başdan nəzərinizə çatdıraq ki, 2015-ci ilin ilk iki ayı bürcünüz üçün bir qədər passiv ərəfə olacaq. Həmin ərəfədə daha çox neytral mövqe nümayiş etdirib riskdən uzaq olmalısınız. Hansısa yeni iş təklifinə razılıq vermək, uzaq səfərlərə çıxmaq, cərrahiyə əməliyyatı aparmaq arzuolunmazdır. Martın ilk günlərindən iyula qədərsə özünüzü balıq suda hiss etdiyi kimi rahat zənn edəcəksiniz. Həmin ərəfədə ciddi sandığınız problemlərin əksəriyyəti azalacaq. Tanınmış, nüfuzlu adamlarla tanışlıqlar, beyninizdə peyda olan mütərəqqi ideyalar gələcək həyatınız üçün çox böyük önəm daşıyacaq. Belə məqamlarda &pis günlər artıq arxada qaldı& qənaətinə də gələcəksiniz. Amma heç vaxt arxayınlaşmaq olmaz. Əgər belə halların uzunmüddətli olmasını istəyirsinizsə, ürəyinizi Tanrı ilə düz tutun.

Yeri gəlmişkən, Keçi bu il hamıdan çox sizin dinə həvəs göstərməyinizi məsləhət görür. İbadətlə məşğul olmaq, müqəddəs ziyarətgahlara baş çəkmək, savab işləri artırıb köməksizlərə əl tutmaq sizə yalnız şərəf gətirə bilər.

Astroloji göstəricilər il ərzində əsas diqqəti səhhətinizə yönəltməyi təvəqqe edir. Ötən illərdə müalicə etdirməyə macal tapmadığınız bəzi xəstəliklərinizin üstünə düşməyə çalışın ki, sonra ulduzları məzəmmət etməyəsiniz. Məhəbbət məsələlərində isə hegemonluq iddiasına düşməyin. Axı qarşı tərəfin də obyektiv rəyini nəzərə almaq lazımdır. Evliliyə gəlincə, sentyabr-noyabr aralığını gözləməlisiniz. Onu da bildirək ki, il ərzində hamıdan çox siz məhəbbət sehrinə düşəcəksiniz.

SUTÖKƏN

Əvvəlki 10 bürclə müqayisədə ilin ilk ayı (yanvar) demək olar ki, yalnız sizin üçün uğurlu olacaq. Soyuğa, şaxtaya baxmayaraq bu ərəfədə qarşıya qoyduğunuz məqsədlərə gedən yolları təyin edəcəksiniz. Bu isə növbəti müddət üçün rahatlığınızın təminatı olacaq. Bu il ilk növbədə doğmalarınızla münasibətləri qaydasına salmalısınız. Dünyamızı firavan görmək arzusu ilə yaşadığınızdan hər kəsə təmkin və alicənablıq aşılayın. Nəzərə alın ki, Keçi şəxsi zəmində baş verən istənilən münaqişəni yatırtmaqda sizə yardımçı olacaq.

Fəaliyyətlə bağlı uğurlarınız təxminən avqustun sonlarından start götürəcək. Yaxşı olar ki, göstərilən zaman kəsiyində təcrübəli adamların köməyindən yararlanasınız. Əgər bunu bacarsanız, artıq sentyabrın ortalarından başlayaraq karyerada yüksək pillələri fəth edəcəksiniz. Hətta məşhurlaşma ehtimalınız da var. Yalnız noyabrda bir qədər uğursuzluqla rastlaşa bilərsiniz, əgər ətrafınızdakılara gözüyumulu inansanız. Səhhətlə bağlı isə ciddi problemləriniz olmayacaq. Amma gərək qanazlığı və təzyiqlə bağlı problemlərinizin aradan götürülməsinə çalışasınız. Yeri gəlmişkən, 2015-ci ildə hamıdan çox sizin bəxtinizdə uzaq səfərlər var. Neçə illərdən bəri ürəyinizdə qalan səyahətlər arzunuzu nəhayət ki, bu il reallaşdıra biləcəksiniz. Elə edin ki, keçmişdə olmayanların hamısının əvəzini çıxasınız.

BALIQLAR

Şaxtalı yanvar-fevral aylarında səhhətinizi qoruya bilsəniz, hansısa ciddi probleminiz olmayacaq. Əksinə, ağlınıza gətirmədiyiniz istiqamətlərdən qarşınızda qapılar açılacaq. Deyirlər, ilin ən passiv ərəfəsi məhz göstərdiyimiz aylardır, amma buna inanmayın. Çünki həmin ərəfədə hamıdan çox sizin üzünüz güləcək. Bürcünüz yetişəndən sonra isə (20 fevral) fəaliyyət zəminində ən uca zirvələrə yaxınlaşacaqsınız.

Hər kəslə münasibətdə təbii olmağa çalışın. Elə edin ki, sizi bədbin və soyuqqanlı adam kimi qəbul etməsinlər. Axı adi xoş sözlərlə də olsa, insanın ovqatını yüksəltmək olar. Məgər bunu da bacarmırsınız? Qohumlarla get-gəli artırın və elə edin ki, onlar da sizinlə müntəzəm əlaqələr yaratsınlar. Xeyirdən-şərdən qalmayın. Allaha inamınızı artırın. Falçı-cadugər yanına yox, müqəddəs ocaqlarımıza gedin. Qoy enerjiniz saflaşsın.

Aprel və noyabr ayları istisna olunmaqla ilin qalan müddətində maddi vəziyyətiniz qənaətbəxş olacaq. Ciddi məbləğiniz olmasa belə, pulsuz qalmayacaqsınız. Riskli pul sövdələşmələrindən həmişə uzaq olun. Astroloji mənbələrə inansaq, may ayında taleyinizdə böyük bir mərhələ başlayacaq. Əgər hər addımı qaydasında atsanız, bu, ilin sonuna qədər sizə uğur gətirəcək. Bu il digər bürclərlə müqayisədə daha çox sizin bəxtinizə təzə ev düşür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR