İstedad və qabiliyyətlərini qəlbində gizlədən adam
Bizi izləyin

Qoroskop

İstedad və qabiliyyətlərini qəlbində gizlədən adam

Fevralın 19-da Bakı vaxtilə saat 03:50-də Balıqlar bürcü start götürür

Publika.az bu bürclə bağlı materialı təqdim edir.

Qışdan bahara keçid dövrünü təşkil edən Balıqlar bürcü ilk növbədə emosiyaları qıcıqlandırması ilə diqqəti cəlb edir. Belə ki, əgər özündən əvvəl gələn Sutökən bürcü cəmiyyətdə gedən proseslərə, qarşıdurma və müharibələrə sabitlik gətirirsə, haqqında danışdığımız işarə yenidən gərgin situasiyaların başlanmasına zəmin yaradır. Balıqlar bürcünün gəlişi ilk növbədə yaradıcı adamları, xüsusən də, qələm əhlini həvəsləndirir. Onlar öz peşələrində müvəffəqiyyətə nail olmaq üçün fədakarlıq göstərir, qış boyu yarımçıq qalan işləri məmnuniyyətlə davam etdirirlər.

Balıqlar bürcü dövrü kənd əhalisi üçün də əlamətdar olur. Belə ki, əkinçiliklə məşğul olan bölgələr yazqabağı tarlalara çıxır, sadə dillə desək, "tər tökməyə" başlayırlar. Bir amili də yadda saxlamaq lazımdır ki, təbiətin oyanışı, ələlxüsus da otların göyərməsi, ağacların tumurcuqlaması və Novruz çərşənbələri də haqqında danışdığımız zodiak dövrünə təsadüf edir.

Balıqlar bürcünün adı daha çox xristianlarla bağlıdır. Hətta qədimlərdə balığı xristianlığın simvolu sayırdılar. "Balıq" sözünün özü isə (yunanca: ichtis) məna etibarilə üç müqəddəs kəlməni izah edirdi: İsa Məsih, Allahın Oğlu, Xilaskar.

Ulduzlar sistemində sonuncu - yəni, 12-ci yeri tutan Balıqlar bir qayda olaraq fevralın 20-dən martın 20-nə qədər olan dövrü əhatə edir. Ünsürü su, planeti Neptun və Yupiter, rəngi bənövşəyi, göy, rəqəmi 6 və 7, daşı ametist, zümrüd, sapfir, çiçəyi nərgiz, yasəmən, metalı sink, uğursuz günü çərşənbə, uğurlu günü isə cümə axşamıdır.

Bu bürcü əmələ gətirən ulduzlar Göy qübbəsinin 900 kvadrat dərəcəlik sahəsini tutur. Onun tərkibində adi gözlə görünən 75-ə qədər ulduz var. Lakin Sutökəndə olduğu kimi, bu bürcdə də heç bir parlaq ulduz yoxdur. Balıqların tutduğu sahə, demək olar ki, səmanın bütünlüklə şimal yarımkürəsini əhatə edir.

Bu Zodiakın ulduzlar sistemindəki təsvir pozası olduqca maraqlıdır. Rəsmlərdən gördüyünüz kimi, Balıqların hər ikisi bir-birinə "bağlanıb" və sanki yem axtarmaq üçün həmin nöqtədən çıxıblar. Onlardan biri yuxarı – Göy qübbəsinin cənub yarımkürəsinə üz tutub, digəri isə ağzını Sutökənin dolçasından axan suya yönəldib. Lakin su onun yaxınlığından keçib başqa yerə - Cənub Balığı bürcünün ağzına axır. Qənaətlərimizə görə, bu balıqlar tələyə salınıb və azadlıq naminə o tərəf-bu tərəfə çabalayırlar (quyruqlarındakı qandallar da dediyimizə əsas ola bilər - S.R.). Çünki sadaladığımız xüsusiyyətləri bəhs etdiyimiz bürcə şamil olunan adamlarda da görmək olar. Səma xəritəsində Balıqların digər qonşusu – Qoç isə neytral bir mövqe seçib. Hər iki bürcün bir-birindən böyük fərqi olduğundan, onların arasında görünməz sədd var. Bu isə ona dəlalət edir ki, hər iki zodiak işarəsindən olan şəxslər həyatda bir-birinə qarşı bir qədər ehtiyatlı yanaşmalı, ələlxüsus da işbirliyi yaratdıqda tədbirli olmalıdırlar. Əks təqdirdə, onların münasibətləri asanlıqla pozula bilər.

Balıqlar bürcünün gecə evi olan Neptun astronomik hesabla 8-ci sırada yerləşir. Onun radiusu 2510 kilometr, elementi su, xarakteri isə soyuqluqdur.

Bu bürcün ikinci planeti – Yupiter isə astronomik hesabla 5-ci sırada yerləşir. O, Ay və Veneradan sonra Yerə ən parlaq işıq saçan obyektdir. Onun radiusu 71300 kilometr, elementi Hava, tərkibi istilik, xarakteri isə hakimlikdir. Yupiterin "Böyük xoşbəxtlik planeti" də adlandırırlar.

Balıqlar bürcü altında dünyaya gələn adamlar ən qəribə zodiak işarəsi hesab olunurlar. Orta əsr astroloqları bu cür şəxsləri təmkinlərinə və uzun ömürlərinə görə digərlərindən fərqləndirirdi. Qənaətlərə görə, Balıqlar qısa zamanda, həmçinin gənc yaşlarında ikən məşhurlaşa bilirlər. Haqqında danışdığımız bürcün sakinləri uzaqgörənlikləri sayəsində öz həyat və peşə perspektivlərini neçə illər öncədən təyin edir və yanılmadan fəaliyyət göstərirlər.

Qərb astroloqları isə Balıqlarda iki xüsusi keyfiyyəti fərqləndirirlər: artistlik bacarığı və siyasətçilik. Qədim Babil münəccimləri belə hesab edirdilər ki, Balıqlar bürcünün himayəsi altında dünyaya gələn adamlar özündən əvvəlki işarələrin hərəsindən bir neçə xüsusiyyət "oğurlayıb". Bu səbəbdən də, haqqında danışdığımız zodiakı həddindən artıq "təzadlı və mürəkkəb xarakterə malik adam" kimi qələmə verirdilər.

Bu bürcün sakinləri uzaqgörən, dəqiq, işini ehtiyatlı tutan və bir qədər hiyləgər olurlar. Onlarla hansısa konfliktə girmək çox təhlükəlidir. Və rəqibləri bunun üçün böyük riskə getdiklərini başa düşməlidir. Balıqlar baş verən hər bir hadisəyə sakit və qərəzsiz yanaşmağa çalışırlar. İşdir, əgər çılğınlıq və ya hövsələsizlik nümayiş etdirsələr, mütləq məğlubiyyətlə üzləşirlər. Hətta antik dövrün münəccimləri də belə hesab edirdilər ki, bu zodiak işarəsində dünyaya gələn adamlar yalnız səbirli olmaqla öz niyyətlərinə qovuşa bilirlər.

Bu şəxslər kiçikboylu görünürlər, hətta boyları kifayət qədər hündür olduqda da onları heç kim seçə bilmir. Balıqlar bürcündən olan sürücünü heç təbii fəlakət belə yol hərəkət qaydalarını pozmağa məcbur edə bilməz. Hətta yolda piyada və ya başqa maneə olmayanda da, onlar yenə də dördyol kəsişməsində avtomobili dayandırırlar. Bir sözlə, bu adamlar çox ehtiyatlı olurlar. Əgər Balıqlar kiməsə qurğu və ya tələ qurmaq istəsələr, bu, böyük hay-küyə səbəb olur, onlar ifşa olunurlar. Belələrinin rəhbərliyi altında çalışanlar öz müdirlərinə asanlıqla hiylə gələ bilir, hətta bəzi hallarda onu müflisləşdirirlər də.

Balıqlar bir qayda olaraq tam əmin olmadıqları işlərə baş qoşmurlar. Belə məqamlarda uzaqgörənlik onların köməyinə çatır, bu xüsusiyyət yaxın ətrafın rəğbətinə səbəb olur. Müasir münəccimlərin ən etibar etdiyi və inandığı Alan Leo bildirir ki, əgər lazımınca qiymətləndirilmirsə, Balıqlar öz istedad və qabiliyyətlərini qəlblərində saxlayır, heç vaxt büruzə vermirlər.

Bu bürcün sakinləri yaxşı sirr saxlamağa, anlaşılmaz situasiyalardan asanlıqla qurtulmağa qabildirlər. Onlar sevimli və zərif olduqları kimi narahat və hövsələsiz də ola bilirlər. Orta əsrlərdə bu adamları “bəxti gətirməyənlər”, yaxud da “ikili həyat yaşayanlar” adlandırırdılar. Belələri öz taleləri ilə tez barışır və "yəqin, belə də olmalıymış" düşünürlər. Balıqlar üçün ən təhlükəli məqam öz səlahiyyətlərini başqalarına həvalə edərkən yaranır. Bəzən bu, onların həyatı bahasına başa gəlir, talelərinə qüssə və bədbəxtlik gətirir. Odur ki, Balıqlara özlərinə böyük inam bəsləmələri məsləhət görülür.

Həssas və zəif Balıqlar magik təsirə məruz qalan bürcdür. Buna baxmayaraq, onlar fövqəltəbii varlıqlara meylli olurlar. Amma onlara bu işlərlə məşğul olmaq məsləhət görülmür. Əks halda, fəlakətlə, xəstəliklərlə üzləşə bilərlər. Onlar müdafiəsiz və dözümsüz olur, bəzən problemlərini özləri həll etmək istəyirlər. Öz düşmənlərindən intiqam almaq üçün magiyadan istifadə edir və nəticədə bundan yalnız özləri əziyyət çəkirlər. Balıqlar tez-tez maraqlı yuxular görür, lakin bu yuxuları şərh edə bilmirlər. Əgər Balıqlar inadkar şəkildə fövqəltəbii varlıqlarla, mərasimlərlə məşğul olmaq istəyirlərsə, onlara Əqrəb və ya Buğa müttəfiq ola bilər. Onlar birlikdə böyük uğurlar qazana bilərlər.

Yer kürəsində bu bürclər qədər haqqı tapdanan, get-gələ salınan yoxdur. Hətta bəzən buna görə onlarda hamıya qarşı inamsızlıq hissi baş qaldırır. Apardığımız müşahidələrə görə, Balıqlar bürcündən olan adamların ürəyində daimi bir "dağ" olur və bu "dağ" zaman-zaman onları üzüntülərə məruz qoyur. Hətta bir çox hallarda bu bürcün sakinləri həmin "dağ"ın ucbatından ya olduqca gec evlənir, ya da ömürlərinin sonuna qədər subay qalırlar (Bu sıraya ayrılmalar da şamildir - S.R.).

Qədim zərdüştilik astrologiyasında Balıqların taleyini iki dövrə bölürdülər. Kahinlərin qənaətinə görə, bu adamlar ən əziz simsarlarından birini itirir və bununla da onların taleyində ikinci dövr başlayır, böyük dəyişikliklər baş verir.

Elə güman etməyin ki, haqqında danışdığımız bürcün xarakteristikası yalnız bədbin notlar üzərində köklənib. Əslində, əyləncəyə həvəsinə, yumor hissinə, mehriban ünsiyyətinə və sadiqliyinə görə onlar həmişə seçilirlər.

Bu bürcdən olanlara hələ qədimlərdən ağır işlərdə işləməyi məsləhət görmürdülər. Peşəkar münəccimlər Balıqlar bürcündən olan adamlara daha çox yaradıcı fəaliyyətlə, incəsənət və ədəbiyyatla məşğul olmağı tövsiyə edirdilər. Müasir dövrümüzdə isə onlar həm də siyasətlə, elmi fəaliyyətlə, pedaqogika və texnologiya ilə məşğul olur, yüksək artistlik bacarığı ilə minlərlə, milyonlarla insanın diqqət mərkəzinə düşürlər.

Səbuhi Rəhimli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm