Ay Günəşi tutacaq: baxmaq məsləhət deyil!
Bizi izləyin

Qoroskop

Ay Günəşi tutacaq: baxmaq məsləhət deyil!

Martın 20-də Bakı vaxtilə saat 14:37-də 2015-ci ilin ilk astronomik hadisəsi – tam Günəş tutulması baş verəcək. Balıqlar bürcünün 29-cu dərəcəsində baş verəcək bu hadisə tam olaraq İslandiyada və Qrenlandiyanın şərqində yaşanacaq.

Son 16 ildə ilk dəfə olaraq Ay Günəşin qarşısını 4 saatdan artıq kəsəcək və demək olar ki, planetimizin quru ərazisinin 90 faizində hiss olunacaq. Şimali Amerika, Avropa, Asiya, Afrika qitələrində tutulma prosesini izləmək mümkün olacaq. Yerə düşən kölgə Bakı vaxtilə saat 13:13-də start götürəcək və 15:27-də sona çatacaq.

Xatırladaq ki, belə tutulma sonuncu dəfə 1999-cu ilin 11 avqustunda olmuşdu və hadisənin episentri İstanbula düşmüşdü (6 gün sonra şəhərdə böyük zəlzələ də olmuşdu – S.R.). Növbəti belə tutulma 2026-cı ildə olacaq. Bəzi mütəxəssislər bildirir ki, hadisə baş verən günlərdə elektrik enerjisi sıradan çıxa bilər. Azərbaycan da müəyyən qədər tutulma bucağına aid olduğu üçün ölkəmizdə az miqdarda müşahidə olunacaq. Bəs konkret olaraq gözlənilən bu astronomik hadisənin xüsusi özəllikləri nədədir, mənfi fəsadları, müsbət təsirləri varmı? Bu suallara cavab olaraq tutulma vaxtının astroloji mahiyyətini nəzərinizə çatdırırıq.

İlk öncə bildirək ki, tutulma məqamında Ay Balıqlar bürcündə olacaq. Belə məqamlarda insanlar özlərini müdafiəsiz hiss edirlər. İntuisiya, yaddaş kəskinləşir, insanlarda özünün də xəbəri olmadan, qeyri-adi bacarıqlar meydana çıxır. Gözlənilmədən köhnə problemlər həll olunur. Ay Balıqlar bürcündə olanda gizli işlərlə məşğul olmaq məsləhət deyil, bütün sirrələriniz açılar siz ifşa oluna bilərsiniz. Şəhərkənarı gəzintiyə çıxmaq, nikah bağlamaq, saziş imzalamaq, dənizdə-suda çalışan insanalarla ünsiyyətdə olmaq çox səmərəli ola bilər. Hətta məhkəmə proseslərinin başlanması üçün çox münasib vaxtdır. Yaradıcılıq işləri uğurla keçəcək. Bu dövrdə böyük işlərə başlamaq, kef məclislərində, gizli məhəbbət macəralarında və xəyanətdə ifratçılığa yol vermək çox pis nəticələnə bilər.

Bu müddətdə ayaq pəncələrinin həssaslığı artır. Çünki belə günlərdə az gəzmək, mütləq rahat və yumşaq ayaqqabı geyinmək lazımdır. Ay bu bürcdə olanda orqanizmin istənilən toksinlərə reaksiyası kəskinləşir. Belə ki, ya tamamilə alkoqoldan və tütün məmulatlarından istifadədən imtina etmək, yaxud da heç olmasa, onlardan istifadəni azaltmaq lazımdır. Hətta bir fincan artıq tünd qəhvə adama artıq problem gətirə bilər. Dərman preparatlarından, eləcə də keyləşdirici maddələrdən istifadə edərkən çox ehtiyatlı olmaq lazımdır: adi doza son dərəcə güclü ola bilər. Ayın Balıqlar bürcündə olması ayaqlarda olan döyənəklərin götürülməsinə mane olur. Dəri örtüklərini və bədənin digər hissələrini zədələmək arzuolunmazdır. Bu həm də plastik əməliyyatlar üçün uğurlu zamandır.

Avesta təqviminə görə, tutulma 13-cü aya (15-20 mart) düşür. Cəmi 6 günü əhatə etsə də, bu qısa ay müəyyən məziyyətlərinə görə böyük əhəmiyyət kəsb edir. Belə ki, Yeni Günün (Novruzun) əvvəlinə düşən bu aralıqda bədəni və ruhu təmizləmək ən vacib şərt sayılır. Bununla yanaşı 13-cü ay həm də illüziyalardan xilas olmağa, sirr və müəmmaları dərk etməyə vadar edir. Bayram gününə qədər hər mənada təmiz olmaq və Novruz şənliklərinə pak getmək lazımdır.

Avesta astrologiyasında isə (Günəş təqvimi) martın 20-si 30-cu Günəş gününə düşür.

Çirkabdan təmizlənmə, nəticə çıxarma günüdür. Qarşılıqlı əlaqələr yaratmaq, ciddi işlər görmək olmaz. Yaxşı olardı ki, onları sabaha, yaxud birisi günə saxlayasınız. Hər şeyin münasib vaxtı var. Lakin bu, o demək deyil ki, bütün işləri sonraya saxlayıb bu gün əli qoynunda oturasınız. Sadəcə, hər bir şeyə diqqətlə, məsuliyyətlə yanaşmalısınız. Elə edin ki, bütün əməlləriniz kosmosdan bu günə ünvanlanan nağıla, əfsanəyə uyğun gəlsin.

Bu təqvimə döyüşçü kimi yanaşın. Tez-tez güzgüyə baxın (orada öz baxışlarınızla görüşmək yaxşı olardı). Təzə güzgü və saatlar alın. Lakin onları yerə salıb sındırmayın. Saat zəngi yaxşı nişanədir, yeni dövrün başlanmasını göstərir. Üfüqdə parıltılar, ildırım, qəfil işıq görmək sizə uğur gətirər. Göy qurşağı yeni dostlar və onların sizə dəstəyi deməkdir. Bütün iş və əməllərinizi ümumi məxrəcə gətirmək zamanıdır. Boşboğazlıq edib yalan vədlər vermək olmaz. Məbədlərə getmək, dualar etmək, ölənləri yad etmək və düzgün seçim etmək üçün əlverişli gündür. Paltar yumaq, ev yığışdırmaq olmaz. Soyuq, südlü və boyat xörəklər yemək məsləhətdir. Dəqiq, yaddaqalan, rəngli yuxular çin olur. Amma yaxşı olardı ki, ümumiyyətlə yuxu görməyəsiniz. Gecə işığı söndürmədən yatmaq məsləhətdir. Bacardıqca yüngül geyinin. Düyməniz qırılıb diyirlənsə, qarşınıza çıxan maneələri dəf etmək imkanınız olacaq. Əgər üzüyünüzün, yaxud sırğanızın qaşı düşübsə, diqqətli olun: alın yazısından, tale oyunlarından asılı vəziyyətə düşə bilərsiniz.

Avesta astrologiyasına görə, 30-cu Günəş gününün himayədarı Spenta-Maynyu hesab olunur (Mənası: Müqəddəs Ruh).

Veda astrologiyasında tutulma zamanları insanlara aşağıdakılar tövsiyə olunur:

- tutulmaya tamaşa etməyin;

- tutulma saatlarında qapalı şəraitdə olun;

- uzaq səfərə və ya səyahətə çıxmayın;

- tutulmadan 3 saat əvvəl və sonra qida qəbul etməyin;

- sükan arxasında oturmayın, yaxud çox ehtiyatlı olun;

- maliyyə əməliyyatlarından qaçın;

- kütlə ilə hər hansı əlaqə yaratmayın;

- zikr edin, ruhani aləmə qapılın, ya da heç olmasa, dincəlin;

- pis vərdişlərdən qurtulun, çünki tutulma zamanı orqanizm buna daha tez gedir (məsələn, siqareti tərgitmək istiqamətində və s.)

Beləliklə, verdiyimiz bu göstəriciləri analiz edib tutulma vaxtında hansı addımlar atacağınızı təyin edə bilərsiniz. Bizim məramımız hər kəsə doğru olanı göstərmək, zülmətdən xilas yollarını başa salmaq və Tanrıya yaxın olmalarına xidmət göstərməkdir. Gəlin, yarıyolda qalmayaq, çünki yolumuz Ağ İşığadır. Bu İşıqda isə nə Ay, nə də Günəş tutulması bizə mane ola bilməz.

Yolumuz nurlu olsun! Amin!

Səbuhi Rəhimli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm