Ay tutulacaq: Nələri etmək olmaz? - TÖVSİYƏLƏR
Bizi izləyin

Qoroskop

Ay tutulacaq: Nələri etmək olmaz? - TÖVSİYƏLƏR

Aprelin 4-də Bakı vaxtilə saat 17:06-da 2015-ci ilin ikinci astronomik hadisəsi – adi Aytutulması baş verəcək. Tərəzi bürcünün 14-cü dərəcəsindəki məlum hadisəni Asiyanın böyük bir qismində, Avstraliyada, Şimali və Cənubi Amerikada, Sakit və Hind okeanlarında müşahidə edilə biləcək. Tutulma bucağı və vaxtı qeyri-münasib olduğu üçün hadisə Azərbaycanda görünməyəcək. Bəs konkret olaraq gözlənilən bu astronomik hadisənin xüsusi özəllikləri nədədir, mənfi fəsadları, müsbət təsirləri varmı? Bu suallara cavab olaraq tutulma vaxtının astroloji mahiyyətini nəzərinizə çatdırırıq.

İlk öncə bildirək ki, tutulma məqamında Ay Tərəzi bürcündə olacaq. Belə məqamlarda insanlar sülhsevər olur, mübahisələr azalır, hamı partnyorluq əlaqələrinə, sülh danışıqlarına can atır. İnsanlar gözəl görünməyə çalışır, bir-birlərində xoş təəssürat oyadırlar. Bu dövrdə qısamüddətli işlərlə məşğul olmaq, nigah bağlamaq, dostlarla ünsiyyətdə olmaq, istirahət etmək, incəsənət nümunələrinin alqı-satqısı ilə məşğul olmaq çox sərfəlidir. Mənzil bəzəmək, mebel avadanlıqları və digər bəzək əşyaları almaq üçün çox münasib vaxtdır. Ay Tərəzi bürcündə olanda çirkli işlərlə, o cümlədən ocaq, metal konstruksiyaları, iti alətlər və müxtəlif kimyəvi yağlarla işləmək məsləhət deyil. Daşınmaz əmlaklar istisna olunmaqla qalan ticarət növləri uğursuzluqla nəticələnəcək. Magistral yollarda hərəkət edərkən və odlu silahlarla davranarkən ehtiyatlı olmaq lazımdır.

Bu müddətdə belin, böyrəklərin, sidik kisəsinin və mədəaltı vəzinin həssaslığı artır. Diabetdən və pankretindən əziyyət çəkən şəxslər bu vaxt xüsusilə ehtiyatlı olmalıdırlar. Xəstəliyin kəskinləşməsindən qaçmaq üçün onlar Ay Tərəzi bürcündə olanda çalışqanlıqla öz pəhrizlərinə fikir verməlidirlər. Suçiçəyindən, habelə digər maye balansı pozulmalarından əziyyət çəkənlərə bu günlərdə içilən mayenin ümumi miqdarını azaltmaq və müalicəvi çaylardan istifadə edərək sidikçıxaran sisteminə kömək etmək lazımdır. Hətta sağlam adamlar bu günlərdə hər hansı böyrək problemiylə tez-tez qarşılaşırlar: bu vaxt mərmər pəncərə altında, daş skamyalarda oturmaqla, yaxud otla örtülmüş rütubətli yerdə uzanmaqla asanlıqla böyrəkləri soyuqlatmaq olar. Ay Tərəzi bürcündə olanda dişləri müalicə etdirmək, çəkdirmək və protezləmək olar.

Avesta təqviminə görə, tutulma ilin ilk ayı sayılan Varaq ayında (21 mart-19 aprel) baş verəcək. Bu zaman kəsiyi gələcəyin dərk olunmasına, ruhi ənənələrin "qayıdışına", həyatda şəxsi mövqelərin təyin olunmasına, o cümlədən yeni məqsədlərin yerbəyer edilməsinə xidmət edir.

Avesta astrologiyasında isə (Günəş təqvimi) aprelin 4-ü 15-ci Günəş gününə düşür.

Bu təqvim aşkarlıqla bağlıdır, qeyri-adi istedadların üzə çıxması günüdür. Bu tarixdə əsas rolu qadınlar oynadığından onu "Qadınlar günü" də saymaq olar. Belə məqamda kişilər onları eşitməlidir. Çünki qadınla mübahisə etmək, ona təhqiramiz sözlər demək Tanrıya xoş getmir. Bu gün evi yığışdırmaq, pak etmək, hamama getmək, saç və dırnaqları səliqəyə salmaq məsləhət görülür. Təbiəti korlamaq, zibilləmək, suyu çirkləndirmək (hətta bulandırmaq da) olmaz. İşdən sonra dincəlmək, çay, yaxud dəniz kənarında gəzinmək və bu gəzintini qəlbə yaxın bir adamla (ələlxüsus da sevgilinizlə) davam etdirmək olar. Toy gününü, həmçinin təzə evin tikintisini bu təqvimə təyin etmək məqsədəuyğundur. Müqavilələr imzalamaq və ittifaq bağlamaq üçün əlverişli gündür. Təvazökarlıq, təsərrüfatçılıq, işdə ardıcıllıq, müdriklik və realizm göstərmək pis olmazdı. Özünün təkrarolunmazlığını, unikallığını dərk etmiş adamlar üçün uğurlu gündür.

Günün nişanələri su ilə bağlıdır. Çünki o olmayanda quraqlıq və susuzluq baş verir. Yağışa düşmək və günəşli gündə göy qurşağının altından keçmək uğur gətirir. Bu gündə üzüm yemək, müxtəlif otlardan dərman hazırlamaq, çiçəklərdən tac hörmək müdafiə və harmoniya əlamətidir.

Avesta astrologiyasına görə, 15-ci Günəş gününün himayədarı Ardvisur-Anahit hesab olunur (Mənası: Səma Suyu).

Veda astrologiyasında tutulma zamanları insanlara aşağıdakılar tövsiyə olunur:

- tutulmaya tamaşa etməyin;

- tutulma saatlarında qapalı şəraitdə olun;

- uzaq səfərə və ya səyahətə çıxmayın;

- tutulmadan 3 saat əvvəl və sonra qida qəbul etməyin;

- sükan arxasında oturmayın, yaxud çox ehtiyatlı olun;

- maliyyə əməliyyatlarından qaçın;

- kütlə ilə hər hansı əlaqə yaratmayın;

- zikr edin, ruhani aləmə qapılın, ya da heç olmasa, dincəlin;

- pis vərdişlərdən qurtulun, çünki tutulma zamanı orqanizm buna daha tez gedir (məsələn, siqareti tərgitmək istiqamətində və s.)

Beləliklə, verdiyimiz bu göstəriciləri analiz edib tutulma vaxtında hansı addımlar atacağınızı təyin edə bilərsiniz. Bizim məramımız hər kəsə doğru olanı göstərmək, zülmətdən xilas yollarını başa salmaq və Tanrıya yaxın olmalarına xidmət göstərməkdir. Gəlin, yarıyolda qalmayaq, çünki yolumuz Ağ İşığadır. Bu İşıqda isə nə Ay, nə də Günəş tutulması bizə mane ola bilməz.

Yolumuz nurlu olsun! Amin!

Səbuhi Rəhimli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm