• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bəxti gətirən hissiyyatlı adam - Buğa bürcünün xüsusiyyətləri

  • Qoroskop
  • 19 Aprel 2015 21:45
  • 6 697 Baxış
Bəxti gətirən hissiyyatlı adam - Buğa bürcünün xüsusiyyətləri

Aprelin 20-si Bakı vaxtilə saat 13:43-də Buğa bürcü start götürür.

Qədim Babil astroloqları bu işarə altında dünyaya gələnləri varlı və "öz mənafeyini hər şeydən üstün tutan adam" adlandırırdılar. Əgər bundan əvvəl yola saldığımız Qoç dövrü cəmiyyətdə və siyasi həyatda gərginlik yaradırdısa, Buğa bürcünün Göy qübbəsinə hakim kəsildiyi dövr nisbətən sabit keçir. Torpağa bağlı olan Buğa bürcündə müəmmalı cəhətlər çox olduğundan hələ də onun xarakteri tamamilə aşkar olunmayıb. Müşahidələr göstərir ki, təbiətin ən gözəl çağına təsadüf edən Buğa bürcü həm də toy-nişanla zəngin keçir.

Ulduzlar sistemində ikinci yeri tutan Buğa bürcü təxminən aprelin 21-dən mayın 21-nə qədər olan dövrü (32 günü) əhatə edir. Ünsürü torpaq, planeti Venera, xoşbəxt rəqəmi 6 (6-ya bölünən bütün rəqəmlər), uğurlu günü cümə, uğursuz günü çərşənbə axşamı, astrolji rəngi ağ, yaşıl, narıncı və yasəməni, qiymətli daşı brilyant, opal və Ay daşı, yaşamaq üçün uğurlu ölkələri İrlandiya, Rusiya, Polşa, İraq, İran, Əfqanıstan, Cənubi Qafqaz, Avstraliya və İsveçrədir.

Bu Zodiak Göy qübbəsində təqribən 800 kvadrat dərəcəlik sahəni əhatə edir. Onun tərkibində 230-dan artıq ulduz var və onlardan yalnız 25-ni adi gözlə görmək mümkündür. Buğa bürcündə parlaq ulduzlar, eləcə də iki böyük ulduz toplusu var. Bu bürcün planeti olan Venera (Dan ulduzu) astronomik hesabla ikinci yeri tutur. O, Günəş və Aydan sonra Yerdən görünən ən parlaq obyektdir. Qədim romalılar onu sevgi, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə belə adlandırıblar. Bu planetin radiusu 6050 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimlikdir. Müasir astrologiyada artıq üç ildir ki, Yerin təbii peyki olan Ayı da Buğa bürcünün himayədarı kimi qələmə verirlər.

Yuxarıda dediyimiz kimi Qoçla müqayisədə Buğa bürcünün əhatə etdiyi dövr kifayət qədər sakit keçir. Haqq-ədalətin, tapdanmış hüquqların bərpası, kəskin qarşıdurmaların sonuclanması da bu ərəfəyə təsadüf edir. Hesablamalar göstərir ki, Buğa bürcünün yalnız 1-ci dekadası (21-30 aprel) insanlar üçün təlatümlü keçir, qalan dekadalardasa həqiqət üzə çıxır, müəmmalı hadisələrə aydınlıq gəlir. Müasir dünya münəccimlərinin qənaətinə görə, cinayət işlərinin ən çox açılması da məhz bu Zodiakın əhatə etdiyi müddətə düşür.

Amma Buğa bürcü məmləkətimiz üçün o qədər də əhəmiyyətli deyil. Çünki sənayedə, elm və təhsildə nə qədər uğurlarımız olsa da, hərbi zəmində zaman-zaman yalnız məğlubiyyətlərlə üzləşmişik. Bu səbəbdən də hər dəfə "Buğa"nın təmkinini pozmamalı, onun nazıyla oynamalıyıq.

Söhbət açdığımız Zodiak işarəsi altında dünyaya gələn adamlar ilk növbədə yüksək qabiliyyətləri və əməksevərlikləri ilə diqqəti cəlb edirlər. Onlar hətta mənasız görünən məsələlərdə də ciddi nüanslar tapırlar. Güclü yaddaş, özünəinam, dəqiqlik, hədsiz təmkin bu adamların ən mühüm keyfiyyətlərindən hesab olunur. Belələri ətrafda cərəyan edən hadisələrə tələsik reaksiya vermir, hətta hər şey aşkarlansa belə, fikir bildirməyə tələsmirlər. Hər bir məsələdə vaxtı uzatmağı sevən "buğa"lar nadir hallarda yanılırlar. Onların qapalılığı ünsiyyətdə olduğu adamlarda ikrah hissi doğursa da, ciddi görkəmləri və yüngüllükdən uzaq olmaları münasibətlərin korlanmasına mane olur.

"Buğa"ların nə düşündüyünü və hansı addımlar atacağını öyrənmək çox çətindir. Çünki bu bürcün sakinləri ən yaxın simsarlarına belə sirr vermir, gələcək perspektivlərini hamıdan gizlədirlər. Riskdən uzaq olan bu adamlar adətən tələsmir, hər şeyi öz axarında həll etməyə çalışırlar. "Buğa"lar o qədər dözümlü olurlar ki, bəzən onların hər şeydən məhrum olduğunu zənn edirlər. Lakin gərgin situasiyalardan elə ustalıqla çıxırlar ki, hamı inanılmaz dərəcədə təəccüblənir.

Karmik astrologiyaya görə, bu bürcdən olan adam hər şeyi əsaslı və möhkəm şəkildə qurmağa çalışır. Onu öyrəşdiyi və adət etdiyi şəraitdən – evindən çölə çıxarmaq çətin məsələdir. Buğa dünyanı hissetmə əsasında qavramağa çalışır və bu yolla düşünə bilinəcəyindən daha çox informasiya əldə edir. Bu bürcün sakini çox hissiyyatlıdır (Buğa Zodiakın ən hissiyyatlı bürcü hesab olunur). O, incəsənətin plastik növləri olan rəsmi, qrafikanı və memarlığı çox sevir. Barəsində danışdığımız şəxs öz karmik proqramını tapmayana qədər əzab çəkir. Əksinə, o, bu proqramı tapa bildikdə, heç kim onu mənəvi yüksəlişə doğru gedən yoldan saxlaya bilməz.

Ali Buğa həyatı çoxtərəfli şəkildə qəbul edir. Digər adamlardan fərqli olaraq həyat ona qat-qat gözəl görünür. Çünki başqaları həyatı olduğu kimi görmür və qəbul etmirlər. Harmoniyada olan Buğa öz yaradıcılığı sayəsində başqalarına da dünyanı özünün qəbul etmə prizmasından yanaşmanı öyrədə bilər. Ali Buğanın fəaliyyətinə səbəb olan yalnız onun bəslədiyi sevgidir. O, gəzdikdə, qulaq asdıqda, hətta danışdıqda belə siz onun daxildən gələn hisslərlə davrandığını görə bilərsiniz. Bu zaman əmin olursan ki, o, həqiqətən də yaşayır. Xırdalıqlar ya onun ətarafında birləşib tama çevrilir, ya da kül kimi havaya sovrulur. Dərin əhəmiyyətli mahiyyət isə onun yanında daha da əhəmiyyətli və parlaq olmağa başlayır.

Bəri başdan nəzərinizə çatdıraq ki, bu bürcə aid olan kişilər ən darıxdırıcı insanlardır. Onların öz həmsöhbətləri ilə ünsiyyəti yalnız Miriş demişkən, "Salam. Sağ ol" çərçivəsindən çıxmır. Əgər siz bir kişi ilə tanış olarkən cəmi beş dəqiqə sonra onunla söhbətdən bezirsinizsə, çox ehtimal ki, yeni tanışınız Buğa bürcündəndir.

Orta əsrlər astroloqlarının qənaətincə, Qadın-Buğalar çox tamahkar olur, ən gözəl, ən yaraşıqlı oğlanları ovsunlamağa çalışırlar. Ümumiyyətlə, bu adamlar həddindən artıq xidmət göstərən olur, işlədikləri müəssisənin şərəfini qaldırmaqdan və müəssisə rəhbərini razı salmaqdan böyük zövq alırlar.

"Buğa"larla yaxşı ünsiyyət yaratmaq üçün onların xarakterinə uyğun davranış nümayiş etdirmək lazım gəlir. Hər hansı yumor, yüngül hərəkət, çılğınlıq və ya yalançı meyllər ağır nəticələr verə bilər. Bizim leksikonda işlədilən "yerəbaxan" sözünü haqqında danışdığımız zodiaka şamil etsək, heç də yanılmarıq. Lakin onların sakitliyini fağırlıq və ya qorxaqlıq kimi qəbul etmək də səhv olardı. Çünki onlara "sataşmaq" çox təhlükəlidir. Ən azı ona görə ki, belələri hiddətlənəndə mütləq qisas alırlar, üstündən hətta 20 il keçsə də.

"Buğa"ların nəyə maraq bəslədiyini bilmək kiməsə nadir hallarda müyəssər olur. Məktəb illərində heç vaxt qabaqcıl şagird olmasalar belə, bu, heç də onların passiv oxumasına dəlalət eləmir. Hər şeyə qiymət verən "buğa"lar qənaəti sevir, yığımcıl olurlar. Hətta həddi-buluğa çatmamış övladlarında bu qabiliyyəti görən valideynlər öz "qaraqabaq" uşaqlarının gələcəyinə ümidlə yanaşırlar. Yeri gəlmişkən, nəzərinizə çatdırırıq ki, Buğa bürcü altında doğulan hər kəs - istər qadın olsun, istərsə də kişi - gözəl aşbazlıq qabiliyyətinə malik olurlar.

Yəqin çoxlarınız bilmirsiniz ki, bürclər arasında ən varlısı da məhz "buğa"larla "oxatan"lardır. İkincilər var-dövlətə əziyyətləri və dostlarının köməyi ilə çatırlarsa, birincilər buna bəxtləri, ağılları və hiylələri hesabına yetişirlər. Onlar özlərindən və ailələrindən daha çox başqalarının mənafeyini təmin etməyə üstünlük verirlər. Bu bürcdən olanlarda bir qədər hiyləgərlik də var. Lakin onlar bunu yalnız lazımi məqamda icra edirlər. Məsələn, öz ideyalarının obyektiv olduğuna valideynlərini inandırmaq, münasibətləri soyuqlaşan iki şəxs arasında sülh yaratmaq üçün biclik işlədirlər.

O ki qaldı "buğa"ların sevgisinə, bu barədə bəzi incə nüansları nəzərinizə çatdırmaq istərdik. İlk öncə qeyd edək ki, "buğa"lar sevgidə çox tələbkardır. Hər nə istəsən, etməyə qadirdilər. Amma bunun əvəzini də görməyə çalışırlar. Cüssəli, qamətli, qəşəng görkəmli "buğa"ların məhəbbətini qazanmaq istəyirsinizsə, əvvəlcə özünüzə fikir verin. Çünki onlar sevdiyi adamı gözəl və yaraşıqlı görmək istəyirlər. Siz dəbə uyğun, zövqlə geyinməyi bacarmalısınız. Ehtiraslı "buğa"nı intim əlaqələrdə də razı salmaq çox çətindir. Siz məhəbbətin bütün sirlərinə yiyələnməlisiniz. Əks halda, onlar sizə qarşı bütün maraqlarını itirəcəklər.

Hələ qədimlərdə bu bürc altında dünyaya gələnləri hakimiyyətə iddialı hesab edirdilər (II Yekaterina, II Nikolay, Karl Marks, Mustafa Kamal Atatürk, Vladimir Lenin, Heydər Əliyev, Ayaz Mütəllibov, Səddam Hüseyn və başqaları). Onların ticarət sahəsində məşhurlaşacağını da bildirirdilər. Lakin "buğa"lar səyyah, incəsənət xadimi və icmalçı kimi də məşhurlaşırlar. Bu adamlar daha çox rəhbər vəzifələrdə çalışırlar. Çünki Buğa bürcünün sakinləri digərlərinə nisbətən idarəetmə funksiyasını mükəmməl bilirlər.

Səbuhi RƏHİMLİ

Xəbər lenti

DAHA ÇOX XƏBƏR