Prezident görüşlər keçirdi - FOTO
Bizi izləyin

Rəsmi xronika

Prezident görüşlər keçirdi - FOTO

Prezident İlham Əliyev bu gün BMT baş katibinin müşaviri, BMT İnkişaf Proqramı rəhbərinin müavini, Avropa və MDB üzrə regional büronun direktoru xanım Cihan Sultanoğlunu qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Ximenezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri Patrisia Ximenezin böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu bildirən dövlətimizin başçısı nümayəndə heyətinin Forumda iştirakının maraqlı olacağına ümidvar olduğunu dedi. Forumun artıq beynəlxalq tədbirə çevrildiyini vurğulayan Prezident İlham Əliyev dünya birliyinin üçdə bir hissəsindən çoxunun Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsinin önəmini qeyd etdi. Azərbaycanla Argentina arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı səfirliklərin fəaliyyət göstərməsinin və xarici işlər nazirləri səviyyəsində qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyətini vurğulayaraq ikitərəfli əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın da böyük əhəmiyyət daşıdığını dedi. Prezident İlham Əliyev Patrisia Ximenezin ölkəmizdə keçirəcəyi görüşlərin səmərəli olacağına əminliyini ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın Argentina ilə ikitərəfli əlaqələrin sürətli inkişaf etdirilməsində maraqlı olduğunu vurğuladı.

Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri Patrisia Ximenez Argentina Prezidenti Maurisio Makrinin və Argentina Parlamentinin sədrinin salamlarını dövlətimizin başçısına çatdırdı. Patrisia Ximenez Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Argentinalı qonaq bu gün eyni zamanda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva ilə görüşdüklərini məmnunluqla vurğuladı. O, Bakının gözəlliyinin və insanların multikultural dəyərlərə böyük önəm vermələrinin onlarda dərin təəssürat yaratdığını dedi.

Dövlətimizin başçısı Argentina Prezidenti Maurisio Makrinin və Argentina Parlamentinin sədrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Argentina Prezidenti və Parlamentinin sədrinə çatdırmağı xahiş etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da BMT-nin baş katibinin müavini, BMT İnkişaf Proqramı rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Büronun direktoru Cihan Sultanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev BMT baş katibinin müavini Cihan Sultanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının və BMT-nin baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı BMT-nin baş katibinə salamlarını çatdırmağı xahiş etdi. BMT kimi nüfuzlu qurumun Azərbaycan dövlətinin fəaliyyətini yüksək qiymətləndirməsinin önəmini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin bütün sahələrdə bundan sonra da inkişafını təmin etmək üçün səylər davam etdiriləcək.

Forumda iştirak etməkdən şərəf duyduğunu deyən BMT baş katibinin müavini Cihan Sultanoğlu Bakı Forumunun çox vacib bir tədbir olduğunu bildirdi. O, Forumun yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

Görüşdə V Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd olundu. Bu Forumda müzakirə edilən məsələlərin, irəli sürülən təşəbbüslərin və multikulturalizm ideyalarının indiki dövrdə bütün dünya üçün vacib olduğu diqqətə çatdırıldı. Azərbaycanın BMT ilə humanıtar sahədə uğurlu əməkdaşlıq etdiyi vurğulandı. Söhbət zamanı müəyyən təhdidlərin aradan qaldırılması üçün dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın möhkəmləndirilməsinin önəmi qeyd edildi. Görüşdə BMT-nin Azərbaycan ilə əməkdaşlığa önəm verdiyi bildirildi, birgə həyata keçirilən proqramlar, o cümlədən BMT İnkişaf Proqramı çərçivəsində reallaşdırılan layihələrdən söhbət açıldı. Bu proqramların bundan sonra da həyata keçirilməsi imkanları müzakirə olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Forumun dünyada gedən proseslərə münasibət bildirmək üçün yaxşı platforma olduğunu dedi. Dövlətimizin başçısı qeyd etdi ki, V Bakı Beynəlxalq Humanitar Forumunun gündəliyi zəngindir və burada müzakirə edilən məsələlər əhəmiyyətlidir.

Bu mötəbər tədbirin artıq beşinci dəfədir keçirildiyini deyən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Forumun çox uğurlu olduğunu dedi. Bildirdi ki, indiyədək keçirilən forumlarda qəbul edilən qərarlar bütün dünyada böyük nəticələrin əldə olunmasına şərait yaradır.

Görüşdə Azərbaycan, o cümlədən Heydər Əliyev Fondu ilə ISESCO arasında çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, bu əməkdaşlığın beynəlxalq səviyyədə önəmi qeyd edildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodetsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə təşkil edildiyini, ölkələrimizin Forumun keçirilməsində aparıcı rol oynadıqlarını bildirdi. Dövlətimizin başçısı Rusiya Prezidenti ilə avqust ayında keçirilən görüşündə bu mövzuya toxunduqlarını dedi və Forum iştirakçılarına ünvanladığı məktuba görə Rusiya dövlətinin başçısına təşəkkürünü çatdırmağı xahiş etdi. Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilən məsələlərin aktual olduğunu deyən Prezident İlham Əliyev regionda və dünyada baş verənlərin nikbinlik üçün əsas vermədiyini, bu səbəbdən humanitar əməkdaşlıq və sülhün bərqərar olması məqsədilə daha çox səy göstərməyin vacibliyini qeyd etdi. Bu məsələdə Azərbaycanın təcrübəsinin çox əhəmiyyətli olduğunu, bir sıra ölkələrdə bu təcrübənin öyrənilməsinə ehtiyacın duyulduğunu bildirdi. Azərbaycan-Rusiya münasibətlərinin zəngin tarixə malik olduğunu deyən dövlətimizin başçısı ölkələrimizin bütün istiqamətlərdə, o cümlədən humanitar sahədə fəal əməkdaşlıq etdiyini vurğuladı.

Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodets şəhərimizin gözəlliyinin onda xoş təəssürat yaratdığını bildirdi. “Bakının müasir siması həqiqətən məni çox təsirləndirdi. Bakı Azərbaycanın çoxəsrlik ənənələrini, eyni zamanda, bu gün dünyada yaranmış bütün yenilikləri özündə birləşdirir”, - deyən Olqa Qolodets Heydər Əliyev Mərkəzinin nümunəsində Bakının simasının güclü təsir bağışladığını vurğuladı. “Rusiya tərəfi Sizin sülhə, əməkdaşlığa verdiyiniz töhfəni çox yüksək qiymətləndirir”, - deyən Rusiya Hökuməti sədrinin müavini Rusiyanın Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verdiyini, ölkələrimiz arasında əməkdaşlığın səmərəli və çoxşaxəli olduğunu bildirdi. Bakıda müxtəlif görüşlər keçirəcəyini, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında olacaqlarını deyən Olqa Qolodets səhiyyə və mədəni turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladı.

Söhbət zamanı Azərbaycan ilə Rusiyanın ali məktəbləri arasında gənclərin regional forumlarının keçirilməsi, uşaqların yay düşərgələrində istirahəti və digər məsələlər müzakirə olundu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm