İlham Əliyev cəbhə bölgəsində - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev cəbhə bölgəsində - FOTO (YENİLƏNİB)

Dekabrın 3-də Tərtər rayonunda Müdafiə Nazirliyinin yeni inşa edilmiş “N” saylı hərbi hissəsinin açılışı olub.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi hissənin açılışında iştirak edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Məlumat verildi ki, hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana yaradılıb. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi də salınıb. Bundan başqa, hərbi hissənin ərazisində müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park da var.

Qərargah binasında ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğılarını, hərbçilərlə görüşlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Burada hərbi hissə növbətçisi, istirahət və çay otaqları, rabitə qovşağı və digər zəruri otaqlar var. Qərargah binasında rəhbərliyin yüksək səviyyədə çalışması və istirahəti üçün hər cür şərait yaradılıb. Hərbi hissədəki kazarmaların girişində Azərbaycanın Milli qəhrəmanlarının fotolarından ibarət guşə də var. Burada müasir idman avadanlığı ilə təchiz edilmiş idman otağı zabit və əsgərlərin ixtiyarındadır. Kazarmada dəftərxana, məişət otağı, ideoloji otaq yaradılıb. İdeoloji otaq Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixini, şanlı Ordumuzun əldə etdiyi qələbələri və dövlətimizin Azərbaycan hərbçilərinə göstərdiyi diqqəti əks etdirən əyani vəsaitlərlə təchiz olunub.

Əsgər və zabit heyətinin keyfiyyətli qidalanması üçün hərbi hissənin yeməkxanası da müasir səviyyədə qurulub. Yeməkxanadakı mətbəx və anbar müasir avadanlıqla təchiz edilib.

Bu hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər maddi-texniki bazası daha da gücləndirilən Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq dünyanın ən qüdrətli ordularından biri kimi tanınır. Son dövrlərdə Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar sübut edir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Sonda xatirə şəkli çəkdirildi.

***

Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər rayonunun Sarıcalı kəndində Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün açılışında iştirak ediblər.

Publika.az-ın xəbərinə görə, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, Bərdə-İstisu avtomobil yolunun 10-cu kilometrliyində inşa edilmiş körpü barədə məlumat verdi.

Bildirildi ki, körpünün inşası Tərtər rayonunun strateji əhəmiyyətli ərazidə yerləşməsi və bu ərazidə 1947-ci ildə tikilən mövcud körpünün istismar müddətini başa vurması nəzərə alınaraq həyata keçirilib. Körpünün tikintisinə 2016-cı ilin iyununda başlanılıb və qısa müddətdə başa çatdırılıb. Üçaşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 metrdir. İkizolaqlı körpünün hərəkət hissəsinin eni 8,5 metrdir. Piyadaların körpüdə rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə hər bir istiqamət üzrə 1,75 metr enində səkilər də tikilib.

Layihə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr uzunluğunda yanaşma yolları və ümumi uzunluğu 56 metr olan beş dairəvi borunun tikintisi aparılıb.

Diqqətə çatdırıldı ki, Sarıcalı və Zolgəran kəndləri arasında inşa edilən körpü 11 yaşayış məntəqəsinin 25,6 min sakininin mənzil başına rahat çatması üçün məsafəni qısaltmaqla avtonəqliyyat vasitələrinin hərəkətini xeyli yaxşılaşdıracaq. Bundan əvvəl isə sakinlər rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə getmək üçün təqribən 15 kilometrdən artıq əlavə yol qət etməli olurdular.

Dövlətimizin başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtər şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Publika.az xəbər verir ki, hazırda ölkəmizdə uşaqların təlim-tərbiyəsinin təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm layihələr icra olunur. Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyümələri naminə gördüyü işlər çərçivəsində mövcud körpələr evi-uşaq bağçalarının əsaslı təmiri ilə yanaşı, çoxlu sayda yeni belə müəssisələrin yaradılması geniş vüsət alıb. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi işinə dövlətimizlə yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində həyata keçirilən layihələr bu baxımdan çox mühüm rol oynayır. Uğurla icra edilən bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir.

Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin iyulunda başlanılıb. Binanın ümumi sahəsi 1200 kvadratmetrdir. İkimərtəbəli binada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Binada dörd oyun və dörd yataq otağı, mətbəx, tibb otağı, akt zalı, metodist, kompüter və digər texniki otaqlar var. Burada uşaqların istirahəti və əyləncəsi üçün yaradılan hərtərəfli şərait balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyət qurmaları məsələlərində də mühüm rol oynayacaq.

Bağçanın ərazisi dekorativ daş hasara alınıb, həyətdə su anbarı, qazanxana tikilib, transformator yarımstansiyası quraşdırılıb, əyləncə meydançası yaradılıb.

Körpələr evi-uşaq bağçasında 31 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

***

Bu il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox evlərə də ciddi ziyan dəyib.

Hadisədən dərhal sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gələrək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olmuş, sakinlərlə görüşmüş, dağılmış evlərə baxmışdı. Prezident İlham Əliyev tamamilə dağılmış evlərin yerində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar vermiş və Sərəncam imzalamışdır. Rayon icra hakimiyyətləri və müvafiq dövlət qurumları həmin Sərəncamın icrası ilə bağlı bütün lazımi tədbirləri görüblər.

Publika.az xəbər verir ki, dekabrın 3-də Tərtərə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva apreldə ziyan dəymiş evlərdə aparılan tikinti, bərpa və təmir işləri ilə tanış oldular.

Dövlətimizin başçısı və xanımı həyətləri gəzdilər, tikilmiş və bərpa olunmuş evlərə baxdılar.

Azərbaycan Prezidenti İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci ilin mayında imzaladığı Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, ümumilikdə rayonda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.

Dövlətimizin başçısı və xanımı zərər çəkmiş evlərdə əsaslı bərpa işlərindən sonra yaradılmış şəraitlə tanış oldular, sakinlərlə söhbət etdilər, xatirə şəkilləri çəkdirdilər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak ediblər.

Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə tanış oldu.

Məlumat verildi ki, binanın inşasına 2014-cü ildə başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Binanın foyesində “Rəşadətli Azərbaycan Ordusu” fotostendi quraşdırılıb. Fotostenddə erməni işğalçılarının təxribatları zamanı dinc əhaliyə, onların əmlakına, həmçinin təsərrüfatlarına dəyən ziyanı əks etdirən fotolar var. Stenddəki fotolar aprel döyüşlərində düşmənə layiqli cavab verən Azərbaycan Ordusunun qüdrətini, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin bu hadisələr zamanı xalqın və ordunun yanında olduğunu, onlara dəstəyini nümayiş etdirir.

Məlumat verildi ki, binanın ümumi sahəsi 510 kvadratmetrdir. İkimərtəbəli binada 50 yerlik iclas zalı, iş və texniki otaqlar yaradılıb. Təşkilatın qadınlar şurasının və gənclər birliyinin fəaliyyəti üçün binada hər cür şərait var.

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının 5875 üzvü var. Onların 3121-ni qadınlar, 1449-nu isə gənclər təşkil edir. Partiyanın üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edərək Tərtərin sosial-iqtisadi inkişafı istiqamətində icra olunan layihələrin reallaşmasına töhfə verirlər.

YAP-ın proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Dövlətimizin başçısı yeni binanın açılışı münasibətilə YAP Tərtər rayon təşkilatının üzvlərini təbrik etdi, onlara uğurlar arzuladı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtərdə inşa edilmiş Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının açılışında iştirak ediblər.

Publika.az-ın xəbərinə görə, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Şahmat idmanının Azərbaycanda sürətli inkişafı və kütləviləşməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın əksər şəhər və rayonlarında şahmat məktəbləri inşa edildi. Bu gün beynəlxalq şahmat yarışlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bu ilin sentyabrında 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə keçirilməsi bunu bir daha sübut etdi. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində respublikamızın müxtəlif bölgələrində yeni şahmat məktəbləri inşa edilib. Bu məktəblər bütün zəruri avadanlıqla təchiz edilib. Tərtərdə yüksək zövqlə inşa edilən Uşaq-Gənclər Şahmat Məktəbinin binası da bu qəbildəndir.

Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtərə səfərlərini, həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bundan başqa, foyedə “Rəşadətli Azərbaycan Ordusu” fotostendi də quraşdırılıb. Stenddə bu ilin aprelində işğalçı Ermənistan ordusunun Tərtəri atəşə tutması nəticəsində mülki vətəndaşlara dəyən ziyan, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə layiqli cavab verməsi, həmçinin dövlətimizin başçısı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın aprel hadisələri zamanı rayona dəyən ziyanla yerində tanış olmaları, cəbhəyanı kəndlərin sakinləri ilə və yaralılarla görüşlərini əks etdirən fotolar yer alıb.

Ümumi sahəsi 1300 kvadratmetr olan üçmərtəbəli binada inzibati otaqlar, kabinetlər, iclas və oyun zalları var. Məktəbdə yaradılan 8 sinif otağı zəruri avadanlıqla təchiz edilib. Burada yarışların canlı izlənilməsi üzün monitor da quraşdırılıb. Hazırda məktəbdə 15 nəfər çalışır. Məktəbdə yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunacaq. Bu cür şahmat məktəblərində şagirdlər zəngin təcrübə toplayaraq ölkəmizi müxtəlif səviyyəli yarışlarda layiqincə təmsil edirlər.

Dövlətimizin başçısı və xanımı gənc şahmatçılara uğurlar arzuladılar.

Sonda xatirə şəkli çəkdirildi.

***

Dekabrın 3-də “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin başa çatması münasibətilə tədbir keçirilib.

Publika.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına və xanımına layihə haqqında məlumat verdi.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində icra edilən bu layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 21 min sakinin yaşadığı 11 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, bu layihədən 47 min sakin faydalanacaq.

Qeyd olundu ki, layihənin icrasına 2015-ci ilin mayında başlanılıb. Şəhəri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün ümumi məhsuldarlığı saniyədə 120 litr olan 9 subartezian quyusu qazılıb, 3,6 kilometr uzunluğunda quyulararası xətt inşa edilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün hər birinin həcmi 5 min kubmetr olan 2 su anbarı, nasos stansiyası və 2,4 kilometr uzunluğunda magistral su kəməri inşa edilib. Layihəyə əsasən, Tərtər şəhərində 91 kilometr paylayıcı su şəbəkəsi yaradılıb, 4700 ünvana birləşmə verilib və bu ünvanlar sayğacla təmin edilib. Yanğın təhlükəsizliyi məqsədilə şəhərin müxtəlif yerlərində 360 yanğın hidrantı, suyun optimal idarə edilməsi üçün 185 siyirtmə quraşdırılıb. Yeni yaradılmış su təchizatı sistemləri vasitəsilə şəhərə 24 saat fasiləsiz içməli suyun verilməsi təmin edilib.

Diqqətə çatdırıldı ki, layihə çərçivəsində Tərtər şəhərində ilk dəfə kanalizasiya sistemi də yaradılıb. Bu məqsədlə 75 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 3,5 kilometrlik kollektor inşa edilib. Şəbəkəyə 4700 ünvanın qoşulması təmin olunub. Beləliklə, Tərtər şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb. Layihənin növbəti mərhələsində şəhərdə yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 7500 kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur. Eyni zamanda, Tərtər Sukanal İdarəsi üçün müasir standartlara cavab verən yeni inzibati binanın tikintisi də layihələndirilib və bu mərhələdə icra olunacaq. Tullantı sutəmizləyici qurğu və inzibati bina da nəzərə alınmaqla layihə üzrə tikinti işləri 2018-ci ildə tam yekunlaşacaq.

Tərtər şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri 1960-cı illərdə yaradılıb. Həcmi 500 kubmetr olan iki su anbarı və 47 kilometr uzunluğunda şəhərdaxili şəbəkə istismara yararsız vəziyyətdə olub. Tərtər şəhərində kanalizasiya sistemi isə ümumiyyətlə mövcud olmayıb. Yeni layihənin icrasına qədər “Azərsu” ASC 20 min şəhər sakinindən 11 mininə və ya təqribən 55 faizinə xidmət göstərib və şəhərə su qrafik üzrə verilib.

Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində Tərtər şəhəri ilə yanaşı, Gədəbəy, Daşkəsən və Astara şəhərlərində də su və kanalizasiya şəbəkəsinin yenidən qurulmasına başlanılıb. 2017-ci ildə Gədəbəy və Daşkəsən şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşacaq, Qazax şəhərində isə layihənin icrasına başlanacaq.

Sonra dövlətimizin başçısı Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Azərbaycan Prezidenti Tərtər şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtər rayonuna səfərə gəliblər.

Publika.az xəbər verir ki, dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm