İlham Əliyev Münxendə görüşlər keçirdi - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Münxendə görüşlər keçirdi - FOTO - (YENİLƏNDİ)

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxendə Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko ilə görüşü olub.

Vitali Kliçko ölkələrimiz arasında qədim tarixə malik dostluq münasibətlərinin olduğunu dedi. Ukraynada çoxlu sayda Azərbaycan diasporunun nümayəndələrinin yaşadığını deyən Kiyevin meri mütəmadi olaraq onlarla görüşlərin keçirildiyini diqqətə çatdırdı.

Ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, qarşılıqlı biznes maraqlarının olduğunu deyən Vitali Kliçko SOCAR-ın Ukraynada uğurlu fəaliyyətini vurğuladı, şirkətin və Azərbaycan diasporunun nümayəndələrinin Ukraynanın inkişafına mühüm töhfə verdiyini bildirdi. Mer Kiyevdə ulu öndər Heydər Əliyevin adını daşıyan parkın şəhərin ən nümunəvi məkanlarından birinə çevrildiyini dedi.

Prezident İlham Əliyev Kiyevin dünyanın ən gözəl şəhərlərindən biri olduğunu, onun tarixi hissəsinin qorunmasının və şəhərin inkişafının böyük diqqət tələb etdiyini vurğuladı, Bakı və Kiyev meriyaları arasında münasibətlərin möhkəmləndirilməsinin və qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətindən danışdı. Azərbaycan diasporunun Ukraynanın inkişafına töhfə verdiyini bildirən dövlətimizin başçısı ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmləndiyini, Ukraynanın Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd etdi.

***

Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə “MAN SE” şirkətinin baş icraçı direktoru Yoaxim Dris ilə görüşüb.

Görüşdə Yoaxim Dris Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizdə irimiqyaslı layihələrin həyata keçirildiyini, nəqliyyat dəhlizləri ilə bağlı gedən proseslərdən məmnun qaldıqlarını, respublikamızda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirdi.

Prezident İlham Əliyev son illərdə Azərbaycanda müxtəlif sahələrdə yeniləşmə işlərinin aparıldığını, ictimai nəqliyyatın müasirləşdirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü vurğuladı. Dövlətimizin başçısı əməkdaşlıq imkanlarının araşdırılması üçün “MAN SE” şirkətinin nümayəndələrini Azərbaycana səfərə dəvət etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm