Azərbaycan-Qətər sənədləri imzalandı - FOTOLAR - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

Azərbaycan-Qətər sənədləri imzalandı - FOTOLAR - (YENİLƏNDİ)

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem bin Nasser Al Ali və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem bin Nasser Al Ali və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Qətər Limanları İdarəetmə Şirkəti “MWANİ Qatar” arasında” Anlaşma Memorandumunu Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev imzaladılar.

“Azərbaycan Respublikası Mülki Aviasiya Administrasiyası və Qətər Dövləti Mülki Aviasiya Administrasiyası arasında” Anlaşma Memorandumunu Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair” Sazişə əlavə Protokolu Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunu Qətərin bələdiyyə və ekologiya naziri Mohamed bin Abdullah Al Rumaihi və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov imzaladılar.

***

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidentinin Qətərə səfərinin əlaqələrimizin daha da genişləndirilməsi və əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin fevralın 27-də geniş tərkibdə görüşü olub.

Görüşdə son vaxtlar iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi bildirildi.

Azərbaycana səfərini xatırladan Əmir respublikamızın sürətlə inkişafının şahidi olduğunu diqqətə çatdıraraq bildirdi ki, ölkəmizdə sabitlik və təhlükəsizlik mövcuddur. Bu da həm iqtisadi, həm turizm sahələrində inkişafa imkan yaradır. Qətər Dövlətinin Əmiri qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğuladı.

Azərbaycan Prezidenti İlham Əliyev Qətərə əvvəlki səfərini məmnunluqla xatırladı və ötən müddət ərzində ölkədə böyük inkişafın şahidi olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlardan, qeyri-neft sektorunun inkişafından danışaraq vurğuladı ki, əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir.

Söhbət zamanı müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm, mədəniyyət, infrastruktur sahələrində əlaqələrin genişləndirilməsinin önəmi vurğulandı, digər ölkələrdə müxtəlif sahələrdə layihələrin icrasına birgə sərmayə qoyuluşu, neft və qaz sahəsində əməkdaşlıq imkanları müzakirə olundu.

***

Qətər Dövlətində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 27-də Əmir sarayında rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Respublikasının və Qətər Dövlətinin dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Əmir Şeyx Təmim bin Həməd Al Tani fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Əmir Şeyx Təmim bin Həməd Al Taniyə, Qətər Dövlətinin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm