Birinci vitse-prezident: "Bütün məcburi köçkünlər və qaçqınlar öz yurdlarına qayıdacaqlar"
Bizi izləyin

Rəsmi xronika

Birinci vitse-prezident: "Bütün məcburi köçkünlər və qaçqınlar öz yurdlarına qayıdacaqlar"

"Yeni binalar keyfiyyət standartlarına tam cavab verməlidir".

Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər və qaçqınlar öz doğma yurdlarına qayıdacaqlar.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirəyə yekun vurarkən deyib.

Birinci vitse-prezident qeyd edib: "Bu gün bizim qarşımızda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir. Söhbət Bakı və Sumqayıt şəhərlərində məskunlaşan köçkün ailələrindən gedir. Dediyim kimi, biz işlərimizi iki istiqamətdə qurmalıyıq. Yeni mənzillər, yeni binalar tikilməlidir və inşa olunan yeni binalar keyfiyyət standartlarına tam cavab verməlidir".

Mehriban Əliyeva bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ərazilər ayırmalıdır: "Bildiyimə görə, Sumqayıtda ərazi var. Lazımi infrastruktur və kommunikasiya xətləri dövlət dəstəyi ilə çəkilməlidir. Əlbəttə, bütün bu işlər əlavə vəsait tələb edir. Bu vəsait tezliklə ayrılmalıdır. Ən qəzalı, ən ağır vəziyyətdə olan binalarda yaşayan köçkün ailələri tezliklə yeni binalara köçürülməlidir. Bununla yanaşı, Bakıda və Sumqayıtda artıq inşa edilmiş və mənzilləri boş olan təzə binalar var. Bu binalarda köçkünlər üçün mənzillər alınmalıdır. Müvafiq dövlət orqanları - Prezident Administrasiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında koordinasiya yaradılmalıdır. Bu, bizim ümumi işimizdir və tezliklə lazımi addımlar atmalıyıq".

Azərbaycanın Birinci vitse-prezidenti qaçqınların və məcburi köçkünlərin işlə təminatı məsələsinə də toxunub: "Dediyim kimi, son 13 il ərzində 400 minə yaxın məcburi köçkün işlə təmin olunmuşdur. Amma yenə də bu sahədə problemlər var. Ona görə də rayon icra hakimiyyətləri bu barədə düşünsünlər, bəlkə kiçik biznes, ya kiçik müəssisələr barədə təkliflər hazırlasınlar. Bildiyiniz kimi, Prezidentin göstərişi ilə işsizlik problemini aradan qaldırmaq üçün böyük vəsait ayrılıb, iş yerləri yaradılıb. İş yerlərinə daha çox əhalinin bu təbəqəsindən insanları cəlb etmək lazımdır".

Mehriban Əliyeva əlavə edib: "Biz hamımız əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər və qaçqınlar öz doğma yurdlarına qayıdacaqlar. Bu gün onları yerləşdirmək üçün tikilən binalar, salınan qəsəbələr, alınan mənzillər onların müvəqqəti ünvanıdır. Reallıqlar bundan ibarətdir. Bu gün bizim məqsədimiz bu insanları normal yaşayış yeri və işlə təmin etməkdir. Mən bu işdə hər birinizə uğurlar arzulayıram. Çox sağ olun".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm