Azərbaycan Prezidentinin şərəfinə rəsmi ziyafət verilib
Bizi izləyin

Rəsmi xronika

Azərbaycan Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

İyunun 27-də Polşa Respublikasının Prezidenti Andjey Dudanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları rəsmi ziyafətdə çıxış ediblər.

“Azərbaycan və Polşa arasındakı müasir diplomatik əlaqələrin tarixi 25 illik dövrü əhatə etsə də, xalqlarımız arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələri mövcuddur. Hələ XV əsrdə Azərbaycan hökmdarı Uzun Həsənin Polşa Kralı Yagello ilə sıx təmasları olub. Sonrakı dövrlərdə də münasibətlərimiz qorunub saxlanılıb. Şərqdə ilk demokratik respublikanın – 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin həyatında polyaklar fəal iştirak ediblər. General Maçey Sulkeviç həmin dövrdə Azərbaycan Ordusunun qərargah rəisi olub. Kriçevski qardaşları isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində rəhbər vəzifələr tutublar. Azərbaycanlı Vəli bəy Yadigar isə İkinci Dünya müharibəsi illərində Polşa Milli Ordusunun polkovniki olub”, - Azərbaycan Prezidenti deyib.

Dövlət başçısı qeyd edib ki, XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakı şəhərinin memarlıq simasının formalaşmasında polyaklar böyük rol oynayıblar: “Bakının baş memarı olmuş Yuzef Qoslavski, eləcə də tanınmış memarlar Ploşko və Skureviçin layihələri ilə inşa edilmiş binalar bu gün də Bakıya gözəllik verən memarlıq nümunələridir. Polyaklar Azərbaycanın neft sənayesinin inkişafına da töhfələr veriblər. Mühəndis Pavel Pototskinin Xəzər şelfində neft çıxarılması sahəsində böyük xidmətləri olub. Vəsiyyətinə uyğun olaraq Pototski Bakıda dəfn olunub və burada onun xatirəsinə abidə ucaldılıb. Qeyd etməliyəm ki, ədəbi, mədəni, elmi əlaqələrimizin də zəngin tarixi var. Bu əlaqələr bu gün də davam və inkişaf etməkdədir. Xalqlarımız arasında formalaşan möhkəm dostluq əlaqələri bugünkü münasibətlərimiz üçün gözəl zəmin yaradıb. Hazırda Azərbaycan ilə Polşa arasında siyasi əlaqələr yüksək səviyyədədir. Bu səfər çərçivəsində imzalanan sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə” münasibətlərimizin daha da inkişafı üçün siyasi iradəmizin göstəricisidir. Siyasi münasibətimizin mövcud səviyyəsi iqtisadi əlaqələr üçün də yeni perspektivlər açır. Tarixi İpək yolu üzərində əlverişli coğrafi mövqeyə malik Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri əməkdaşlığımızın daha da genişlənməsinə imkan verir”, - deyə prezident qeyd edib.

İlham Əliyev Azərbaycanın regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa töhfə verdiyini, lakin regionun ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qaldığını vurğulayıb: "Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş və bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq normalara uyğun ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Mövcud status-kvo qəbuledilməzdir və işğal edilmiş ərazilər qeyd-şərtsiz azad olunmalıdır.

Mən Polşaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyinə görə minnətdarlığımı bildirirəm".

Polşa prezidenti Cənubi Qafqaz regionunda rolu, həmçinin Şərq Tərəfdaşlığında getdikcə artan iştirakı baxımından Polşanın Şərq siyasəti üçün Azərbaycanın çox önəmli olduğunu dilə gətirib: "Hesab edirik ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən önəmli körpüdür. Azərbaycanın nailiyyətlərinə böyük ehtiramla yanaşır, ölkənizi tərəfdaş kimi görürük. Polşa və Azərbaycanın qarşısında oxşar məqsədlər durur. Ölkələrimizin sabit və təhlükəsiz inkişafını təmin etmək üçün çalışır və eyni zamanda, beynəlxalq arenada mövqeyimizi möhkəmlətmək istəyirik. Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir, regionun sabitliyinin və inkişafının təmin edilməsində həlledici rol oynayırlar. Əminəm ki, bu gün beynəlxalq vəziyyətin çox mürəkkəb olduğu dövrdə birlikdə tərəfdaşcasına əməkdaşlıq sayəsində ortaq təşəbbüs və tədbirlərimizi uğurla həyata keçirmək şansına malikik" (AZƏRTAC).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm