Prezident Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşdü
Bizi izləyin

Rəsmi xronika

Prezident Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycanın və Türkiyənin TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı layihələri birlikdə uğurla həyata keçirdikləri qeyd olundu.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev ötən ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi”nin müddətinin uzadılması mərasimində Berat Albayrak ilə görüşünü xatırladı və TANAP layihəsinin icrasının artıq yekunlaşmaqda olduğunu vurğuladı. Dövlətimizin başçısı tezliklə “Şahdəniz-2” yatağından qazın hasil olunmasına və borulara ötürülməsinə başlanılacağını bildirdi.

Nazir Berat Albayrak “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasının əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının önəmini qeyd etdi. O, ötən ay TANAP layihəsinin icrası çərçivəsində sınaq işlərinə başlanıldığını dedi.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm