Rəsmi xronika
O şəxslərə 11 min manat veriləcək - Prezidentdən MÜHÜM FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmanda bildirilir:
1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir.
2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
3. Birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş
şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı
sənədlər əsasında verilir:
3.1. hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə;
3.2. hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə
qərarı;
3.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik
hüququnu təsdiq edən sənəd;
3.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank
hesabı nömrəsinə dair arayış.
4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir.
5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi:
6.1. birdəfəlik ödəmənin verilməsinə dair müraciəti bu Fərmanın
3-cü hissəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə qəbul edib,
onu müraciətlərin vahid elektron reyestrinə daxil etsin və
müraciətin daxilolma tarixini və reyestr nömrəsini əks etdirən
qəbzi müraciət etmiş şəxsə təqdim etsin;
6.2. hərbi qulluqçunun adının bu Fərmanın 5-ci hissəsində nəzərdə
tutulmuş ümumi siyahıda olub-olmamasını müəyyən edib, bu Fərmanın
digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə
və ya bundan imtina edilməsinə dair qərar qəbul etsin;
6.3. birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmiş
şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll
edilməsi üçün, mütəmadi olaraq, Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim
etsin;
6.4. müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik
ödəmələrin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına
köçürülməsini təmin etsin və bu barədə həmin şəxslərə məlumat
versin;
6.5. birdəfəlik ödəmə üçün müraciət etmiş və ödəniş almış şəxslər,
həmçinin ödənilmiş məbləğ barədə rüblük məlumatı Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
6.6. hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil
etməklə, bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi
siyahıda olub-olmamasını yoxlamağa imkan verən internet informasiya
resursunun fəaliyyətini təmin etsin.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
7.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyindən daxil olmuş məlumatlar əsasında müraciətlərin
daxilolma ardıcıllığı nəzərə alınmaqla, birdəfəlik ödəmələrin
verilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi üçün
tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə
tutulmasını və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə ayrılmasını təmin etsin;
7.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş tarixədək baş
vermiş sığorta hadisələrinə görə “Hərbi qulluqçuların dövlət icbari
şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş sığorta ödənişlərinin verilməsinə dair qanuni
qüvvəyə minmiş məhkəmə aktlarının icrası məqsədi ilə maliyyələşməni
təmin etsin;
7.3. bu Fərmanda verilmiş tapşırıqların icrası ilə əlaqədar
Azərbaycan Respublikasının Prezidentinə illik hesabat təqdim
etsin.
8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etsinlər.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunması ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular haqqında bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat versin.
10. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat versin.
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO