İlham Əliyev: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" - (YENİLƏNİR)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" - (YENİLƏNİR)

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mayın 16-da Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olub.

Üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarların nəticəsində Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olan ölkəyə çevrildi. Müstəqil dövlətimizin sərhədlərinin etibarlı qorunmasının yüksək səviyyədə təşkili sonrakı dövrdə də prioritet oldu. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunun əsas istiqamətlərindən olan Sərhəd Qoşunlarını da dövlət qayğısı ilə əhatə etdi. Ali Baş Komandanın ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürünə çevrildi. Təsadüfi deyil ki, son illərdə Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələri və zastavalarında müasir şəraitin yaradılması əlbəttə ki, Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir.

Məlumat verildi ki, Əmiraslan Əliyev adına Sərhəd Dəstəsinin qərargah və yataqxana binası üç mərtəbədən ibarətdir. Binada rabitə, xidmət, silah, yataq otaqları, mətbəx, əsgər və zabit yeməkxanası yaradılıb. Binanın ikinci mərtəbəsində hərbçilər üçün 16 yerlik yataqxana, 48 yerlik əsgər yataqxanası və 4 yerlik zabit yataqxanası yerləşir. Burada ərzaq mağazası və əsgərlər üçün əlavə ləvazimatların satışı dükanı da hərbçilərə xidmət göstərəcək. Binada, həmçinin ikiotaqlı 4 mənzil də var.

Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqət mərkəzində saxlayır. Havada, suda və quruda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür. Bu işlərlə yanaşı, sərhədçilərin mənzil-məişət, sosial məsələlərinin həllinə də daim diqqət göstərilir.

Sərhəd Dəstəsinin texniki binasında əsgərlər üçün müasir səviyyədə hamam və camaşırxana, ərzaq, əşya və silah anbarları, avtomobillərin saxlanması üçün qaraj da tikilib. Ərazidə kinoloji xidmət üçün 7 yerlik və atlar üçün 12 yerlik sahələr yaradılıb. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Burada hərbçilərin idmanla məşğul olmaları üçün hər cür şərait yaradılıb.

***

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Ölkəmizdə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında da böyük əhəmiyyətə malik layihələr icra olunub. Bu gün muxtar respublikanın müdafiə potensialı və gücü durmadan artır. Ümumilikdə, ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədədir, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə təmin olunması ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub və həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən istifadə edilib. Son illərdə ordunun müasir silah və texnika ilə təchiz olunması istiqamətində də əməli tədbirlər görülüb. Dövlətimizin başçısının təşəbbüsü ilə 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinin yenidən qurulan müəssisələrində istehsal olunan silah və texnika hazırda ordumuzun maddi-texniki təchizatında aparıcı rol oynayır.

Yeni yaradılan hərbi hissədə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksi, Təlim-Tədris Mərkəzi, qərargah binası, xəstəxana inşa olunub, sıra meydanı, idman şəhərciyi salınıb.

Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində taktiki simulyasiya, trenajor, mədəni-kütləvi işin təşkili bölmələri, sənədli və tədris filmləri kinostudiyası, hərbi mətbəə yerləşir. Ümumi sahəsi 7500 kvadratmetr olan üçmərtəbəli binada, həmçinin zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı vardır. Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulub. Trenajor zalında tank, artilleriya və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 18 trenajor quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması öyrədilir. Keçirilən təlimlərin sonunda qiymətləndirmənin aparılması isə şəxsi heyətin bilik səviyyəsini və peşəkarlığını müəyyən etməyə imkan verir. Simulyasiya mərkəzində artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə məşğələlərin praktik mənimsənilməsi üçün hər cür şərait yaradılıb, otaqlarda mərkəzdən idarə olunan və xüsusi proqram təminatına malik 100 kompüter və proyektor quraşdırılıb. Atəş hazırlığı otağında yaradılan virtual təlim meydançası döyüş sursatı sərf etmədən müxtəlif şəraitdə atəşin idarəolunmasını həyata keçirməyə imkan verir. Həmçinin burada atəş tapşırıqlarını təhlil etmək və qiymətləndirmək, atəş göstəricilərinin dəqiqliyini müqayisə etmək mümkündür. Mərkəzin kitabxanasında Azərbaycan və dünya ədəbiyyatı nümunələri, eləcə də ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən 16 mindən artıq kitab, qəzet və jurnal materialları toplanıb. Burada şəxsi heyətin gündəlik dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanı var. Hərbi sahəyə dövlətimizin göstərdiyi diqqətin nəticəsidir ki, bu gün Əlahiddə Ümumqoşun Ordusunda gənc əsgərlərin peşəkar döyüşçü kimi hazırlığı da daxil olmaqla, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, gizir və zabit hazırlığı kursları da təşkil edilir, zabit heyətinin təkmilləşdirilməsi kursu da uğurla icra olunur.

Sonra Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışını etdi.

Dövlətimizin başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, ən müasir tibbi avadanlıqla təchiz edilən üçmərtəbəli yeni xəstəxana binasında poliklinika-qəbul, terapiya, cərrahiyyə, anesteziologiya və reanimotologiya, təminat bölmələri və inzibati bölmə mövcuddur. Xəstəxananın poliklinika-qəbul bölməsində oftalmologiya, ginekologiya, lor, ultrasəs və elektroqrafiya kabinələri və laboratoriya fəaliyyət göstərəcək. Altmış çarpayılıq xəstəxana binasında şəxsi heyətə ilkin tibbi yardım göstərmək üçün sarğı, prosedur və təxirəsalınmaz yardım otaqları da yaradılıb. Xəstəxanada hərbi qulluqçuların qidalanması üçün hərtərəfli şərait var. Şəxsi heyətin tibbi biliklərinin daha da artırılması məqsədilə hərbi tibbi hazırlıq üzrə məşğələlər keçmək üçün müasir tədris vəsaitləri ilə təmin edilən sinif və mühazirə zalı mövcuddur. Buradakı laboratoriya müasir avadanlıqla təchiz olunub. Bu isə laborator müayinələri operativ və yüksək dəqiqliklə yerinə yetirməyə imkan verir. Bir sözlə, xəstəxanada əsgər və zabitlərə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli şərait yaradılıb. Bu tibb müəssisəsinin müasir avadanlıqla təchiz olunması Azərbaycanda ordu quruculuğu sahəsinin inkişafına göstərilən dövlət qayğısının əyani təzahürüdür. Bütün bunlar bir daha sübut edir ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev əsgər və zabitlərin sağlamlığının qorunmasına, həmçinin sosial məsələlərinin həllinə xüsusi həssaslıqla yanaşır və bu istiqamətində mühüm işlər görür.

Sonra dövlətimizin başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış oldu.

Yüz illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşayan ordumuzda həyata keçirilən islahatların nəticəsidir ki, Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Yüksək döyüş, mənəvi-psixoloji hazırlığı ilə seçilən Azərbaycan Ordusu bu gün həm də ən müasir silah-sursat, hərbi texnika ilə təmin olunur. Silahlı Qüvvələrimizin balansında olan bu müasir texnika bir çox özəllikləri ilə seçilir. Ən əsası isə odur ki, ordumuz bu cür müasir silah-sursatın, hərbi texnikanın vasitəsilə Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vura və tarixi torpaqlarımızı işğaldan azad edə bilər. Azərbaycan əsgəri bunu düşmənə dəfələrlə sübut edib. Bu gün Azərbaycan Ordusunun arsenalı dünyanın aparıcı ölkələrinin istehsalı olan silah-sursatla genişlənir. Mühüm məqam ondan ibarətdir ki, son illərdə dövlətimizin başçısı, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın, silah-sursatın istehsalına imkan verir. Təsadüfi deyil ki, indi ordumuzun silah-sursatı bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illərdə maddi-texniki bazası daha da möhkəmlənən Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq dünyanın ən qüdrətli ordularından biri kimi tanınır, hərbçilərimizin peşəkarlıq səviyyəsi getdikcə daha da artır, nəticə etibarilə Azərbaycanın ordu və müdafiə potensialı güclənir.

***

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mayın 16-da Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olub.

Üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarların nəticəsində Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olan ölkəyə çevrildi. Müstəqil dövlətimizin sərhədlərinin etibarlı qorunmasının yüksək səviyyədə təşkili sonrakı dövrdə də prioritet oldu. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunun əsas istiqamətlərindən olan Sərhəd Qoşunlarını da dövlət qayğısı ilə əhatə etdi. Ali Baş Komandanın ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürünə çevrildi. Təsadüfi deyil ki, son illərdə Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələri və zastavalarında müasir şəraitin yaradılması əlbəttə ki, Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir.

Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri Asəf Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Bildirildi ki, Əmiraslan Əliyev adına Sərhəd Dəstəsinin qərargah və yataqxana binası üç mərtəbədən ibarətdir. Binada rabitə, xidmət, silah, yataq otaqları, mətbəx, əsgər və zabit yeməkxanası yaradılıb. Binanın ikinci mərtəbəsində hərbçilər üçün 16 yerlik yataqxana, 48 yerlik əsgər yataqxanası və 4 yerlik zabit yataqxanası yerləşir. Burada ərzaq mağazası və əsgərlər üçün əlavə ləvazimatların satışı dükanı da hərbçilərə xidmət göstərəcək. Binada, həmçinin ikiotaqlı 4 mənzil də var.

Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqət mərkəzində saxlayır. Havada, suda və quruda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür. Bu işlərlə yanaşı, sərhədçilərin mənzil-məişət, sosial məsələlərinin həllinə də daim diqqət göstərilir.

Zastavanın texniki binasında əsgərlər üçün müasir səviyyədə hamam və camaşırxana, ərzaq, əşya və silah anbarları, avtomobillərin saxlanması üçün qaraj da yaradılıb. Kinoloji xidmət üçün 7 yerlik və atların saxlanması üçün 12 yerlik tövlə binası tikilib. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Burada hərbçilərin idmanla məşğul olmaları üçün hər cür şərait yaradılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda ali təhsilin inkişafı da diqqətdə saxlanılır. Prezident İlham Əliyev ali təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirir. Ölkədə mövcud olan ali məktəblərin sırası genişləndirilir. Bu sırada Naxçıvan Müəllimlər İnstitutu da mühüm yer tutur. Belə ki, 2003-cü il avqustun 26-da Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayan bu təhsil ocağı ötən dövrdə öz fəaliyyətini genişləndirib, ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edib. Ötən dövrdə institut ixtisaslı müəllim kadrları ilə də təmin olunub, lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb. Bütün bunlar Azərbaycan ali təhsilinin yeni inkişaf mərhələsinin göstəriciləridir. Dövlətimizin başçısının Azərbaycanın ali təhsil müəssisələrinin dünyanın inkişaf etmiş ali təhsil məkanına inteqrasiyasının təmin olunması ilə bağlı tədbirləri bu sahədə yeni keyfiyyət dəyişikliyinin əldə olunmasına şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verdi ki, altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında ümumilikdə 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var. Təsviri incəsənət, coğrafiya, musiqi, hərbi, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika otaqları tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Binada psixologiya laboratoriyası, müəllim və tələbələr üçün bufet də yaradılıb. Tələbələrin ixtiyarına verilən idman zalında müasir qurğular quraşdırılıb. Binada 132 və 20 yerlik iclas zalları da var. Bu zallarda təhsil müəssisəsinin həyatında baş verən əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür.

Naxçıvan Müəllimlər İnstitutunun yeni binasında yaradılan şərait bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində atılan addımların nəticəsində muxtar respublikada da böyük işlər görülüb. Bütün bunlar Azərbaycanda insan kapitalının inkişafı istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- İlk növbədə, sizi Müəllimlər İnstitutunun yeni binasının açılışı münasibətilə təbrik etmək istəyirəm. Gözəl binadır, çox gözəl şərait yaradılıb. Memarlıq baxımından da Naxçıvan şəhərini daha da gözəlləşdirir. Bu binanın tikilməsi onu göstərir ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm.

Naxçıvan şəhəri, bütün şəhərlər abadlaşır, gözəlləşir, çox böyük quruculuq, yaşıllaşdırma işləri aparılır. Yol boyunca vaxtilə əkilmiş ağaclar indi böyüyüb, çox gözəl mənzərə yaradır. Binalar təmir olunur, yeni gözəl binalar tikilir. Bir sözlə, Naxçıvanın uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının istəyinə bağlı olan məsələdir. Çünki Naxçıvan bizim tarixi diyarımızdır, qədim Azərbaycan torpağıdır, tarixi yerdir. Burada yerləşən tarixi abidələr Azərbaycan xalqının istedadını göstərir. Onu göstərir ki, Azərbaycan xalqı əsrlər boyu bu diyarda yaşayıb-yaratmışdır.

Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Naxçıvanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərmişdir və o vaxt respublikanın inkişafı üçün çox böyük işlər görülmüşdür. 1990-cı illərin əvvəllərində - Naxçıvan üçün ən ağır illərdə Ulu Öndər naxçıvanlılarla birlikdə burada çox ağır şəraitdə Naxçıvanı böyük bəlalardan qurtara bilmişdir. Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda, Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər. Ancaq naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturtmuşlar.

O illərdə Naxçıvan üçün və ümumiyyətlə Azərbaycan üçün həlledici məsələlər öz həllini tapmışdır. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan o ağır illərdən şərəflə çıxa bilmişdir. Ölkəmizin müstəqilliyi işində Naxçıvanın çox böyük rolu olmuşdur. Məhz o illərdə ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını Naxçıvanda rəsmi bayraq kimi təsdiq etdi və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdı ki, bu bayraq dövlət bayrağı kimi qəbul edilsin. Ancaq o vaxt Azərbaycan rəhbərliyi buna imkan vermədi.

O vaxt Naxçıvan “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası” adlanırdı və Ulu Öndərin təklifi ilə bu addan sovet, sosialist sözləri çıxarıldı. Bu, sovet dövründə baş vermişdir. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi. Bütün bu işlər böyük cəsarət tələb edirdi. Bütün bu işlər onu göstərirdi ki, Ulu Öndər həmişə müstəqillik arzuları ilə yaşayırdı. Azərbaycanın dövlət müstəqilliyinin təmin edilməsində Ulu Öndərin və naxçıvanlıların çox böyük rolu vardır.

Ondan sonrakı dövrdə də Ulu Öndər Azərbaycan Prezidenti kimi həmişə Naxçıvana diqqət, qayğı göstərirdi. Naxçıvana tez-tez səfərlər edirdi. Bu yaxınlarda Ulu Öndərin 95 illiyinə həsr edilmiş təntənəli mərasimdə çıxış edərkən, o cümlədən onun Naxçıvan dövrü haqqında söz açmışdım. Bildirmişdim ki, Heydər Əliyev siyasəti bu gün də Azərbaycanda yaşayır, davam edir, əbədi yaşamalıdır və yaşayacaqdır.

Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında. İndi də demək istəyirəm ki, burada aparılan işlər çox yüksək qiymətə layiqdir, çox böyük zəhmət, çox böyük məhəbbət tələb edir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin.

Mən də Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq bütün sahələrdə, o cümlədən Naxçıvana qayğı, diqqət məsələlərində o yolu davam etdirirəm. Bu səfər mənim Prezident kimi Naxçıvana sayca 14-cü səfərimdir. Prezident kimi ilk dəfə Naxçıvana düz 14 il bundan əvvəl – 2004-cü ilin may ayında gəlmişdim. Bu 14 il ərzində Naxçıvanda gedən işləri daim diqqətdə saxlamışam və respublikanın uğurlu inkişafı üçün nə lazımdırsa biz onu da edirik.

İlk növbədə, Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız. Əlbəttə ki, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir.

Əlbəttə, bu, imkan verir ki, Naxçıvan uğurla, sürətlə inkişaf etsin. Burada böyük infrastruktur layihələri icra edilibdir. On ildən çoxdur ki, Naxçıvan Muxtar Respublikasının qazlaşdırılması ilə bağlı məsələlər öz həllini tapıb. Qazlaşdırma 100 faiz təmin edilibdir. Biz hələ Azərbaycanın ümumi qazlaşdırılmasını təqribən 93-94 faiz səviyyəsində təmin edə bilmişik, bu ilin sonuna qədər 95 faizə çatacaq. Ancaq Naxçıvan Muxtar Respublikasında artıq on ildən çoxdur ki, qazlaşdırma 100 faiz təmin edilibdir.

Elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıb. Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni, biz o günləri yaxşı xatırlayırıq. Bu gün elektrik enerjisi ilə bağlı bütün problemlər həll olunub. Son illərdə 8 elektrik stansiyası tikilib. Hazırda tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək. Bu, dünya miqyasında bəlkə də yeganə belə bir hal olacaqdır.

Bu gün Naxçıvan elektrik enerjisini ixrac edə bilər. Şadam ki, o cümlədən günəş elektrik stansiyası tikilib, su elektrik stansiyaları tikilir və Naxçıvanın artan sənaye potensialını təmin edəcək güclü elektrik təsərrüfatı yaradılır. Naxçıvanın əhalisi artır, sənaye istehsalı bundan sonra da artacaq. Ona görə bu məsələyə biz daim diqqət göstərməliyik.

İçməli su layihələri uğurla icra edilir. Bu gün biz Şərur şəhərinin içməli su layihəsini rəsmi olaraq açdıq. Ondan əvvəl Naxçıvan, Şahbuz, Culfa şəhərlərinin içməli su layihələri başa çatıb. Digər şəhərlərdə işlər gedir və bütün şəhərlərin içməli su-kanalizasiya problemləri həll olunacaqdır.

Avtomobil yolları salınır. Hazırda Culfa-Ordubad avtomobil yolu salınır və bu yol şəhərlərarası yollar arasında sonuncu layihədir. Bundan əvvəl bütün digər şəhərlərarası yollar – Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz, Naxçıvan-Culfa yolları tam təmir olunub, salınıb və istifadəyə verilib.

Yəni, bütün bu infrastruktur artıq Naxçıvanın güclü potensialını təmin edir. Sosial məsələlərin həlli, tikilən xəstəxanalar, məktəblər, Olimpiya mərkəzləri, mədəniyyət ocaqları - son illər ərzində görülən bütün bu işlər, əlbəttə ki, respublikanın potensialını artırır. Naxçıvan şəhər xəstəxanası, doğum mərkəzi, müalicə-diaqnostika mərkəzi, bütün şəhərlərin mərkəzi rayon xəstəxanaları tikilib. Yəni, böyük quruculuq işləri aparılır.

Əlbəttə, iqtisadiyyatın real sektorunun inkişafına da böyük diqqət göstərilir. Sənaye müəssisələri yaradılır, ixrac imkanları artır, kənd təsərrüfatı uğurla inkişaf edir. Naxçıvan özünü taxılla təmin edir. Qəbul edilmiş son qərarlar kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək. Bitkiçiliklə bağlı pivot suvarma sistemlərinin quraşdırılması nəzərdə tutulur. Heyvandarlıqla bağlı süni mayalanma mərkəzi yaradılır ki, potensial daha da böyük olsun.

Bildiyiniz kimi, Azərbaycan hazırda Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə ciddi məşğuldur. Azərbaycan ərazisində bu layihə ilə bağlı bütün işlər görülüb. Biz bu layihənin tam başa çatması üçün böyük maliyyə vəsaiti ayırmışıq. Ümid edirəm ki, gələcək üç il ərzində bu layihə tam istifadəyə veriləcəkdir. Hər halda planımız bundan ibarətdir. Belə olan halda Naxçıvan dəmir yolu ilə Azərbaycanın əsas hissəsi ilə birləşəcək və beləliklə, blokadadan, mühasirədən canını qurtaracaqdır.

Yəni, bu mühüm işlərin görülməsi bir daha onu göstərir ki, Naxçıvanın çox böyük potensialı var. Bir daha demək istəyirəm ki, burada görülən işlər çox böyük qiymətə layiqdir.

Onu da bildirmək istəyirəm ki, bu il Naxçıvan bütün İslam dünyasında artıq özünü göstərəcək. Çünki bu il Naxçıvan “İslam Mədəniyyətinin Paytaxtı” kimi şərəfli adı daşıyır. Bir neçə il bundan əvvəl Bakı bu ada layiq görülmüşdür və biz o vaxt ISESCO-ya müraciət etmişdik ki, biz istəyirik ikinci Azərbaycan şəhəri – məhz Naxçıvan şəhəri bu ada layiq görülsün. Çünki Naxçıvan buna layiqdir. Bilirəm ki, bu gözəl hadisə ilə bağlı təntənəli tədbirlər keçiriləcəkdir, çoxlu qonaqlar gələcəklər, bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var. Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkan var - bu məkanın adı Naxçıvandır.

Sizi bir daha salamlayıram, bütün uğurlar münasibətilə təbrik edirəm, yeni uğurlar arzulayıram. Sağ olun.

İctimaiyyətin nümayəndələri adından çıxış edən Xəzər Hüseynov dedi:

-Möhtərəm Prezident.

Ötən ilin əvvəlində Naxçıvan Muxtar Respublikasına səfəriniz zamanı qeyd etmişdiniz: “Ulu öndər Heydər Əliyev həmişə Naxçıvana diqqətlə yanaşırdı, problemlərin həlli üçün müvafiq göstərişlər verirdi və böyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm”.

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi Naxçıvan ictimaiyyəti adından təbrik edən Xəzər Hüseynov bildirdi ki, dövlətimizin başçısının ötən 15 il ərzində muxtar respublikaya 14 dəfə səfər etməsi, 135-dən çox obyektin açılışında iştirakı naxçıvanlıların quruculuq əzmini daha da artırıb. O qeyd etdi ki, hazırda Naxçıvan Muxtar Respublikası Ulu Öndərin arzuladığı kimi uğurlu və hərtərəfli sosial-iqtisadi inkişafını davam etdirir.

Xəzər Hüseynov doğma Azərbaycanımızın tərəqqisi naminə müəyyənləşdirilən dövlət siyasətinin həyata keçirilməsində naxçıvanlıların bundan sonra da fəal iştirak edəcəklərini vurğuladı, Naxçıvan Muxtar Respublikasının inkişafına hərtərəfli qayğısına görə Prezident İlham Əliyevə bir daha minnətdarlıqlarını çatdırdı.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Azərbaycanın milli sərvətidir” deyimi yeni yüzillikdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixində başqa bir modeldə həqiqətə çevrildi. Azərbaycan Prezidentinin dünya ictimaiyyətinə ünvanladığı “Qara qızılı insan kapitalına çevirmək” mesajı 2003-cü ildən başlayaraq dövlət siyasətinin mühüm tərkib hissəsi oldu. Çünki müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür.

Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təhsildəki nailiyyətlər göz qabağındadır. Bu nailiyyətlər istər bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsində, istərsə də yeni təhsil müəssisələrinin inşasında özünü daha aydın göstərir. Təhsil sahəsi hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçib.

Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış oldu.

Məktəbin binası üçmərtəbəlidir. Binada iki kompüter sinfi, 3 elektron lövhəli sinif, fizika, kimya və biologiya laboratoriyaları, 2 şahmat sinfi, hərbi kabinet, 24 ümumi sinif otağı, müəllimlər otağı və idman zalı var. Məktəbin həyətində qazanxana və bufet binası tikilib. Bir sözlə, burada şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli imkanlar mövcuddur.

Son illərdə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da yeni-yeni təhsil ocaqlarının yaradılması, mövcudlarının əsaslı şəkildə müasir səviyyədə yenidən qurulması dövlət səviyyəsində təhsil sahəsinə olan diqqətin təzahürüdür. Bütün bunlar gələcək nəslin bilikli, savadlı və intellektual səviyyəyə malik bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Ümumilikdə, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsilin, elmin inkişafına istiqamətlənən çox mühüm layihələr icra olunub. Təsadüfi deyil ki, son illərdə ölkə ərazisində 3 mindən çox məktəb tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub. Bununla da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Bütün bunlar isə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təhsilin keyfiyyətinə müsbət təsir göstərib.

Prezident İlham Əliyev məktəbin kollektivi və ictimaiyyətin nümayəndələri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.

Son illərdə ölkəmizin ərazisində yeni kollektor və xətlərin, tullantı sutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin yenidən qurulması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası sayəsində bu sahədə də əhəmiyyətli nəticələr əldə olunub. Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı ön planda saxlanılır. Son illərdə Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin yaradılması istiqamətində görülən işlər bunu deməyə əsas verir. Bu layihə bir tərəfdən ekoloji sahədə görülən tədbirləri əks etdirir, digər tərəfdən də yeni infrastruktur layihələrinin səmərəli istifadəsi üçün geniş imkanlar açır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına kompleks barədə məlumat verdi.

Bildirildi ki, kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan su hovuzundan ibarətdir. Burada, həmçinin iri tullantı tutucu, qum və yağ tutma, membran tipli təmizləyici, palçıqqurutma, havatəmizləyici qurğular quraşdırılıb. Ümumilikdə, bu qurğunun fəaliyyəti 121 min istifadəçini əhatə edir. İcrasına 2014-cü ildə başlanılan layihə ötən ilin oktyabrında tamamlanıb. Qurğunun xidmət sahəsi Naxçıvan şəhəri, Qaraxanbəyli, Qaraçuq, Bulqan, Hacıniyyət, Tumbul, Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini əhatə edir. Bu qurğunun gücü gündə 32 min kubmetr və ya saniyədə 370 litrə bərabərdir. Kompleksdə bioloji fosfor təmizləmə hovuzu, oksigensiz hovuz, havalandırma hovuzu, suvarma su hovuzu inşa edilib. Buradakı hovuzların tutumu 25 min 650 kubmetrdir. Təmizləyici Qurğular Kompleksinin yerləşdiyi sahə 2,62 hektardır ki, bunun da 2 hektarı tullantıların saxlanması və qurudulması sahəsinə aiddir. Burada bioreaktor və membran tipli təmizləyici qurğu quraşdırılıb. Çirkab sutəmizləyici qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Kompeksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Təmizlənmiş su isə ozonla dezinfeksiya olunaraq suvarma hovuzuna verilir. Layihənin icrası nəticəsində 500 hektar torpağın suvarılması mümkün olacaq.

Prezident İlham Əliyev kompleksi işə saldı.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildən başlanılıb. Layihəyə əsasən Şərur şəhərinə, Mahmudkənd kəndinə və Zeyvə kəndinin bir hissəsinə su şəbəkəsi, Şərur şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Layihənin birinci mərhələsi ötən ilin dekabrında başa çatıb. Layihəyə əsasən Arpaçay subölücüsündə gölün dibindən 6 metr dərinlikdə eni 1,3 metr, hündürlüyü 2 metr, uzunluğu 134 metr olan qalereya tikilib. Qalereyanın su sərfi saniyədə 1150 litr təşkil edir. Buradan su anbarlarına qədər diametri 900 millimetr olan plastik boru ilə 1500 metr xətt çəkilib. Xətt üzərində bir ədəd suboşaldıcı inşa olunub. Qalereyadan gələn su dezinfeksiya olunaraq su anbarlarına yığılır və öz axını ilə əhaliyə fasiləsiz ötürülür. Layihə çərçivəsində hər birinin tutumu 10 min kubmetr olan iki ədəd və tutumu 7 min 500 kubmetr olan bir ədəd, cəmi tutumu 27 min 500 kubmetr olan su anbarları tikilib. Su anbarlarından Şərur şəhərinədək diametri 900 millimetrdən 630 millimetrə qədər olan borularla 9,5 kilometr uzunluğunda xəttin tikintisi aparılıb.

Layihə ərazisində diametri 560 millimetrdən 63 millimetrə qədər plastik borularla 59,4 kilometr içməli su xətti çəkilib, 2500 ev su şəbəkəsinə qoşularaq sayğac quraşdırılıb. Su şəbəkəsi üzərində 7 yanğın hidrantı tikilib. Yerin relyefindən asılı olaraq mənzillərə su 2-5 bar arasında təzyiqlə verilir. Şərur şəhərində diametri 400 millimetrdən 200 millimetrə qədər olan borularla 19 kilometrdən çox daxili kanalizasiya şəbəkəsi çəkilib və 1500 ədəd ev kanalizasiya xəttinə qoşulub. Kanalizasiya sularının kənarlaşdırılması üçün diametri 400 millimetrdən 600 millimetrə qədər plastik borularla 7,3 kilometr uzunluğunda ana xəttin inşası aparılıb.

Bununla da Şərur şəhərində, Mahmudkənd kəndində və Zeyvə kəndinin bir hissəsində 13 min 500 nəfər Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin ediləcək.

Sonra dövlətimizin başçısı “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışını bildirən düyməni basdı.

Sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev dedi:

- Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Şərur şəhərinin içməli su problemi öz həllini tapıbdır. Gözəl, əlamətdar hadisədir. Mənə verilən məlumata görə, bir neçə kənd də indi içməli su ilə təmin olunur. Bu, çox vacib sosial layihədir. Naxçıvanın hər bir şəhərində içməli su-kanalizasiya layihələri icra edilir. Artıq Şərur Naxçıvan, Culfa, Şahbuz şəhərlərindən sonra dördüncü şəhərdir ki, bu məsələ öz həllini tam tapıbdır.

Siz yaxşı bilirsiniz ki, əvvəlki dövrlərdə içməli su məsələsi həmişə çox ciddi problem kimi insanları narahat edirdi. Ancaq bu gün Şərur şəhərinə tam təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun içməli su verilibdir. Digər şəhərlərdə layihələr icra edilir və icra ediləcək. Yaxın gələcəkdə Naxçıvanın bütün şəhərlərinin içməli su-kanalizasiya layihələri tam başa çatacaq. Bu, ölkəmizin gücünü, qüdrətini, bizim sosial siyasətimizi göstərir. Həmişə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərinin, qayğılarının, bütün sosial məsələlərin həlli üçün bizdə çox güclü iradə, imkanlar var və görülən işlər bizim siyasətimizi əks etdirir.

Naxçıvan Muxtar Respublikasında sosial sahənin inkişafı üçün çox böyük işlər görülübdür, xəstəxanalar, məktəblər tikilibdir, içməli su və digər infrastruktur layihələri icra edilir. Əlbəttə ki, bu məsələlər insanların rahat yaşaması üçün əsas şərtdir. İçməli su insan sağlamlığı üçün əsas məsələdir və biz bu məsələni ölkə üzrə hər bir yerdə həll edirik. Azərbaycanın hər bir yerində içməli su-kanalizasiya layihələri icra edilir və qarşıya vəzifə qoyulubdur ki, bütün şəhərlərin su şəbəkəsi, kanalizasiya xətləri yenidən qurulsun. İşlərin böyük əksəriyyəti demək olar ki, öz həllini tapıbdır. O cümlədən Naxçıvan Muxtar Respublikasında da bu işlərə böyük diqqət göstərilir və beləliklə, bu önəmli sosial məsələ öz həllini tapmış olur.

Sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dedi:

- Möhtərəm Prezident, rayon ictimaiyyəti adından Sizə minnətdarlığımızı bildiririk ki, bu cür əhəmiyyətli məsələyə diqqət yetirirsiniz. Artıq muxtar respublika əhalisinin demək olar ki, 50 faizdən çox Dünya Səhiyyə Təşkilatının normalarından da yüksəksəviyyəli su alır. Sağ olun.

Prezident İlham Əliyev: Çox gözəl.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

***

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.

Hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm