Mehriban Əliyeva Matsuuranın 80 illik yubileyində iştirak etdi - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

Mehriban Əliyeva Matsuuranın 80 illik yubileyində iştirak etdi - FOTO - (YENİLƏNDİ)

Mayın 18-də Parisdə UNESCO-nun baş qərargahında 1999-2009-cu illərdə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfrans keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak edib.

Azərbaycanın Birinci vitse-prezidenti UNESCO-nun baş qərargahında təşkilatın keçmiş rəhbərləri, fəxri və xoşməramlı səfirləri ilə görüşüb.

Azərbaycan-UNESCO münasibətlərinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın mühüm xidmətləri var. Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə 2004-cü ilin sentyabrında UNESCO-nun xoşməramlı səfiri adına layiq görülən Mehriban Əliyeva dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycanın mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə 2008-ci ildə keçmiş baş direktor Koişiro Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə sabiq baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə də UNESCO-nun çox səmərəli əməkdaşlığı mövcuddur. Məhz Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır.

UNESCO-nun Keçmiş Üzvləri Assosiasiyasının sədri Corc Kutukcen Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı və tədbirin digər iştirakçılarını salamlayıb. O, həmçinin 1974-1987-ci illərdə UNESCO-nun baş direktoru olmuş Amadu Mahtar Mbou və 1987-1999-cu illərdə həmin vəzifədə çalışmış Federiko Meyerin təbrik məktublarını oxuyub.

UNESCO-nun baş direktoru Odre Azule Koişiro Matsuuranın qurumun inkişafındakı xidmətlərinə toxunub, onun idarəçilik təcrübəsinin bu gün də davam etdirildiyini söyləyib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva konfransda çıxış edib:

-Xanım Baş Konfransın sədri.

Hörmətli cənab Matsuura.

Hörmətli İrina Bokova.

Zati-aliləri, xanımlar və cənablar.

Əvvəla, dəvətə görə təşəkkürümü bildirmək istəyirəm və burada, UNESCO-da həmkarlarımın və dostlarımın arasında olmağa çox şadam.

İcazə verin, sizi, əziz cənab Matsuura, 80 illik yubileyiniz münasibətilə təbrik edim və sizə möhkəm cansağlığı və uğurlar arzu edim.

UNESCO-nun baş direktoru vəzifəsində gördüyünüz işləri çox yüksək qiymətləndiririk. Sizin fəaliyyətiniz zamanı aparılan islahatlar UNESCO-nun dünya üzrə nüfuzunun gücləndirilməsinə imkan verdi. Biz bir çox uğurlu humanitar layihələrdən söz açdıqda sizin adınız həmişə qeyd olunur, məsələn, “Hamı üçün təhsil” beynəlxalq layihəsi və bir çox digərləri.

Sizin rəhbərliyiniz altında UNESCO və ölkəmiz arasında münasibətlər daha da möhkəmlənib. Dərin minnətdarlıq hissi ilə biz sizin Bakıya səfərlərinizi, birgə forum və konfranslarımızda şəxsən iştirakınızı xatırlayırıq. Mən sizin ilk beynəlxalq “Muğam aləmi” festivalında iştirakınızı xatırlayıram. Sizin iştirakınızla biz Azərbaycan Dövlət Xalça Muzeyinin və Beynəlxalq Muğam Mərkəzinin təməlini qoymuşuq. Sizinlə bir yerdə Müasir İncəsənət Muzeyinin açılışını etmişik. Bu gün bu mədəniyyət mərkəzləri paytaxtımızın ən çox ziyarət olunan və maraq doğuran yerlərinə çevrilib.

2007-ci ildə biz Azərbaycanda peşə hazırlığını inkişaf etdirmək üçün layihənin birgə icrası üzrə sənədə imza atdıq. Sonra 2009-cu ildə qeyri-maddi mədəni irsin qorunmasında strateji məqsədləri təmin etmək üçün Əməkdaşlıq Sazişini imzaladıq.

Sizin rəhbərliyiniz dövründə bizim tarixi abidələrimiz olan Bakının İçərişəhəri, Şirvanşahlar sarayı, Qız qalası, habelə Qobustan qayaüstü təsvirləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Musiqimizin inciləri olan muğam və aşıq sənəti Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Sizin səyləriniz nəticəsində 2004-cü ildə mənə UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri titulunu almaq şərəfi nəsib olub və o vaxtdan bəri mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməmişəm. Əziz cənab Matsuura, biz Azərbaycanla UNESCO arasında ikitərəfli əlaqələrin gücləndirilməsində sizin şəxsi səylərinizi çox yüksək qiymətləndiririk.

Bizim əməkdaşlığımızın tarixi 1992-ci ilə gedib çıxır. O zaman müstəqillik qazandıqdan dərhal sonra Azərbaycan bu mötəbər təşkilata üzv oldu. O vaxtdan bəri Azərbaycan UNESCO-nun əksər konvensiyaları və digər hüquqi sənədlərinə qoşularaq onları ratifikasiya edib. Bu gün biz təşkilatda fəal təmsil olunaraq və öz töhfəmizi verərək UNESCO proqramlarının işində iştirak edirik. 2013-cü ildə Azərbaycan və UNESCO Elm, Təhsil, Mədəniyyət və Kommunikasiya sahəsində Əməkdaşlığa dair Çərçivə sazişini imzaladı. Beləliklə, Azərbaycan donor ölkələri ailəsinə üzv oldu və bununla da UNESCO proqram və layihələrinə fəal dəstəyini göstərməyə başladı. Biz bununla qürur duyuruq. Digər məsələlər sırasında mən burada Afrika ölkələrində keyfiyyətli təhsilə nail olmaq üçün təvazökar töhfəmizi qeyd etmək istəyirəm.

Əziz dostlar, qədim İpək Yolunun mərkəzində yerləşən Azərbaycanın fikirlərin paylaşıldığı və insanların dostluq mühitində bir araya gəldiyi məkan kimi uzun tarixi var. Sivilizasiya, mədəniyyət və dinlərin qovuşuğunda yerləşən bir ölkə kimi Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər. Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətidir və biz multikulturalizm dəyərlərinin təşviqində UNESCO da daxil olmaqla beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edirik.

Burada mən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə irəli sürülən, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq olunmasında həqiqətən də qlobal platformaya çevrilən “Bakı Prosesi”ni qeyd etmək istəyirəm. Əvvəla, bu, Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq platforması kimi irəli sürülmüşdü. 2008-ci ildə Azərbaycan bu iki beynəlxalq təşkilatın üzvü kimi Bakıda İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşünü keçirdi. Bu proses bu günə kimi davam edir. Bu il biz “Bakı Prosesi”nin 10-cu ildönümünü qeyd edirik. UNESCO ilə sıx tərəfdaşlıq edərək, biz “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq üzrə 4 dünya forumunu müvəffəqiyyətlə keçirdik və bu işi gələcəkdə də davam etdirməyə hazırıq.

İnsan potensialının inkişafı UNESCO-nun və Azərbaycanın böyük əhəmiyyət verdiyi digər sahədir. Keyfiyyətli təhsil və mədəniyyət insan inkişafı üçün əsas elementlərdir və bu əhəmiyyəti nəzərə alaraq Azərbaycan “Ekspo 2025” Ümumdünya Sərgisini Bakıda keçirmək üçün namizədliyini irəli sürərək, “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunu seçib. Təklifimiz qalib gələrsə biz bütün dünyanı Bakıya gətirməyə, dialoq və əməkdaşlığın mübadiləsi üçün həqiqətən universal platforma yaratmağa ümid edirik.

Azərbaycan dünya mədəni irsinin qorunmasına və proaktiv humanitar siyasətə birbaşa töhfə verərək UNESCO-nun dəyər və ideallarına çox sıx bağlı olduğunu nümayiş etdirib. İcazə verin, burada bir neçə misal çəkim. Qızlar üçün yeni məktəb inşa etməklə Azərbaycan 2005-ci ildə Pakistanın Müzəffərabad şəhərində dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinə töhfə verib. 2011-ci ilə UNESCO ilə bağlanan müqavilə əsasında biz, həmçinin zəlzələdən əziyyət çəkmiş Haitinin mədəni irsinin bərpasında iştirak etmişik. Azərbaycanın dünya mədəni irsinin təqdimatı və bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada aşağı Normandiyadakı kilsə və Luvr muzeyi, müqəddəs Marçelini və Piyetro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastyan katakombaları, İtaliyada Kapitoli muzeyində filosoflar zalı, Bolqarıstanda Trapezitsa muzeyi və digər bu kimi bir çox ölkələri əhatə edib.

Əziz dostlar, mən nailiyyətlərimizdən, cənab Matsuuranın UNESCO-ya uğurlu onillik rəhbərlik fəaliyyətindən çox danışa bilərəm. Bilirəm ki, bu səhər digər həmkarlarımın da sizlərlə paylaşacağı çoxlu fikirləri olacaq. Sonda mən, sadəcə, cənab Matsuuranın müstəsna insani keyfiyyətlərini qeyd etmək istəyirəm. Öz təcrübəmdən deyə bilərəm ki, o, elə bir insandır ki, öz şəxsi səviyyəsi ilə kişi və qadınların düşüncələrinə sülh gətirir və buna görə UNESCO-nun dəyərləri və ideallarının təşviqində onun rolu həddindən artıq qiymətlidir. Mən həqiqətən belə bir dahi şəxsiyyətlə tanış olduğuma görə sevinc və qürur hissi duyuram, mükəmməl əməkdaşlığımızın və dostluğumuzun xoş xatirələrini yada salıram. Cənab Matsuura, sizinlə işləmək mənim üçün həmişə xoş idi və bir öyrənmə təcrübəsi idi. Mən gələcəkdə görüşəcəyimizə ümid edirəm, sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram. Sizi tezliklə Azərbaycanda görəcəyimə ümid edirəm. Sağ olun.

Sonra 2009-2017-ci illərdə UNESCO-nun baş direktoru olmuş İrina Bokova Koişiro Matsuuranın rəhbərliyi dövründə UNESCO-nun qəbul etdiyi mühüm sənədləri xatırladıb. İrina Bokova mandatlığı dövründə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıq edib.

UNESCO-nun Baş Konfransının sədri Zohur Alaui Koişiro Matsuuranın mədəniyyətlərarası dialoqun və multikulturalizmin inkişafına verdiyi töhfələrdən danışıb və onun prioritet elan etdiyi istiqamətlərin vacibliyini vurğulayıb.

2009-2011-ci illərdə İcra Heyətinin sədri olmuş Eleonora Mitrofanova Koişiro Matsuuraya dünyada xalqlararası sülhü təşviq etdiyinə görə “Sülh, dostluq və əməkdaşlıq” medalını təqdim edib.

Tədbirdə 2004-2008-ci illərdə UNESCO yanında Amerika Birləşmiş Ştatlarının səfiri olmuş Luiz Oliverin məktubu da oxunub.

Daha sonra UNESCO-nun fəxri və xoşməramlı səfirləri Marianna Vardinoyannis, Setsuko Klossovska de Rola və Bahi Hariri Koişiro Matsuuranın UNESCO-ya rəhbərliyi dövründə təşkilatın fəaliyyətinin genişlənməsindəki xidmətlərini vurğulayıblar.

Sonda çıxış edən Koişiro Matsuura UNESCO-ya rəhbərliyi dövründə fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb. O, Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya onun haqqında söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirib və onun dəstəyi ilə həyata keçirilən çoxsaylı əhəmiyyətli layihələri qeyd edib. Ulu öndər Heydər Əliyevin dəvəti ilə 2000-ci ildə Bakıda türkdilli dövlətlərin Sammitinə iştirakını xatırladan Koişiro Matsuura bildirib ki, həmin səfəri çərçivəsində Mehriban Əliyeva ilə görüşüb. Həmin görüşdə Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına təqdim edilməsi müzakirə olunub. Koişiro Matsuura vurğulayıb ki, bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Mədəni və Qeyri-Maddi Mədəni İrs Siyahısına Azərbaycan mədəniyyətinin bir çox inciləri daxil edilib. O, ölkəmizin Birinci vitse-prezidentinə UNESCO-nun xoşməramlı səfiri kimi mədəni irsin qorunması sahəsinə göstərdiyi diqqətə görə təşəkkür edib. “Azərbaycanla bağlı zəngin xatirələrim var”, - deyən Koişiro Matsuura bu ilin oktyabrında ölkəmizdə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə də Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib.

***

Parisdə UNESCO-nun baş qərargahında 1999-2009-cu illərdə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfrans keçirilib.

Azərbaycanın I vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva konfransda iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm