İlham Əliyev: “Regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır” - FOTO - (YENİLƏNİR)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev: “Regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır” - FOTO - (YENİLƏNİR)

Mayın 21-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, ilk növbədə, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfərin nəticələri Serbiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni imkanlar açacaqdır.

Biz strateji tərəfdaşıq və bu gün imzalanan sənədlər arasında strateji tərəfdaşlıq üzə Birgə Fəaliyyət Planı imzalanmışdır. Bu, çox geniş və əhəmiyyətli sənəddir. Bu sənəddə bizim gələcək əməkdaşlığımızla bağlı bütün önəmli məsələlər öz əksini tapmışdır.

Biz beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik. Bütün önəmli məsələlərdə bir-birimizə dəstək göstəririk. Ölkələrimizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərdə bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Üzləşdiyimiz münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrimizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində öz həllini tapmalıdır. Bu məsələ ilə bağlı biz daim bir-birimizə qarşılıqlı dəstək göstəririk və bundan sonra da göstərəcəyik.

Bu gün müzakirə olunan məsələlər arasında bizim iqtisadi əməkdaşlıq məsələləri də geniş yer almışdır. Biz bu istiqamətdə atılan addımları yüksək qiymətləndiririk. Ancaq, eyni zamanda, tam əminik ki, mövcud ticarət dövriyyəsi bizim iqtisadi potensialımızı əks etdirmir. Artım var, ancaq mütləq rəqəmlər hələ də çox aşağıdır. Ona görə əminəm ki, səfər zamanı müzakirə olunan və olunacaq məsələlər gələcəkdə ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq, bunun üçün yaxşı imkanlar var.

Energetika sahəsində əməkdaşlıq üçün perspektivlər ümidvericidir. Bu məsələ imzalanan Fəaliyyət Planında öz əksini tapmışdır. Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır və fəal iştirakçısıdır. Onların arasında “Cənub Qaz Dəhlizi” layihəsi xüsusi yer tutur. Gələn günlər ərzində biz artıq “Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik. Gələn ay TANAP layihəsi istismara verilməlidir. Beləliklə, Cənub Qaz Dəhlizinin əsas layihələri artıq başa çatmış olacaqdır. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsidir. Bu nəhəng enerji layihəsi geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərmişdir. Hazırda bizim regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır.

Ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə bağlı Bakıda mərasim keçirilmişdir. Bu yol da çox böyük əhəmiyyətə malikdir. Bu yolun fəaliyyətə başlaması nəticəsində Asiya ilə Avropa Azərbaycan və digər ölkələr üzərindən bir-biri ilə bağlanır. Bu, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yoldur. Yüklər artıq bu yol vasitəsilə daşınır və yüklərin həcmi getdikcə daha da artacaq. Əlbəttə ki, biz Serbiyanı bu dəmir yolunun fəal iştirakçısı kimi görürük. Hesab edirəm, bizim müvafiq qurumlarımız bu məsələ ilə bağlı artıq danışıqlara başlaya bilərlər ki, biz yükdaşımalarını artıra bilək. Beləliklə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri geniş əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, turizmin inkişafına təkan verəcək, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və beləliklə, bölgəmizdə, Avrasiya məkanında sabitliyi möhkəmləndirəcək, təhlükəsizliyi təmin edəcəkdir.

Serbiya ilə Azərbaycan arasındakı əlaqələrdə humanitar sahə çox önəmli yer tutur. Cənab Prezident, bilirəm ki, Siz Azərbaycan Dillər Universitetində “Serb Dili və Mədəniyyəti Mərkəzi”nin açılışında da iştirak edəcəksiniz. Əminəm, bilirsiniz və görəcəksiniz ki, Sizin xalqınıza, xalqınızın mədəniyyətinə, ədəbiyyatına Azərbaycanda çox böyük maraq, böyük hörmət var. Humanitar sahədə mövcud olan əlaqələr xalqlararası əlaqələrin inkişafında mühüm yer tutur.

Hesab edirəm ki, turizm sahəsinin qarşılıqlı şəkildə inkişaf etdirilməsi həm ölkələrimizə gəlir gətirəcək, həm də insanlar bir-birini daha yaxından tanıyacaqlar, dost olacaqlar, necə ki, bizim ölkələr. Bizim ölkələrimiz dost ölkələrdir, qeyd etdiyim kimi, strateji tərəfdaşlardır. Əminəm, səfərdən sonra əlaqələrimizə yeni dinamika, yeni təkan veriləcəkdir ki, Serbiya ilə Azərbaycan daim bir-birini dəstəkləyən, bir-birinə kömək edən ölkələr kimi fəaliyyət göstərsinlər.

Sizin ölkənizdəki işlərlə bağlı apardığınız siyasəti biz yüksək qiymətləndiririk. Siz Serbiyanın müstəqil siyasətini müdafiə edirsiniz, ölkənizi inamla idarə edirsiniz. Xalq Sizə böyük dəstək göstərir. Sizin siyasətiniz Serbiya xalqı tərəfindən yüksək qiymətləndirilir. Biz Sizin dostlarınız kimi buna sevinirik. Əminik ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da Sizin gündəliyinizdə önəmli yer tutacaqdır. Serbiya ilə əlaqələr bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, gələcəkdə bu əlaqələrin uğurlu inkişafı üçün bütün imkanlar, şərait var. Əsas odur ki, çox güclü qarşılıqlı müştərək iradə var. Hesab edirəm ki, biz gələcək illəri də bu arzularla yaşayacağıq, Serbiya-Azərbaycan əlaqələrini inkişaf etdirəcəyik. Sağ olun.

Sonra Serbiya Prezidenti bəyanatla çıxış etdi.

Prezident Aleksandr Vuçiçin bəyanatı

- Hörmətli cənab Prezident, əziz dostum cənab Əliyev.

Sizə bu səmimi və xoş sözlərinizə görə təşəkkür etmək istəyirəm. Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafı baxımından gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümü ifadə etmək istərdim.

Düşünürəm ki, mən Sizin Prezident seçilməyinizdən sonra ölkənizə səfər edən ilk dövlət başçısıyam. Bu, mənim üçün çox böyük şərəfdir. Azərbaycan ilə dostluq münasibətlərinin inkişafı bizim üçün çox vacibdir. Bu, bizim dövlətlərimizin və xalqlarımızın maraqlarına tam uyğundur. Bizim əməkdaşlığımız üçün çox böyük meydan var. Məhz bu səbəbdən də mən bizim hökumətimizin demək olar ki, tam yarısı ilə Azərbaycana səfərə gəlmişəm. Çünki biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik.

Mənim ölkəmin müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə görə minnətdarıq. Biz də öz növbəmizdə Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyirik. Hər iki ölkənin bu mövqeyi dəyişməz olaraq qalacaqdır. Cənab Prezident, biz Sizin siyasətinizi çox yüksək qiymətləndiririk. Siz elə bir şəxsiyyətsiniz ki, ölkənizin müstəqilliyini qoruyursunuz, öz azadlığınızı qoruyursunuz və vətəndaşların firavanlığı naminə əlinizdən gələni edirsiniz. Çünki Sizin ölkəniz olduqca mürəkkəb regionda, müxtəlif regionların kəsişməsində yerləşir və Siz ölkənizi nümunəvi şəkildə qoruyub saxlaya bilmisiniz.

Eyni zamanda, iqtisadi maraqlarınız da təmin edilir. Münasibətlərimizin təkmilləşdirilməsində bizim böyük potensialımız var. Bu yaxınlarda bizim hökumətlərarası komissiyanın iclası olacaqdır. Sonuncu iclas 2015-ci ildə olmuşdur. Düşünürəm ki, müxtəlif nəqliyyat layihələrinin icrasında fəal əməkdaşlıq edə bilərik. Azərbaycan şirkəti Serbiyada yol tikintisində uğurla fəaliyyət göstərir. Bununla yanaşı, müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısı sahəsində, mədəniyyət, idman və digər sahələrdə daha böyük nailiyyətlər əldə edə bilərik. Təbii ki, bizim hərbi-texniki və hərbi təhsil sahələrində də böyük potensialımız var. Düşünürəm ki, bunlar da çox vacib sahələrdir.

Çox müsbət haldır ki, ölkələrimiz arasında heç bir mübahisəli məsələ yoxdur. Biz müxtəlif beynəlxalq təşkilatlarda bir-birimizi tam şəkildə dəstəkləyirik.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizi burada, media qarşısında Serbiyaya rəsmi səfərə dəvət edirik. Siz orada bizim xalqın qonaqpərvərliyinin, həm Sizə, həm də ölkənizə olan rəğbət və ehtiramın şahidi olacaqsınız. Azərbaycan bizə dost ölkədir və tezliklə Sizi Belqradda görmək ümidindəyik.

Sizi təbrik edirəm ki, ölkənizin qeyri-neft sektorunda 3 faizlik artım qeydə alınıb. Görürəm ki, Siz iqtisadiyyatın şaxələndirilməsinə böyük önəm verirsiniz. Bu da əsl siyasi rəhbərə xas olan bir xüsusiyyətdir. Bizim yaxşı münasibətlərimiz var. Artıq üç ildir ki, bizim büdcəmizdə artım müşahidə olunur. Bu da bizə daha yüksək səviyyədə qarşılıqlı sərmayə qoyuluşu baxımından yaxşı imkanlar yaradır.

Cənab Prezident, səmimi dostluğa görə Sizə bir daha təşəkkürümü bildirirəm və Sizi tezliklə Belqradda görmək ümidindəyəm. Sağ olun.

***

Mayın 21-də geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyə Planı”nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç imzaladılar.

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev və Serbiya Respublikasının səhiyyə naziri Zlatibor Lonçar imzaladılar.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Serbiya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında” Memorandumu Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov və Serbiya Respublikasının ədliyyə naziri Nela Kuburoviç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişi Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişi Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında” Sazişi Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzaladılar.

***

Mayın 21-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

rezidentlər görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək və Serbiya-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük dəstək olacaq.

Bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Biz dostuq, tərəfdaşıq, strateji tərəfdaşıq. Son illər ərzində əldə edilmiş uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcəkdir. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi sahədə əməkdaşlıq aparılır. Əminəm ki, bu gün aparılan danışıqlar nəticəsində bu sahəyə də yeni təkan veriləcəkdir. Humanitar sahədə çox gözəl əməkdaşlıq var.

Əlbəttə, bölgədə gedən proseslərlə bağlı biz bu gün Sizinlə fikir mübadiləsi apardıq. Əminəm ki, belə məsləhətləşmələrin çox böyük əhəmiyyəti var. Biz gələcəkdə energetika, nəqliyyat sahələrində daha fəal əməkdaşlıq edə bilərik. Bu məsələlərlə bağlı bizim fikirlərimiz var. Belə olan halda bizim münasibətlərimiz yeni mərhələyə, yeni pilləyə qalxacaqdır.

Bir sözlə, biz münasibətlərimizin inkişafı ilə bağlı bir fikirdəyik. Hesab edirəm ki, bu münasibətlərin çox böyük gələcəyi var. Serbiya bizim üçün dost ölkədir və əminəm ki, bu dostluq əlaqələri bundan sonra da davam etdiriləcək.

Sizə uğurlu səfər arzulayıram. Əminəm ki, səfər zamanı əldə edilmiş razılaşmalar gələcək uğurlu əməkdaşlığımızı daha da möhkəmləndirəcəkdir. Bir daha xoş gəlmisiniz.

X X X

Serbiya Prezidenti Aleksandr Vuçiç dedi:

-Hörmətli cənab Prezident.

İlk növbədə, Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə təbrik edirəm və Azərbaycan xalqına firavanlıq arzulayıram. Eyni zamanda, Sizi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə də təbrik etmək istəyirəm.

Sizi əmin edirəm ki, Serbiya Azərbaycan üçün dost ölkədir. Biz burada - Azərbaycanda, Bakı şəhərində özümüzü ən yaxın dostlarımızın evində hiss edirik.

Cənab Prezident, mən Sizin fəaliyyətinizə xüsusilə böyük önəm verirəm. Siz çox böyük səylər göstərirsiniz ki, ölkənizin suverenliyini və müstəqilliyini qoruyub saxlayasınız. Çünki hazırkı çox gərgin bir şəraitdə Siz ölkənizi firavanlıq yolu ilə irəli aparırsınız. Bununla yanaşı, Sizin siyasətinizi dəstəkləyən bütün ölkələrlə yaxşı münasibətlər qurmusunuz. Bu, olduqca çətin bir məsələdir. Biz Serbiya olaraq bu siyasətə böyük önəm verir və hörmət bəsləyirik.

Hesab edirəm ki, bizim birgə görəcəyimiz işlər kifayət qədərdir. Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək bir çox işlər var. Eyni zamanda, bizim də burada görə biləcəyimiz işlər çoxdur. Düşünürəm ki, iqtisadiyyatımız gücləndikcə serb şirkətləri Azərbaycana cəlb oluna bilər.

Məlumat vermək istərdim ki, bu il bizim iqtisadi artımımız 4,5 faizə bərabər olmuşdur. Məndə olan məlumata görə, Sizin də qeyri-neft sektorunda 3 faiz artım olmuşdur. Bu münasibətlə də Sizi səmimi qəlbdən təbrik edirəm.

***

Mayın 21-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyi diqqətə çatdırıldı.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

Azərbaycanda rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin mayın 21-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Serbiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Serbiya Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Aleksandr Vuçiç fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Serbiya Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Serbiya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Vuçiçə, Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Serbiya prezidentləri rəsmi foto çəkdirdilər.

***

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Publika.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm