Gözəllik ondur, doqquzu... Saxta kosmetika məhsullarının gətirdiyi bəlalar - ARAŞDIRMA
Bizi izləyin

Sağlamlıq

Gözəllik ondur, doqquzu... Saxta kosmetika məhsullarının gətirdiyi bəlalar - ARAŞDIRMA

“Səhər oyanıb gördüm ki, üzümü sızanaq basıb”, “Dərimdə qıcıqlanma, yanma hiss etdim, dözülməz hal alanda həkimə müraciət etdim. İstifadə etdiyim krem səbəb olubmuş”.

Sizi bilmirəm, amma mən ətrafımda belə hallarla üzləşən insanlara tez-tez rast gəlirəm. Həkimə düşənə qədər çoxlarının ağlına da gəlmir ki, daha gözəl və sağlam görünmək üçün istifadə etdikləri kosmetik məhsullar onların sağlamlığının ən böyük düşmənidir.

Kosmetik məhsullar biz qadınların vazkeçilməzidir. Gəlin etiraf edək ki, hər hansı bir kosmetik məhsulu alarkən onun firmasına, qiymətinə və ən yaxşı halda son istifadə tarixinə diqqət edirik. Məhsulun tərkibinə baxmaq isə ağlımıza da gəlmir. Halbuki, bəzi kosmetika növlərinin tərkibi zəhərli maddələrlə doludur. Üstəlik, bu, sadəcə, saxta və ucuz məhsullarda deyil, kifayət qədər bahalı və dünyanın bir çox ölkəsində satılan brendlərdə də rast gəlinən haldır.

Bu maddələrə diqqət!

Paraben, fitalat, sulfat, triklosan, alüminium kimi kimyəvi maddələrlə dolu olan kosmetik məhsullardan mütəmadi istifadə nəticəsində müxtəlif xərçəng növləri, sonsuzluq, göz və dəri problemləri ilə qarşılaşmaq labüdləşir. Dəridə qıcıqlanma, yanma hissi isə, sadəcə, başlanğıcdır.

Unutmayın ki, sözügedən məhsullar, sadəcə, qadınlar üçün təhlükə törətmir. Sabun, şampun, ətirdən həm uşaqların, həm də kişilərin istifadə etdiyini nəzərə alsaq, kosmetik məhsulların həyatımıza təsir daha aydın görünər.

Təqdirəlayiq addım

Bu təsiri Azərbaycan hökuməti nəzərə alıb. Ölkə vətəndaşlarının sağlamlığının qorunması məqsədi ilə Nazirlər Kabineti «Təhlükəsizliyi 01 yanvar 1994-cü ildən təmin olunmalı məhsulların Siyahısı»a bəzi dəyişikliklər edib. Dəyişikliyə əsasən, kosmetika və parfümeriya məhsulları, tibbi reagentlər və kimyəvi reaktivlər təhlükəsizliyi təmin olunmalı məhsulların siyahısına əlavə edilib. Bir az gec qəbul edilmiş qərar olsa da, təqdirə layiqdir.

Bir çox ölkədə bu sistem çoxdan tətbiq olunur. Məsələn, qonşu ölkə Türkiyədə hər il Səhiyyə Nazirliyi ölkədə satılan bütün kosmetik vasitələri testlərdən keçirir və təhlükəli məhsulların siyahısını açıqlayır. Üstəlik, təhlükəli məhsul istehsalçıları 800 min lirəyə qədər məbləğdə cərimələnir.

“Yediyimiz qidalar təmiz deyil, qaldı ki...”

"Hi-Fi" Estetik Mərkəzinin həkim kosmetoloqu Aybəniz Cəfərova Publika.az-a bildirib ki, gündəlik istifadə edilən kosmetik məhsulları tərkibində kimyəvi maddələrin mövcudluğu heç kimə sirr deyil. Ancaq düzgün məhsullar seçərək bunlardan qorunmaq mümkündür:

“Yediyimiz qidaların belə tərkibi təmiz deyil, qaldı ki, kosmetik məhsullar ola. Hər bir məhsulun tərkibində kimyəvi maddələr olur. Ancaq tanınmış brendlərin məhsulları daha təhlükəsizdir. Çünki onlar öz brendlərinin adını qorumaq üçün daha diqqətli davranırlar. Onların hazırladığı məhsullarda istifadə edilən kimyəvi komponentlər insan orqanizminə zərər verməyəcək həddə tənzimlənir. Buna baxmayaraq, araşdırıb təbii tərkibli məhsullar almaq lazımdır”.

Yaşınıza uyğun məhsulu seçin!

Aybəniz xanımın sözlərinə görə, kosmetik məhsulların üzərindəki istifadə qaydalarına əməl edilsə, bu zaman onlar kansoregen təsir göstərmir:

“Həmin məhsulların üzərində hansı yaşlar üçün uyğun olduğu yazılır. Məsələn, 30 yaş üçün uyğun olan məhsulu 20 yaşındakılar istifadə etməməlidir. Məhsulun son istifadə tarixinə diqqət etmək lazımdır. Kosmetik məhsulların ömrü 1 ildən artıq olmur. Vaxtı keçdikdən sonra həmin məhsuldan istifadə etmək təhlükəlidir”.

Xanım kosmetoloq kiçik yaşlardan etibarən kosmetik vasitələrdən istifadəni də təhlükəli hesab edib:

“Bəzən görürsən ki, 13-14 yaşlı qızlar makiyaj edir. Bu, yolverilməzdir. Çünki həmin yaşlarda dəri həssas olur və kimyəvi maddələrə daha tez reaksiya verir”.

Saxta və ucuz mallar daha təhlükəlidir

Aybəniz xanım saxta və ucuz mallara qarşı diqqətli olmağı tövsiyə edir:

“Satışda çox lazımsız, sağlamlıq üçün təhlükəli məhsullar var. Onları aşkarlayıb satışdan kənarlaşdırmaq lazımdır. İnsanlar da saxta və ucuz məhsula qaçmamalıdır. Çünki gözəlləşmək istəyərkən sağlamlıqlarını təhlükəyə atmamalıdırlar”.

Hansı məhsullarda sperma və donuz piyi var?

Bəlkə, siz də eşitmisiniz, deyilənə görə, bir çox firma təbii tərkibli, “100 faiz natural” etiketi ilə buraxdığı məhsulların tərkibinə donuz piyi və sperma əlavə edir. Bunlar daha çox 40 yaşdan sonra istifadə edilməsi məsləhət olan anit-aging (yaşlanma əleyhinə) tipli kremlərin, dərini kollagenlə təmin edib dəri sallanmasının qarşısını alan məhsulların tərkibinə vurulur.

Qablaşdırmanın üzərində “Cetyl palmitate”, “cetaceum”, “spermaceti” yazılıbsa, bilin ki, söhbət spermadan gedir.

Əgər məhsulun üzərində “Jelatin”, “lesitin”, “sorbitan oleat”, “myristic acid”, “biotin” və “L­cysteine” kimi maddələrin adını görürsünüzsə, deməli, tərkibində donuz yağı var.

Aybəniz xanımdan təbii tərkibli məhsullarla bağlı qulaqdan-qulağa yayılan bu iddiaları da soruşdum.

Kosmetoloq bildirdi ki, bu maddələr çox cüzi miqdarda olur və sağlamlığa heç bir zərəri yoxdur:

“Yenə də bu mövzularda həssas olanlar hər bir məhsulun tərkibi ilə tanış olub sonra istifadə etməlidirlər”.

Hər şey öz əlimizdədir!

Bir sözlə, sadəcə yediyiniz qidalara deyil, istifadə etdiyiniz kosmetik məhsullara da diqqət edin. Əks təqdirdə, fərqində olmadan xərçəngə və digər təhlükəli xəstəliklərə dəvətnamə göndərmiş olarsınız.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm