• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Uzaqdan gələn xəstələrə yol xərci də verilir" - Sədaqət Vəliyeva

"Uzaqdan gələn xəstələrə yol xərci də verilir" -  Sədaqət Vəliyeva

Hazırda Azərbaycanda vərəm xəstələrinə olan diqqət və qayğı dünyanın bir çox dövlətlərinə nümunə ola bilər. Bunu Trend-ə 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, millət vəkili Sədaqət Vəliyeva bildirib.Millət vəkilinin sözlərinə görə, sözügedən xəstəlikdən əziyyət çəkən insanlara xüsusi diqqət göstərilir, onların müalicəsi üçün bütün tədbirlər görülür:

"Bu gün vərəm dispanserlərində və ərazi poliklinikalarında yaradılmış xüsusi otaqlarda (DOT kabinetlərdə) vərəm xəstələrinə pulsuz olaraq dərmanlar paylanılır. Tibb bacıları çalışırlar ki, həmin xəstələr o dərmanları elə yerindəcə qəbul etsinlər. Çünki, xəstələr bəzi hallarda müalicədən yorulduqlarına görə və ya digər səbəblərdən dərmanları içməyə bilərlər. Ona görə də, bu xəstələr tibb işçilərinin nəzarəti altında həmin dərmanları qəbul edirlər. Hətta, uzaqdan gələn xəstələrə yol xərci də verilir".

S.Vəliyeva vurğulayıb ki, vərəm xəstələrinin müalicəsi tamamilə dövlətin hesabına həyata keçirilir. Onun sözlərinə görə, xəstəliyin formasından asılı olmayaraq, müalicəyə sərf olunan dərmanlar da dövlət tərəfindən verilir: "Hal hazırda dünyada vərəmin dərmana davamlı formaları meydana gəlib. Bunun isə səbəbləri müxtəlifdir. Şəraitdən asılı olaraq, aparılmış müalicə zamanı dərmanların effekti olmadıqda, onlar vaxtında qəbul edilmədikdə və xəstə öz müalicəsinə qeyri-ciddi yanaşdıqda mikrobların dərmana davamlı formaları meydana çıxır. Ona görə də, bu gün dərmana davamlı formaların müalicəsi üçün xüsusi proqram hazırlanıb və reallaşdırılır. Bu cür xəstələri müalicə etmək üçün isə iki il vaxt və 50 min manat xərc tələb edilir. Söz yox ki, bu vəsaiti də dövlət ödəyir".

Millət vəkili əlavə edib ki, bu gün Respublikada vərəm əleyhinə mübarizə vərəm dispanserlərində aparılır.

Onun sözlərinə görə, Ağciyər Xəstəlikləri İnstitutunda referens laboratoriyalar fəaliyyət göstərir ki, toplanmış bəlgəm materialları həmin laboratoriyalarda yoxlanılır və aşkar olunan dərmana davamlı formalar Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiyaya təqdim olunur: "Həmin komissiya isə bu cür xəstələri müalicəyə cəlb edir. Komissiyanın rəyinə əsasən, dərmana davamlı xəstələrin müalicəsi cərrahiyyə və ya konservativ yolla aparılır. Bunun üçün isə xüsusi formalaşdırılmış 6 saylı Vərəm dispanseri yüksək səviyyədə təmir olunaraq, istifadəyə verilib".

4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi deyib ki, ölkədə 2007-ci ildən bu günə qədər 1000-ə yaxın belə xəstə aşkarlanıb və onlar müalicəyə cəlb olunublar: "Onların arasında müalicəsini bitirənlər də var. Ancaq Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiya müayinələri davamlı olaraq həyata keçirir və prosesi nəzarətdə saxlayır".

Qeyd edək ki, 24 mart Dünya Vərəmlə Mübarizə Günüdür. Bu günün yaranma tarixi 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Koxun xəstəliyin törədicisi olan vərəm çöplərini kəşf etməsi ilə bağlıdır. Dünya Səhiyyə Təşkilatı və Dünya Vərəmlə Mübarizə Birliyinin təşəbbüsü ilə 1982-ci ildən etibarən hər il 24 mart tarixi bütün ölkələrdə Dünya Vərəmlə Mübarizə Günü kimi qeyd olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR