Ramazanda bədəninizi susuz qoymayın!
Bizi izləyin

Sağlamlıq

Ramazanda bədəninizi susuz qoymayın!

Bu gündən etibarən 11 ayın sultanı, İslam dininin mübarək ayı Ramazan başladı. Etiqadlı müsəlmanlar bir ay boyunca oruc tutur. Müqəddəs kitabın – Qurani-Kərimin Bəqərə surəsinin 183-cü ayəsində buyurulur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”.

Ramazan yay aylarına düşür. Yayda günün uzun olduğunu nəzərə alsaq, oruc tutanların çoxu susuzluq kimi ən aktual problemlə üzləşir. Publika.az bu ayda bədənin susuz qalmaması üçün bəzi məsləhətləri oruc tutanların nəzərinizə çatdırır. Türkiyəli terapevt Aypara Qaya Ramazanda bədəni susuz qoymamaq üçün bunları təklif edir.

İftarda və imsakda çox çay və qəhvə içməyin. Hər ikisi də çox güclü sidikqovucudur. Yəni, bu iki maye orqanizmi susuz qoyur. Çay və qəhvə yeməkdən 45 dəqiqə sonra içilməlidir.

Duzlu yeməklərdən uzaq durun. Turşu, şoraba, pendir, zeytun və basdırma kimi qidalar susuzluq hissinə təkan verir.

Yağlı yeməklər də susuzluğu artırır. Qovurma, qızartma, yağlı piroq kimi yeməklərə çox üstünlük verməyin.

Susuzluğa qalib gəlmək üçün həddindən artıq soyuq içkilər içməyin. Çünki soyuq içkilər hərarəti azaldır və orqanizmin ehtiyacı olduğu mayeni qəbul etməyinizə mane olur. Eyni zamanda soyuq su isti yeməklə birləşəndə həzm problemləri yarada bilər.

Şəkərli içkilərə də çox diqqət edin. Şirələr, meyvə suları və qazlı içkilər həm çox kalori deməkdir. Yəni insanı yemədən kökəldir, həm də qanda şəkərin miqdarını sürətlə qaldırıb ani aşağı salır. Bu da insanın daha çox yeməsinə səbəb olur. Həmçinin bu tipli içkilərin həzmi üçün fəal mədəyə ehtiyacı var. Oruc saxlayan adamın mədəsi az işləyir, bu o deməkdir ki, qazlı içkilər ona ciddi zərər yetirə bilər.

Qidaların həzminin asanlaşması və növbəti gün susuzluq hissinin yaşanmaması üçün yemək arasında kifayət qədər maye qəbul edilməli və mümkün olduğu qədər sulu yeməklər seçilməlidir. İmsakda 3 stəkan, iftardan sonra da hər saat bir stəkan su içilməlidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm