Son 20 ildə 20 dəfə artan xəstəlik - BEL AĞRILARI
Bizi izləyin

Sağlamlıq

Son 20 ildə 20 dəfə artan xəstəlik - BEL AĞRILARI

Nə etməliyik ki, özümüzü bundan qoruyaq?

Müasir həyat tərzi, əlimizin altında olan imkanlar işimizi asanlaşdırdığı kimi sağlamlıqla bağlı bir sıra problemlər də ortaya çıxarıb. Belə problemlərdən ən geniş yayılanı isə bel, yaxud elmi dillə desək fəqərələrarası disk yırtığı xəstəliyidir. Belə ki, statistik göstəricilərə əsasən, son iyirmi ildə bu xəstəlikdən əziyyət çəkənlərin sayı 20 dəfə artıb. Bəs görəsən xəstəliyin bu qədər geniş yayılmasının səbəbi nədir? Nə etməliyik ki, özümüzü bundan qoruyaq?

"Tövsiyəm budur ki, insanlar əməliyyatdan qaçsınlar"
Publika.az kaspi.az-a istinadən bildirir ki, fizioterapevt və reabitoloq Pərvin Əkbərov deyir ki, müasir dövrdə insanların fiziki keyfiyyətinin aşağı düşməsinin tədricən artması müşahidə olunur: "Problemlərdən biri də məhz disk yırtıqlarıdır. Xəstəliyin yaranmasının ən önəmli səbəblərindən biri bizim yanlış həyat tərzimizdir. Yəni, həyat tərzində hərəkətin azlığı, insanların get-gedə passiv həyat tərzinə meylli olması bu problemləri çoxaldır. İkinci səbəb, insanların müəyyən iş zədələridir. Məsələn, bank işçiləri, sürücülər, fiziki işlə məşğul olan fəhlələr, rəhbər işçilər bütün günü kabinetdə otururlar. Bu insanların əksəriyyəti saatlarla kompyuterə baxmağa məcburdur. Bu da mühüm səbəblərdən biri hesab olunur. Üçüncü səbəb isə yanlış idman edən insanlardır. Düzdür, idmanla məşğul olanların getdikcə sayı çoxalır. Amma təəssüf ki, düzgün bilgiyə sahib olmayan insanlar, həmçinin onlara düzgün məsləhətlərin, yaxud da düzgün proqramın verilməməsi müəyyən zədələrin yaranmasına səbəb olur. Məsələn, bir çoxları çəkini düzgün qaldırmırlar, texnikanı düzgün etmirlər ki, bunlar da bu problemi yarada bilir".

P.Əkbərov bəzi maraqlı məqamları da vurğuladı: "Disk yırtıqları əslində heç bir təhlükə yaratmır. Bu yırtıqdan insan dünyasını dəyişə bilməz. Amma həyatı keyfiyyətlərini sıfıra qədər endirə bilər. Yəni, bəzən bu yol cərrahiyyəyə qədər gedə bilir. Yaxud da, xəstə yatağa düşə bilərlər, fiziki aktivliyini itirə bilərlər. Ümumilikdə, bu xəstəlik insanlara həm sosial, həm də iqtisadi baxımdan böyük bir ziyan vura bilir. Əməliyyat bu işin ən axırıncı yoludur və qeyd edim ki, əməliyyata xüsusi göstərişlər olmalıdır. Əməliyyat üçün üç göstəriş olmalıdır. Bu gün həkimlər insanları əməliyyata sövq edirlər ki, bu, tamamilə yanlışdır. İnsanlar maarifləndirilmirlər və ağrıların çox olmasından dolayı əməliyyat təklifi ilə tez razılaşırlar. Dünya statistikasına nəzər salsaq, görərik ki, disk yırtıqlarının cəmi 10 faizinə əməliyyat məsləhət görülür. Bu da kəskin göstəricilər olarsa. Xəstəliyi müalicə etmək olar. Reallıqda xəstələrin 90 faizinin əməliyyata ehtiyacı yoxdur. Mən özümün 9 illik təcrübəmdə əməliyyatdan sonrakı fəsadları da görürəm. Əməliyyatın həlli yolu da olmur çox hallarda. Tövsiyəm budur ki, insanlar əməliyyatdan qaçsınlar, çünki bunun başqa yolları da var. Bəzən bel yırtıqlarında heç həkimə ehtiyac belə yoxdur. İnsanlara düzgün istiqamət verildikdə və səhlənkarlıq edilmədikdə həkim məsləhətinə əməl etsələr, xəstəlik öz həllini tapar".

Həkimin sözlərinə görə xəstəlik artıq gəncləşib: "Ara-sıra gənc insanlarda da bunu görürük. Uşaqlar parta arxasında düzgün oturmur, məktəb çantalarının daşınmasına düzgün riayət etmirlər və onlarda müəyyən mexaniki pozğunluqlar əmələ gəlir. Bu da sonradan yırtıqların meydana gəlməsinə səbəb olur. Digər bir fakt isə xəstəliyin irsi olması məsələsidir. Bəzən elə olub ki, bir ailənin 5 üzvündən 3-ü müalicə alıb. Bu da onu göstərir ki, bu ailədə qığırdaq sümüyündə problem var. Elə uşaq da var ki, 10 yaşı olmasına baxmayaraq raxitlik əlaməti var. Bədən elastik olsa da, uşaqda raxitlik olur. Yəni, həmin uşaq barmaqlarını qatlayıb arxaya rahat vura bilər. Bu uşaqlarda da yırtığın əmələ gəlmə faizi çoxdur. Hesab edirəm ki, insanlar erkən vaxtdan düzgün maariflənsələr və müəyyən məsləhətlərə əməl etsələr bu kimi problemlərlə üzləşməzlər".

"Qidaların keyfiyyət parametrləri də bu məsələdə mühüm rol oynayan faktorlardan biridir"
Tibb eksperti Adil Qeybulla da mövzu ilə bağlı fikirlərini bildirdi : "Oturaq həyat tərzi getdikcə insanların sağlamlığında müxtəlif problemlərə yol açır. Bu problemlərdən biri və birincisi fəqərələrarası disk yırtıqlardır. Belə həyat tərzi keçirən insanların orqanizmində, xüsusən də qığırdaqlarda duzlaşma prosesi gedir. Bu isə son nəticədə belə yırtıqların yaranmasına və böyüməsinə gətirib çıxarır. Digər mühüm faktor isə insanların düzgün qidalanma rejiminə əməl etməməsidir. Müasir dövrdə daha çox ziyanlı və tərkibində duz və digər mineral maddələrin çox olduğu qidalara üstünlük verirlər ki, bu da yırtıqların əmələ gəlməsinə səbəb ola bilir. Qəbul edilən qidaların keyfiyyət parametrləri də bu məsələdə mühüm rol oynayan faktorlardan biridir. Bu kimi amillər günümüzdə bel yırtığı xəstəliyindən əziyyət çəkənlərin artmasına gətirib çıxarır. Qeyd edim ki, bu xəstəliyə hətta azyaşlı uşaqlarda da rast gəlinir. Uşaqların əksəriyyəti az hərəkətdə olur, bütün günü kompüterlə məşğul olurlar. Həmçinin onlar dərs zamanı da düzgün oturmur və nəticədə fəqərələr bundan ziyan görür. Ağır məktəbləri çantaları da uşaqlarda belə xəstəliyin yaranmasının səbəblərindən biridir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm