Ən böyük loğman - ARI
Bizi izləyin

Sağlamlıq

Ən böyük loğman - ARI

Deyirlər ki, məşhur loğman İbn Sina dünyadan köçəndə ətrafına toplaşanların onları kimin ümidinə qoyub getdiyini soruşanda deyib: “Mən gedirəm, amma iki böyük loğman qalır. Onun biri dəvədir, biri də arı. Dəvənin südünü için, ətini yeyin, arının balını”.

Publika.az xəbər verir ki, məşhur loğmanın bu sözləri özündə çox böyük bir həqiqəti əks etdirir. Bu baxımdan Azərtac maraqlı yazı ilə çıxış edib. Həmin məqaləni oxuculara təqdim edirik.

Arı öz həyat tərzi, iş rejimi, yaşam fəlsəfəsi, istehsal etdiyi bir-birindən qiymətli və sağlamlıq üçün əhəmiyyətli məhsulları ilə möcüzəli bir dünya təsiri bağışlayır. Elə bir dünya ki, doğumundan ölümünə qədər hər anı müəyyən qanunlarla tənzim olunur.

“Qurani-Kərim”in “Ən –Nəhl” surəsində deyilir: “Bal ye, sağlam ol”. Böyük Sokrat isə “Bal yemək uzun ömrün cövhəridir” söyləyirdi. Qədim Çin şairi Li Yu sağlamlığın və uzunömürlülüyün sirlərindən bəhs edərkən deyib: “İnsanlar qədim zamanlardan sağlamlığın və çox yaşamağın sirlərini axtarırlar. Bu isə gözlərimiz qarşısındadır. Çiçək tozcuğu... Onun sirlərinə bələd olanlar ölümsüz olurlar...” Təbabətdə sübut edilib ki, çiçək tozcuğu insana lazım olan bütün vitamin-mineral kompleksini özündə cəmləşdirən nadir qida maddəsidir.

Arı 100 qram bal hazırlamaq üçün kilometrlərlə yol qət edir və yüzlərlə çiçəyə qonur. Balın tərkibində həyat əhəmiyyətli komponentlərin 450-yə qədəri var. Arıçılıqla məşğul olmaq, bal arısı saxlamaq sağlamlıq üçün çox faydalıdır. Arı pətəkləri saxlanılan ərazinin 200 metr həndəvərinə yaxınlaşan hər kəs özünü xüsusi hava balonuna daxil olan kimi hiss edir. Arı məhsullarından ayrılan uçucu maddələr - efir yağları həmin ərazidəki havanı dezinfeksiya etməklə yanaşı, ona yüksək əhval-ruhiyyə yaradan ətirli maddələrlə zəngindir. Ona görə də həmin müalicəvi hava ilə tənəffüs alan arıçı və onun ailə üzvləri həmişə sağlam və gümrah olur, uzun ömür sürür.

Arıçıların dediyinə görə, gündə iki-üç dəfə arının sancması ilə yel və revmatizm xəstəliyindən qurtulmaq mümkündür. Arı südü astma, bronxit və ürək xəstəliklərinə qarşı çox xeyirlidir. Arı südünün hər 10 qramına 100 qram bal qataraq səhərlər qəbul etmək olduqca faydalıdır. Bərəmumu əridərək cunanın üstünə çəkəndən sonra papaq kimi başa qoymaq bir sıra xəstəlikləri aradan qaldırır.

Arı dünyası çox ecazkar və sirlidir. Maraqlıdır ki, işçi arı cəmi 40-45 gün, ana arı isə ondan 50-60 dəfə çox 6-7 il yaşayır. Apidiyetoloqlar arı sancması ilə az qala bütün xəstəlikləri müalicə etməyin mümkünlüyünü söyləyirlər. Təxminən ayyarım yaşayan kiçik bir varlıq öz qısa ömründə nə qədər xeyirxah və savab işlər görür. Arının istehsal etdiyi bal, bərəmum, arı südü, çiçək tozu, mum və güləm sağlamlıq üçün olduqca əhəmiyyətli və əvəzsizdir.

Dahi Albert Eynşteyn deyirdi ki, arılar qırılandan dörd il sonra dünya məhv olacaq. Məşhur alimin həmin sözləri belə deməyə əsas verir ki, arı həm də həyat mənbəyidir. Deməli, nə qədər ki, arı var, həyat var...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm