Hər evdə olması gərəkən bitkilər - - FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Hər evdə olması gərəkən bitkilər - - FOTOLAR

Bir çox bitkilər havadakı çirkli maddələri təmizləməyə kömək edir.

Qapalı məkanlarda hava zərərli kimyəvi maddələrlə çirklənmiş olur və belə şəraitdə nəfəs almaq insan sağlamlığı üçün təhlükə mənbəyidir. Araşdırmalara əsasən, əhali vaxtının 90%-ni havası ağırlaşmış qapalı məkanlarda (ofislərdə, məktəblərdə) keçirir. Qapalı məkanlardakı çirkli hava şəraiti zaman-zaman insanlarda öskürək, sinədə sıxılma, qıcıqlanma, tez-tez baş ağrısı, boğaz ağrısı, gözlərdə sulanma, qaşıntı, təngnəfəslik və astmaya səbəb ola bilir.

Lakin qapalı məkanları təmizləmək üçün sadə və effektiv vasitələrdən - bitkilərdən istifadə etmək olar. Bir çox bitkilər havadakı çirkli maddələri təmizləməyə kömək edir. NASA tərəfindən aparılan araşdırmalar sübut edib ki, hər 100 kvadratmetr sahədə olan çirkli havanı xüsusi dibçək bitkiləri vasitəsilə təmizləmək mümkündür.

Publika.az sizə həmin bitkilərin siyahısını təqdim edir:

1. Aloe Vera

Evinizdə, ofisinizdə rahatlıqla yetişdirə biləcəyiniz bitkilərdən biri Aloe Vera bitkisidir. Havanı təmizləməklə yanaşı, bu bitki alternativ tibb və kosmetik sektorda ən qiymətli bitkilərdən hesab olunur. Aloe Veranın içindəki yapışqan gel bədəndəki yara və yanıqlara çox yaxşı təsir edir. Çox az miqdarda su ilə qidalanan bu əvəzsiz bitki sizin üçün mükəmməl oksigen anbarı rolunu oynayacaq.

2. Sarmaşıq

Ucu-bucağı bilinməyən, uzandıqca uzanan sarmaşıqlar da havanın təmizlənməsində mühüm rol oynayır. Məşhur sarmaşıqlara ev şəraitində çox az rast gəlinsə də, salonlarda, sinif otaqlarında, ofis şəraitində dekor olaraq istifadə edilən bu bitki divarlara yapışsa da, havanın tərkibini təmizləyərək sağlamlığınızın qeydinə qalır.

3. Yelkən çiçəyi

Günəş şüası, azacıq su ilə qidalanan dibçək çiçəyinin NASA tərəfindən aparılan araşdırmalarda havadakı formaldehit, benzol və ammonyakı təmizlədiyi sübut edilib.

4. Areka palması

Bu palma növü havada olan zərərverici qazları təmizləyən dibçək bitkilərindən biridir. Mebellərin yaxınlığına yerləşdirilərsə, həmçinin formaldehiddən də xilas olmağa kömək edir. Yavaş böyüyən bitkidir. Evin künc hissəsinə yerləşdirə bilərsiniz.

5. Lent çiçəyi

Baxımı olduqca asan olan bitkinin faydalı xüsusiyyətləri elmi olaraq da sübut olunub. NASA-ya görə, bu bitki havadakı tozları və formaldehit, ksilen və tolüen kimi kimyəvi maddələri canına çəkərək mühitdəki havanı təmizləyir. Bitki ev üçün çox münasib çiçəklərdən hesab olunur.

6. Fikus

Bəzək bitkisi kimi istifadə edilsə də, havadakı toksinləri toplayaraq, qapalı məkanın ağır havasını yüngülləşdirir. Fikus bitkisinin xüsusilə formaldehid filtrasiyasında təsirli olduğu deyilir. Dəm qazını belə təmizləyə biləcək keyfiyyətlərə məxsusdur.

7. Drasena

Şans bambuku adlanan Drasena da havanı təmizləyən bitkilər sırasındadır. Xüsusilə həyətyanı sahədə əkilən bitki böyük bir dibçəkdə bir neçə kiçik dibçək gülünün işini tək başına görə bilir.

Qeyd: Əgər evdə azyaşlı uşaq və ya ev heyvanınız varsa, bu bitkiləri onlardan uzaqda saxlayın. Tərkiblərinə çəkdikləri kimyəvi maddələr onlarda allergik reaksiyalara və zəhərlənmələrə səbəb ola bilər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm