Bakıda fəvvarələrlə bağlı SOS: Toxunmayın
Bizi izləyin

Sağlamlıq

Bakıda fəvvarələrlə bağlı SOS: Toxunmayın

Paytaxt Bakıda parklarda və istirahət yerlərində olan fəvvarələrin suyuna kimyəvi tərkibi insan orqanizmi üçün zərərli olan dərmanlar qatılır.

Bu informasiyanı Axar.az-ın əməkdaşına parkda çalışan fəhlələr də təsdiqləyib. Onların sözlərinə görə, bəzən fəvvarələrin suyu həftələlə dəyişdirilmir. Bu zaman su iylənməsin deyə, ona xüsusi dərmanlar vurulur.

Müşahidə apardığımız zaman, fəvvarələrin suyu ilə əl-üzünü yuyub sərinlənənlərə, su ilə oynayan uşaqlara, hətta körpəsinin əmziyini fəvvarənin suyunda yaxalayan analara da rast gəldik. Parkda çalışan fəhlələr deyir ki, dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, insanlar yenə də fəvvarənin suyundan istifadə edirlər.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal gigiyena bölməsinin müdiri Leyla Tağızadə, insanları fəvvarələrin suyundan uzaq durmağa çağırıb:

"Xüsusən də uşaqları fəvvarələrin suyundan uzaq saxlamaq lazımdır. Suda olan mikroblar dəri xəstəliklərinə və mədə-bağırsaqda qurd xəstəliklərinə yol aça bilər".

Bütün bunlara baxmayaraq, heç bir parkda fəvvarələrin kənarında bu suyun dərmanlı olması ilə bağlı xəbərdarlıq nişanlarına rast gəlmədik.

Bakının küləkli şəhər olması fəvvarələrin suyunun daha tez çirklənməsinə və tullantılarla dolmasına səbəb olur. Bundan əlavə, suların vaxtaşırı dəyişdirilməməsi və zəhərli tərkibi olan dərmanların vurulması fəvvarələrin suyunun insan səhhəti üçün nə qədər zərərli olduğunu aşkara çıxarır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm