İlin ən isti günündən zərərsiz çıxmağın yolları
Bizi izləyin

Sağlamlıq

İlin ən isti günündən zərərsiz çıxmağın yolları

Avqustun 20-si Bakıda cari ilin ən isti günü olacaq. Həmin gün günorta saatlarında paytaxtın bəzi ərazilərində temperaturun 41 dərəcəyə kimi yüksələcəyi ehtimal edilir. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, avqustun 20-si daxil olmaqla, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 36-39 dərəcə isti olacaq, bəzi ərazilərdə isə temperatur 40 dərəcəyə kimi yüksələcək: "Ən isti günün avqustun 20-də olacağı gözlənilir. Avqustun 21-dən başlayaraq, mülayim cənub küləyi şimal küləyi ilə əvəzlənəcək. Şimal küləyinin sürətinin artması ilə əlaqədar Bakıda kəskin istilərdən sonra hava əvvəlki günlərlə müqayisədə nisbətən sərinləşəcək. Şimal küləyi ilə əlaqədar avqustun 21-dən başlayaraq, havanın temperaturu enəcək və iqlim normasına yaxınlaşacaq".

Son 2 gün ərzində...

U.Tağıyeva bildirib ki, bu il avqustun 16-dan 20-dək müşahidə olunan hava şəraitini builki yayın ən isti dövrü kimi dəyərləndirmək olar. Amma həmin dövrlərdə qeydə alınan temperaturu rekord göstəricilər kimi qiymətləndirmək olmaz. Çünki 2010, 2012-ci ildə də davamlı, uzunmüddətli istilər müşahidə edilib, temperatur 40 dərəcədən də yüksək olub. Onun sözlərinə görə, havanın temperaturu stansiya ərazisində - asfalt olmayan, qrunt olan ərazidə ölçülür: "Buna görə də əgər biz havanın temperaturunu 36 dərəcə deyiriksə, şəhərdə (bu, bütün iri meqapolislər üçün səciyyəvi olan xüsusiyyətdir) asfalt örtüklər, binaların sıx olması temperatur rejiminə öz təsirini göstərir. Buna görə Bakı şəhərinin bəzi ərazilərində temperatur bir qədər yüksək ola bilər. Yəni stansiya şəraiti ilə müqayisə aparsaq, Bakı şəhərində həmin "ideal" vəziyyətdə ölçülən temperaturdan 2-3 dərəcə fərqli ola bilər".

Paytaxtda son bir həftə ərzində 5 nəfər günvurma ilə əlaqədar Təcili Tibbi Yardıma müraciət edib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, havaların isti keçməsi nəticəsində günvurma ilə müraciət edən 5 nəfərdən ikisinin vəziyyəti nisbətən ağır olduğundan xəstəxanaya yerləşdirilib, digər üçünə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Stansiyadan apa-ya verilən xəbərə görə, ayın 15-dək gün ərzində 1700-1800 müraciət daxil olurdusa, son 2 gündə bu müraciətlərin sayı 1800-ü keçib.

Ötən həftənin sonu 1 suda boğulma hadisəsi baş verib, həmin şəxs xəstəxanaya yerləşdirilərək tibbi yardım göstərilib.

Günvurma zamanı nə etməli?

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətindən verilən məlumata görə, günvurma - günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Günvurma əksər hallarda başı açıq şəkildə xeyli müddət gün altında qaldıqda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beyinin qan dövranı pozulur: "Günvurmanın əlamətləri zəiflik, qızarmış sifət, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, ürək bulanması və qusma, ağır hallarda bədən hərarətinin 40OC və daha artıq dərəcəyə yüksəlməsi, qıcolmalar və huşun itirilməsidir. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra baş verir".

Nazirliyin Tibb Xidmətinin məlumatına əsasən, günvurma zamanı ilk yardım olaraq zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır: "Zərərçəkənə soyuq su verməli, üzünü və sinəsini soyuq su ilə silməli, başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlərə) parçaya bükülmüş buz parçası və ya soyuq su ilə kompress qoymaq lazımdır. Başqa bir üsul isə - zərərçəkənin paltarını soyundurub soyuq suda isladılmış parçaya bükmək, başına buz qoymaqdır. Zərərçəkənin bədən hərarəti normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükmək lazımdır. Xəstənin vəziyyəti ağırlaşarsa, dərhal "təcili yardım" çağırmaq lazımdır".

Mütəxəssislər havaların isti keçməsini nəzərə alaraq sakinlərə günəş şüasından tədricən uzaq olmağı məsləhət görürlər. Günvurma hallarının qarşısını almaq üçün bol maye qəbul etmək zəruridir. Bundan başqa, küçəyə çıxarkən gözə eynək taxmaq, açıq rəngli, yüngül geyimlər geyinmək, tünd rəngli baş örtüyündən istifadə etmək lazımdır. Çünki tünd rəngli parçalar günəşin zərərli şüalarını özünə çəkir.

Günvurma halları müəyyən vaxt keçdikdən sonra da özünü büruzə verə bilir. Onu da qeyd edək ki, günvurma halları əsasən 5 yaşdan aşağı, 65 yaşdan yuxarı insanlarda, xüsusilə də xərçəng, şəkər, təzyiq və böyrək xəstəliklərindən əziyyət çəkənlərdə müşahidə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm