Qocalıq qorxusu: gerontofobiya
Bizi izləyin

Sağlamlıq

Qocalıq qorxusu: gerontofobiya

Gerontofobiya yaşlı insanlardan və ya qocalmaqdan qorxudur. Bu qorxu cəmiyyətdə qocalıq barədə yayılan mənfi fikirlər əsasında formalaşır. Gerontofobiyadan əziyyət çəkənlər qocalığın özündən deyil, onun gətirdiyi zəiflik, dəridə qırışlar, yaddaş zəifliyi, xəstəlikdən qorxurlar.

Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, hər kəs qocalmaqdan qorxur: "Bu hiss bəzilərində güclü, bəzilərində zəif özünü göstərir. Elə insanlar var ki, onlarda bu qorxu gizli şəkildə olur və ömür boyu bundan xəbər tutmurlar. Gerontofobiya ilk qırışları gördükdə və ya daha yaşlı vaxtlarda yaranır".

Alimlər müəyyən edib ki, insan 25 yaşından sonra qocalmağa başlayır. Məhz bu dövrdə insan özünü çox enercili və güclü hiss edir. Bəzi insanlar bunu itirə biləcəyini düşünür və vaxtından tez qocalmaq qorxusu, bununla bağlı fikirlərlə yaşayırlar.

İnsan yaşlandıqca dəridə qırışlar yaranır, dəri sallanır və boşalır, üzərində ləkələr yaranır, daxili orqanların fəaliyyəti pozulur. Bütün bunlar insanın əhvalında əks olunur. Özünəgüvən hissi aşağı düşməyə başlayır. Xüsusilə, qadınlar eybəcərləşməkdən qorxurlar. Onlarda bu qorxu daha güclü olduğu üçün özlərinə yaxşı baxır, tez-tez həkimə gedir, plastik əməliyyat və müxtəlif cavanlaşdırıcı prosedurlar həyata keçirirlər. Qadınların dərisi kişilərə nisbətən nazik olur. Ona görə də onların yaşlanması daha tez nəzərə çarpır. Qadınlar hələ cavanlıqdan gözəl görünmək üçün xeyli makiyac edir, saçlarını rəngləyir, yaraşıqlı görünməyə çalışırlar. Yaşlandıqca onlar cazibəsini itirməkdən daha çox qorxmağa başlayırlar. Kişilərdə bu o qədər də bilinmədiyi üçün qadınlar kompleks yaşayırlar.

Bundan başqa yaşlandıqca insanda ciddi xəstəliklər özünü göstərir. Çoxlu dərman qəbulu xəstəlikdən müalicə etsə də, immun sisteminə mənfi təsir göstərir. Psixoloq bildirib ki, stress, xəstəliklər bütün bunlar insanın əhvalına mənfi təsir göstərir: "İnsan qocaldıqda halsız, kimdənsə asılı vəziyyətə düşməkdən, fiziki gücü itirməkdən, iş qabiliyyətinin zəifləməsindən, tənha qalmaqdan qorxur. Əksər hallarda qocalıq qorxusundan əziyyət çəkənlər ömür qocalığı üçün pul yığırlar. Belə insanlarda qocaldıqca pul yığmaq həvəsi daha da güclənir. Buna uşaqlıqda yaşanılan kasıbçılıq, aclıq, valideynlərin erkən ölümü və pulsuz qalmaları səbəb ola bilər. Qocalıq üçün pul yığmaq yaşlılara qarşı ikrah hissi, sosial statusu itirmək qorxusundan da doğur".

Müsahibimin dediyinə görə, pensiyaya qədər ehtiyacları təmin edə bilməməkdən qorxmaq da gerontofobiyanı gücləndirir: "İnsanlar yaşlandıqca pulsuz qalmaqdan, kommunal xidmətləri belə ödəyə bilməməkdən qorxurlar. Bundan əlavə qocaldıqca başqalarına yük olmaq da istəmirlər. Pul yığa bilməyənlər qocalıqları üçün başqa şeylər yığırlar. Bu köhnə paltarlar, parça, müxtəlif lazımsız məişət əşyaları da ola bilər. Bu səbəbdən də pulu olan yaşlılar arasında da zibillikdən nəsə tapıb evə gətirən, lazımsız əşyaları yığanlar da olur".

Rzayeva qeyd edib ki, yaşlı insanlar tək qalmaqdan çox qorxurlar: "Onların ünsiyyətdə olduqları insanların sayı tədricən azalır, daha işə getmir, qohumları gec-gec gəlməyə başlayır. Onların özlərinin də harasa getməyə həvəsləri olmur. Əhatələrindəki insanlar azaldığı üçün tənhalıqdan qorxmağa başlayırlar. İnsan isə başqalarından təcrid olmuş şəkildə yaşaya bilmir. Normal yaşamaq üçün insana ünsiyyət lazımdır. Ona görə də çox vaxt yaşlı insanlar deyinir və onlara diqqət yetirmələrini istəyirlər. Qoca və ünsiyyət çatışmazlığından əziyyət çəkənlər tez-tez həyətə çıxır yaşıdları ilə söhbət edirlər. Mağazaya da onlar söhbət etmək, öz dərdini danışmaq üçün gedirlər. Dərdini bölüşdükcə onlara rahat olur. Söhbət zamanı məsləhət verdikdə isə özlərini lazımlı hiss edirlər.

Psixoloq bildirib ki, düzgün həyat sürməyən, səhvləri çox olan, qocaldıqda pulsuz qalan, mənəvi cəhətdən də zəngin olmayan insanlar qocalığı daha pis keçirirlər. Amma keçmişə qürur hissi ilə baxan, öz nailiyyətləri, həyatı, ailəsi ilə fəxr edənlər qocalığı rahat keçirir. Onlarda qocalmaq və ölmək qorxusu az olur.

Bəzi insanlar vaxt keçdikcə ailə qura, uşaq dünyaya gətirə, pul qazana bilməyəcəklərindən qorxurlar. Qocalmaqdan qorxu hissi buna hazırlıq olmayanda kəskin olur. Gerontofobiya həm də, xasiyyətcə qocalmaq, hər şeyə həvəssiz yanaşmaqdır. Qocalığa əvvəlcədən psixoloci hazırlaşmaq lazımdır. Hər yaşda insanın öz maraqları olur. İnsan yaşlandığını qəbul etdikdə ona daha rahat olur. Bunu qəbul edə bilmədikdə depressiya, aqressiya, əsəbilik özünü göstərir.

Psixoloq məsləhət görür ki, yaşlanmaqdan qorxan insanlar düzgün həyat tərzi sürsələr və idman etsələr, bu prosesi xeyli ləngidə bilərlər: "Fiziki məşğələlər əzələləri məşq etdirir və beynə daha çox xeyirli maddələr daxil olur. Müntəzəm idman etdikdə beyin daha yaxşı işləyir. Musiqi dinləmək, kitab oxumaq, maraqlı filmlərə baxmaq da qocalıq prosesini ləngidir. Qida rasionuna meyvə və tərəvəz çox daxil etmək, siqaret çəkmək və başqa zərərli vərdişlərdən uzaqlaşmaq da orqanizmin cavan qalmasına kömək edir. Təbiətdə çox olmaq, təmiz havada gəzmək də sağlamlıq üçün əvəzsizdir. Bunlarla yanaşı, hobbi tapmaq da insana psixoloji rahatlıq gətirir. Qocalıqda boş vaxt çox olur və vaxtı rəsm çəkmək, nəsə yığmaq, müxətlif əl işləri görmək insana zövq verir və stressdən uzaqlaşdırır. Nəvə və nəticələrlə xoş vaxt keçirmək də qocalığın arzulandığını hiss etdirir". (ekspress.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm