• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ebola nədir?

Ebola nədir?

Qərbi Afrikada yayılmaqda olan Ebola virusu az qala 4 min adamın ölümünə səbəb olub.

Publika.az BBC-yə istinadən xəbər verir ki, bu, 40 il əvvəl aşkar edilmiş virusun törətdiyi ən geniş epidemiya halıdır. Ümümdünya Səhiyyə Təşkilatına əsasən virusa 8 mindən çox adam yoluxub.

Ebola nədir?

Ebola bir çox hallarda ölümlə nəticələnən ciddi infenksiya xəstəliyidir. Virusun müxtəlif ştammlarına yoluxma 50 faizdən 90 faizədək hallarda xəstənin ölümü ilə nəticələnir.

Ebola virusunun ilk yayılma halı 1976-cı ildə Konqo Demokratik Respublikasının Ebola çayı ətrafında qeydə alınıb.

Xəstəliyin yoluxma və yayılma yolları hansılardır?

Virus xəstə adamın qan, qusuntu, ishal, bədəndaxili mayelər, dəri cildinin bütövlüyünün pozulması, ağız və burnu ilə təmas vaxtı ötürülür.

O həmçinin, sidik və spermada ola bilər.

Xəstənin paltarı, çamaşırı və toxunduğu səthlərdəki virus yalnız təmasda olan şəxsin dəri cildinin bütovlüyünün pozulduğu halda ötürülə bilər.

Xəstəlik qrip kimi hava vasitəsilə ötürülmür və yoluxma yalnız virus daşıyıcısı ilə bilavasitə yaxın təmasla baş verir.

Xəstəliyin ilk simptomları özünü göstərənə kimi 21 günədək vaxt keçə bilər.

Bu müddət ərzində virus yoluxucu deyil.

Simptomlar nədir?

İlk simptomlar qəfil qızdırma, əzələ ağrıları, halsızlıq, baş və boğaz ağrısıdır.

Bunun ardınca qusma, ishal, bədəndə səpki, xarici və daxili qanaxma başlaya bilər.

Qanaxmaya xəstənin gözü, diş əti, burnu və ishalında rast gəlinir.

Bədəndəki susuzlaşma və müxtəlif daxili orqanların funksiyalarının pozulması ölümün əsəs səbəbi ola bilər.

Xəstəlik necə müalicə oluna bilər?

Virusun qarşısını almaq üçün heç bir əlac mövcud deyil.

Susuzlaşmanın qarşısını almaq üçün ağır xəstələrə təcili damardaxili maye inyeksiyaları verilməlidir.

Onlar başqa xəstələrdən təcrid olunmalı və intensiv baxım altına alınmalıdır.

Potensial vaksinlər sınaqdan keçir. Onlar uğurlu olduğu təqdirdə vaksinlər ilk növbədə tibb işçilərinə veriləcək.

ZMapp kimi eksperimental dərmanlardan istifadə edilib. Lakin onlar xəstələrin hamısını qurtara bilməyib.

Sağ qalan xəstələrin qanının köçürülməsi də potensial müalicə üsulu kimi istifadə olunub.

Risk altında olan kimlərdi?

Ebola pasientlərilə yaxın təmasda olanların hamısı risklə üzləşir.

Xəstələri müalicə edən tibb işçiləri bütün bədəni örtən qoruyucu geyim və gözlükdən istifadə edirlər. Buna rəğmən yüzlərlə adam ölüb.

Xəstənin ailə üzvləri risk kateqoriyasına aid edilir. Qərbi Afrika ölkələrində mərhuma toxunmaq və sarılmaq adəti var və cəsəd dəfn olunmazdan öncə yuyulur.

Ölümdən sonra bədəndəki virus hələ də təhlükəli qalır. Hazırda əhalini çevik və təhlükəsiz dəfnlərə səsləyirlər.

Ebolanın ən çox problem törətdiyi ölkələr hansılardır?

2014-cü ilin mart ayından bəri yayılan virusa ən çox yoluxma halları Qvineya, Liberiya və Syerra-Leonedə qeydə alınıb.

Bunlar Qərbi Afrikada epidemiyanın ən geniş yayıldığı ölkələrdir.

Xəstəlik halları Nigeria və Senegalda da qeydə alınıb.

Ötən həftə ABŞ-da virusa yoluxmuş bir nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Xəstəliyin təsdiqlənmiş halları İspaniyada da qeydə alınıb.

Hazırkı epidemiya niyə bu qədər təhlükəlidir?

Ebola virusu əvvəllər kənd yerlərində yayılırdısa, hazırda o böyük şəhərlərdə qeydə alınır. Əhalinin sıx yaşadığı şəhər mühitində virus və xəstəlik daha sürətlə yayıla bilər.

İlk dəfə Qvineyada qeydə alınan yoluxma halları qısa müddətdə yaxınlıqdakı Syera-Leone və Liberiya ərazisinə də yayılıb.

Virusun ən çox yayıldığı Qərbi Afrika ölkələri zəif səhiyyə sisteminə malikdirlər.

Bu ölkələrdə virusla mübarizə aparmaq üçün maddi resurslar, avadanlıq və tibb işçilərinin çatışmazlığı hiss olunur.

Buna görə də, hazırda ölənlərin sayı əvvəl baş verən bütün epidemiya hallarında ölənlərin toplam sayını üstələyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR