Dünya Səhiyyə Təşkilatı: "Ebola təhlükəsini düzgün qiymətləndirmədik"
Bizi izləyin

Sağlamlıq

Dünya Səhiyyə Təşkilatı: "Ebola təhlükəsini düzgün qiymətləndirmədik"

Ebola virusu qurbanlarının sayı artıq 4 mini keçib, 8 mindən artıq xəstə isə nəzarət altında saxlanılır. Bu məlumat Dünya Səhiyyə Təşkilatının (DST) son hesabında əksini tapıb.

AzərTAc İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, epidemiyanın başlandığı Qvineyada xəstəliyin ocağı Sierra-Leone və Liberiya ilə sərhəddə yerləşən Gekedu prefekturası olaraq qalır. “Sərhədsiz həkimlər” təşkilatı xəstəliyin səngidiyi barədə iddialara baxmayaraq, bu ölkədə virusa yoluxma hallarının nəzərə çarpacaq dərəcədə artığını bildirib.

Dünya Səhiyyə Təşkilatı Afrikada fəaliyyət göstərən həkimlərin hələ yazda epidemiyanın nəzarət altından çıxacağı barədə xəbərdarlığına rəğmən, təhlükəni düzgün qiymətləndirmədiyini etiraf edib. Təşkilatın baş direktor müavini Bryus Aylvord qeyd edib ki, Eboladan vəfat edənlərin dəfninə və xəstələrə qulluq qaydalarına xüsusi diqqət yetirmək vacibdir. Çünki bütün bu işlər səhiyyə sisteminin zəif olduğu şəraitdə görülür. Yüz, bəlkə də min illər ərzində formalaşan həkim təcrübəsini dəyişmək üçün çox vaxt lazımdır, virus isə gözləmir.

Ebola virusundan ölüm halları indiyədək 7 ölkədə qeydə alınıb. Ən çox ölüm Liberiya, Sierra-Leone və Qvineyada baş verib. Afrika qitəsində Konqo Demokratik Respublikası, Nigeriya və Sineqal da bu təhlükə ilə qarşı-qarşıyadır. Ebola virusuna 7 yoluxma hadisəsi isə Avropanın payına düşür. İspaniyada xəstəliyə Afrikada yoluxmuş iki keşiş, ABŞ-da isə bir kişi artıq dünyalarını dəyişib.

Bununla bağlı Amerika və Avropa hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib, Qərbi Afrikadan gələn bütün sərnişinlər tibbi nəzarətdən keçirilir. Fransada isə ölümcül virusdan qorunmaq qaydalarını izah edən “qaynar xətt” fəaliyyətə başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm