Gözəlliyə qurban gedən gözlərimiz - ARAŞDIRMA
Bizi izləyin

Sağlamlıq

Gözəlliyə qurban gedən gözlərimiz - ARAŞDIRMA

"Oğlum televizora yaxından baxırdı, nə qədər desək də, kənardan baxmırdı. Əvvəl bunu uşaq ərköyünlüyü kimi qəbul edirdik. Lakin yaş artdıqca artıq gözünü qıymadan uzağı görmədiyini müşahidə etdik. Nəslimizdə göz xəstəlikləri heç vaxt olmayıb, ona görə uşağın gözünün zəif görməsi heç ağlımıza da gəlməmişdi. Həkimə aparanda isə vəziyyətin ciddi olduğunu öyrəndik.

Həkim yaşına görə əməliyyat məsləhət görmədi, bir müddət eynək taxmalıdır. Amma oğlum eynək taxmaq istəmir, yaşıdlarından utanır. Düzünü deyim ki, mən də onu eynəkli görəndə pis oluram. Linzalar var, onlardan almaq istəyirik. Uşaq təmizliyə əməl etməz, bu səbəbdən də daha ciddi problem yaranar deyə risk etmirik. Həkim də məsləhət bilmir.

Müsahibimiz Sahibə xanım risk etməsə də, bu gün göz xəstələrinin eynəkdən əsas xilas yolu məhz linzalardır.

Bəs linza haradan, necə alınmalıdır? Yanlış seçimlər hansı fəsadlara səbəb ola bilər?

Publika.az-ın “Qırmızı xətt” layihəsində linzalarla bağlı vəziyyəti araşdıracağıq.

Göz xəstələrinin sayı

Aparılan araşdırmalara görə, dünyada hər beş saniyədə bir nəfər və hər dəqiqədə bir uşaq kor olur. Araşdırmalara görə, dünyada təxminən 45 milyon kor və 135 milyon zəif görən var. Korluğun 60%-i müalicə ediləndir, təxminən 20%-nin qarşısını almaq mümkündür. Korların 60%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır. Korluğun qarşısının alınmasında əsas məsələ əməliyyat və düzgün müalicə üsulunun seçilməsidir.

Görmə qabiliyyətinin aşağı düşməsi təkcə uşaqlarda deyil, eləcə də böyüklərdə artımla gedir. Dövlət Statistika Komitəsinin məlumatına görə, göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb.

2011-ci ilin göstəricilərinə görə, 9,2 milyon əhalinin 43217 nəfəri bu xəstəliklərdən əziyyət çəkir. Halbuki 2010-cu ildə onların sayı 0,4% (42604 nəfər), 2001-ci ildə 0,2% (24433 nəfər) olub. 2013-cü ildə 51153 nəfərə ilk dəfə göz və gözün əlavə aparatının xəstəliyi diaqnozu qoyulub. Müqayisə üçün bildirək ki, 2005-ci ildə bu rəqəm 29304 olub. Təxminən 10 ildə iki dəfə artım olub.

Həkimlərin sözlərinə görə, göz xəstəliklərinin yaranma səbəbləri sırasında ekoloji pozğunluqla yanaşı, havanın çirklənməsi, həyatımızda kompüter və müasir texnologiyaların payının artması xüsusi yer tutur. Buna görə də həkimlər heç bir şikayəti olmayanların belə ildə bir dəfə göz müayinəsindən keçmələrini tövsiyə edir. Uşaqların isə 6 aydan bir müayinədən keçməsi mütləqdir. Araşdırmalara əsasən həm uşaqlar, həm də böyüklər arasında göz xəstəlikləri aktuallaşıb.

Düzgün müalicəni necə seçək?

Göz xəstəliklərinin sayı çox olduğu kimi, onların fərqli müalicə üsulları var. Digərlərindən fərqli olaraq yaxıngörmə (miopiya), uzaqgörmə (hiperopiya) və astiqmatizm olanların müalicəsində eynək məsləhət görülür.

Lakin heç də hər xəstə eynəkdən istifadə etmək istəmir. Xüsusən azyaşlılar bu məsələdə daha aqressiv olur. Elə böyüklər arasında da eynək taxmaqdan utananların sayı az deyil. Bu məqamda onların köməyinə optik linzalar çatır. Həkimlər isə linza istifadəsini məsləhət görmür.

Optik linza hekayələri

Yalnız həkimlər deyil, eləcə də optik linzalarla bağlı yayılan xəbərlər də onların təhlükəsini göstərir. Belə ki, bir neçə il əvvəl İngiltərədə Caquline Stone adlı bir qadının başına gələnləri unutmamışıq.

O, linza taxdığı üçün kor olub. O, linzanın bir dəfə taxdıqdan sonra gözündə ağrılar olduğunu hiss edib. Həkimə müraciət edən Stone acı həqiqətlə üzləşib. Həkimlər onun gözünə mikrob düşdüyünü və sinirlərinə zərər verdiyini deyiblər. Gənc qadının gözü 22 dəfə əməliyyat edilsə də, ağrıları azalmayıb. Stoneni müayinə edən həkimlər onun qanının zəhərləndiyini deyiblər. Çox keçmədən qadın əməliyyat edilib və gözü çıxarılıb.

Ocağın istisindən linzanın əriməsi və gözü kor etməsi kimi xəbərlər də linzalarla bağlı qorxuları artırıb.

Ona görə də həkimlər linzadan istifadə qaydalarına əməl etməyi tövsiyə edir. Linza istifadəsi bir alışma dövrü –adaptasiya periyoduna daxildir, bu müddətdə yumşaq linzalardan istifadə edilməlidir. Linza istifadəsində təmizlik çox əhəmiyyətlidir. Təmizlənməyən və dərhal taxılan linzalar göz iltihablanmalarına, infeksiyaların meydana gəlməsinə səbəb ola bilərlər. Nizamsız və ya uyğun olmayan linza istifadəsi nəticəsində göz qüsurları meydana gələ bilər.

Uzun illər linza istifadəsi nəticəsində Korneanın bəslənməsi qeyri-kafi qalar, oksigen ala bilməz və bu da qan dövranının artmasına və göz pozuqluqlarına yol aça bilər.

Linza istifadəsi nəticəsində göz quruluğu meydana gələ bilər və bu da tozların, mikroorqanizmlərin hətta göz qapağının açılıb-bağlanması zamanı gözə zərər verə bilər.

Linzanı necə seçək?

Linzalardan düzgün istifadə ilə yanaşı, seçimdə də diqqətli olmaq lazımdır. Keyfiyyətli linzanı seçmək elə də asan deyil. Bu gün ölkəmizdə linzalar əsasən, apteklərdə və artıq onlayn formada satılır. Lakin onların keyfiyyəti barədə əminliklə danışa bilmərik.

Paytaxtda linza satılan obyektlərdən bir neçəsində olub qiymətlərlə maraqlandıq. Qiymət təxminən 30-50 manatdan başlayır. Bunun üçün sadəcə həkimin gözünüz üçün müəyyən etdiyi eynəyin dərəcəsini deyirsiniz, linzada ondan 0.5 qədər aşağı ölçülər seçilir. Bəzi apteklərdə göz yenidən müayinə edilsə də, bir çoxunda isə satış alıcının verdiyi məlumat əsasında aparılır.

Bu sahəyə marağın yüksək olmasını nəzərə alanlar artıq onlayn satışa da başlayıblar. İnternetdən əldə etdiyimiz nömrələrdən birinə zəng edib linza sifariş verdik. Burada da üsul çox sadədir. Eynək ölüçlərinizi deməyiniz kifayətdir. Bir qutunun qiyməti 30 manatdır, hər qutuda 6 cüt olur. Satıcı bəy deyir ki, real satışda qiymət iki dəfə bahadır. Linzanın saxlanması üçün lazım olan suyun qiyməti 9 manatdır. Lakin gözünüzdəki zəiflik dərəcələri fərqlidirsə, o zaman hər gözünüz üçün ayrı linza almalısınız. Nə real, nə də onlayn satışda linza alandan sonra vaxtaşırı müayinədən keçməklə bağlı heç bir söz deyən olmadı. Linzanı alıb taxırsınız, bununla da iş bitdi.

Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovun sözlərinə görə, yaxıngörmə (miopiya), uzaqgörmə (hiperopiya) və astiqmatizm kimi göz xəstəliklərində həm eynək, həm də linzalardan istifadə edilməsi məsləhət görülür. Lakin bizim insanlar eynək yox, məhz linzadan istifadə etməyə daha çox maraqlıdırlar.

“Eynəyə qarşı fobiyası olanlar linzadan istifadə edə bilir. Linza və eynəyin istifadə qaydalarında fərq var. Bir həkim olaraq onların hər ikisindən yalnız həkim göstərişi ilə istifadə edilməsinin tərəfdarıyam. Linzalar xüsusi hazırlanma texnologiyalarına uyğun olaraq, optikalarda hazırlana bilər. Harada hazırlandığı, keyfiyyəti şübhə yaradan linzadan istifadə təhlükəlidir. Lakin bu problem yalnız bizdə deyil. Romanın mərkəzində də küçədə eynək və linza satışı var. Sanballı optikalarda həkim oftamoloqlar olur və linza, eynək alarkən belə yenidən yoxlama aparılır. Xəstəyə düzgün seçimdə kömək edirlər. Lakin tinbaşlarında yerləşən optikalarda isə belə imkanlar olmur”.

Oftamoloq onu da bildirib ki, eynəklə linza ölçüləri arasında fərq olmalıdır. “Həkim eynək üçün gözə -3 hiperopiya diaqnozu qoyubsa, linza alarkən -2.5 seçilməlidir. Çünki eynək gözdən bir neçə sentimetr məsafədə olur, linzada isə gözə bitişmiş olur”.

Müsahibim linzanın nə qədər üstün cəhətləri olsa da, xəstələrinə linza məsləhət görmədiyini bildirib:

“Fikrimcə, linza buynuz qişanın tam qidalanmasını təmin etmir. Düzdür, bunun üçün müəyyən dərman vasitələri məsləhət görülür. Lakin həmin dərmanların çox da təsirli olacağına inanmıram. Daha bir məqam, linzanı taxıb çıxaranda infekiyalaşmaya səbəb olur. Gözün epitelində xroniki xəstəlik olmayan, çapıq olmayanlar, allaetgiyası olmayan, quru göz sindromu olmayanlar linzadan istifadə edə bilər. Daim qıcıqlanan, quruyan gözlərə linza taxmaq odun üstünə benzin tökmək kimi xarakterizə edilə bilər. Linzanın vaxtı keçən zaman, yaxud zədələndiyi halda gözü qıcıqlandırır, buynuz qişanın üzərində eroziya əmələ gətirə bilir”.

Oftamoloq Könül Qədirova bildirib ki, profilaktik yoxlamaların keçirilməsi ilə əlaqədar bir çox gizli gedən xəstəliklər, o cümlədən göz xəstəlikləri vaxtında aşkarlanıb, lazımi müalicələrə cəlb olunur. Onun sözlərinə görə, ölkəmizdə daha çox göz xəstəliklərindən refraksiya qüsurları geniş yayılıb. Onları erkən yaşlardan korreksiya etmək, gələcəkdə refraksiya ilə əlaqəli çəpgözlüyün, ambliopiyanın qarşısını almış olur. Böyük yaşlarda isə düzgün korreksiya göz yorğunluğunu, akkomodasiyanın spazmını azaltmış olur.

“Keyfiyyətsiz linzalar buynuz qişanın qaz mübadiləsini, qidalanmasını daha çox pozur. Onlar daha tez korlanıb buynuz qişanı zədələyə, cıza bilər. Linzanın, eynəyin keyfiyyətini optiklər daha yaxşı ayırd edə bilər. Sadə insanlar isə eynək və linza alarkən həmin istehsalçı firmanın keyfiyyət sertifikatını tələb edə bilərlər. İnsanlar bilməlidir ki, eynəkləri və linzaları mütləq həkim təyinatı ilə almalıdırlar. Adi refraktometrin cavabına görə eynək almaq yolverilməzdir. Linzanı yatmamışdan öncə mütləq çıxarmaq lazımdır. Gözdə linza ilə yatmaq olmaz. Əgər linzada qüsur, zədə varsa, onu gözə taxmaq olmaz. Əgər gözdə konyunktivit, keratit baş veribsə, o zaman linzanı proses sağalana qədər eynəklə əvəz etmək lazımdır. Linza konteynerindəki məhlulu hər dəfə təzələmək lazımdır ki, patogen mikroflora artıb, xəstəlik törətməsin”.

Ölkəmizdə linzaların keyfiyyəti, apteklərdə satılan linzalarla bağlı monitorinqlərin aparılması barədə Səhiyyə Nazirliyindən məlumat almaq mümkün olmadı.

Millət vəkili Hadı Rəcəbli isə artıq vəziyyətin ciddiliyini nəzərə alaraq, “Eynəklər və linzalar haqqında” qanun qəbul edilməsini təklif edir. Onun sözlərinə görə, Türkiyədə belə bir qanun qəbul edilib, bizdə də belə bir qanuna ehtiyac var.

“Bu qanunun təklif edilməsinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda əhalinin əksəriyyətinin eynək problemi var. Apteklərdə satılan linzalar standartlara cavab vermir. Hər kəs piştaxta arxasında oturub linza satır. Bu linzalar gözü korlayır”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm