• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Zəhər saçan plastik qablar

Zəhər saçan plastik qablar

“Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada plastik qabda turşu tutulur”

Yay aylarında plastik qablara doldurulmuş süd məhsulları və sərinləşdirici içkilərin zərəri iki dəfə artır. İsti havanın və günəşin ultrabənövşəyi şüalarının təsiri nəticəsində plastik qabların tərkibindəki insan sağlamlığı üçün aktiv maddələr təhlükəli elementlər yarada bilir. Bakıda açıq günəş şüaları altında suların satışının hələ də yığışdırılmamasını nəzərə aldıqda, xəstəlik qorxusu daha da artır.

Amerikalı alimlər bir müddət əvvəl plastik qablaşdırmada olan isti içkilərin, qəhvə və çayın kişilərdə sonsuzluq yaratdığını iddia edirdilər. Plastik qabların insan orqanizmi üçün zərərli benzen maddəsindən alındığı, kişilərdə testesteron maddəsinin yaranmasına mənfi təsir edərək gücsüzlük və sonsuzluq yaratdığı deyilir. Bu cür qablaşdırmalar uşaqlarda sürətli piylənmə və qaraciyərdə fermentlərin yüksəlməsinə və qanda yağlılığın artmasına səbəb olur.

Qadınlarda yumurtalıqların funksiyasını ləngidən benzen maddəsi uşaqsalmalara və sonsuzluğa gətirib çıxarır. İsveç alimi Vinson Braynın araşdırmalarına görə isə plastik qablarda su soyutmaq və ya isitmək eyni təhlükəni daşıyır. Bu halda plastik qab flaein maddəsini buraxır ki, bu da qandan sorulmur. Əksinə, qanın

tərkibində öz həyatını davam etdirir. Nəticədə isə kişilərdə sonsuzluğa səbəb olur. Xərçəng riskini çoxaldan maddənin ifrazı isə ən çox qaba qazlı maye doldurulan zaman meydana çıxır.

Plastik qabların törətdiyi başqa bir zərbə isə ekologiyaya dəyir. Plastik qabların tullantıları dünyanın bir çox ölkələrində xüsusi qayda ilə toplanılır və təkrar emala gedir. Bizdə isə bu sistem formalaşmayıb. Əhali isə istehlak etdiyi məhsulun qablarını necə gəldi və hara gəldi atır. Tullantılar çürüyüb məhv olana qədər uzun vaxt alır.

İndi təsəvvür edin ki, bizim ətrafımız plastik butulkalarla sarılıb. Biz həmin butulkaların günəş şüalarının parçaladığı kimyəvi elementlərləri orqanizmimizə qəbul edirik.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, plastik qabların zərəri ilə bağlı Azərbaycanda heç bir tədqiqat işi aparılmayıb. Lakin, dünya mətbuatında davamlı olaraq bu haqda yazılar gedir. Plastik qabların dəriyə, tənəffüs yollarına zərərli olduğu deyilir:

“Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada plastik qablarda turşu tutulur. Sirkə ilə bağlanılan turşular kimyəvi birləşmənin içində saxlanılır. Bu da birbaşa zəhərli oksidlər deməkdir. Eləcə də Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada plastik butulkanın ağzına əmzik taxıb uşağa qida verirlər”.

Eyyub Hüseynov deyir ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində plastik qabları xüsusi maşınlar toplayır. Çünki plastik qablar zibilliklərdə ən az 300 il yaşayır və çürümür. Yandırıldıqda isə zəhərli diaksin qazı havada parçalanır. Bu da müxtəlif allergik və tənəffüs yollarının xəstəliklərinə səbəb olur. Bununla bağlı dünyada saysız-hesabsız layihələr həyata keçirilir. Əhalinin istehlak etdiyi plastik qablardan təbiəti mühafizə etmək üçün hələ ki, Azərbaycanda heç bir proses həyata keçirilməyib.

Günay Muradlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR