Bir barmaqla dörd qabırğanı düzəldən nənə - REPORTAJ
Bizi izləyin

Sağlamlıq

Bir barmaqla dörd qabırğanı düzəldən nənə - REPORTAJ

Səhər-səhər dəhşətli ağrı


Hadisə elə bu gün baş verib. Belimə sarınan xəmir hələ qurumadan yazıram reportajı. Əslində, reportaj-zad yazmaq hayında deyildim. Amma bu səhər gözümü öz xoşuma deyil, sağ böyrümdəki dəhşətli ağrılara görə açdım. Nəfəs aldıqca qabırğalarımın ağrısı düz ürəyimə vururdu. Ağrı dəhşətli olsa da, təəccüblü deyildi, çünki bir neçə gün idi ki, davam edirdi.

Bu bir neçə gündə "UZİ"dən keçsəm, müayinə olunsam da dərdimin nədən ibarət olduğunu heç kim deyə bilmədi. "UZİ" tərtəmiz, səliqəli, təzə-tər (bu qədər konvervanta, içkiyə, qaçqınlıqda keçirdiyimiz həyat tərzinə rəğmən) daxili orqanlar göstərdi. Həkim heç nəyinmin olmadığını dedi, özüm bir-iki ağrıkəsici atdım, vəssalam.

Amma bu səhərki xına, o xınadan deyildi. Ağrı elə dəhşətli idi ki, "təcili yardım" çağırmaq istədim, amma işin uzanacağını düşünüb, səhər əməlli-başlı açılana qədər birtəhər gözləməyi qərara aldım. Səhər saat doqquz oldu, elm və kitablardan başqa dünyada hər şeyə inanan gəlinimiz ağrıyan yerimi, ağrının trayektoriyasını, simptomlarını müşahidə edərək dedi ki, sənin qabırğan batıb, işin də həkimlik deyil, türkəçarəlikdi. Və operativ şəkildə bir türkəçarə həkiminin ünvanını verdi.
Gecəni bizdə qalmış rəfiqəm, hüquqşünas, ictimaiyyətçi, feminist Xalisə Şahverdini də yanıma alıb, tezcə qaçdım gəlinin verdiyi ünvana.

Dörd qabırğam batıbmış

Nə gözəl: adının çəkilməməsində israrlı olan nənə doğmaca bibimin qonşusu imiş. Elə bibimin divanına sərilib, tələb elədim ki, arvadı bura çağırsın, çünki addım atmaca daha heyim qalmamışdı.

Bu arada bibim bayram şəkərburası, paxlavası tədbirləri görmüşdü, otağın içində beş-altı başıyaylıqlı, əynixələtli yoğun arvad xəmir yayır, şəkərbura qırağı bükür, naxış vururdular. Mənim halıma heç başını qaldırıb baxan da olmadı, çünki qabırğası batmış zənən xeylağı belə qadınlar üçün dünyanın ən sıradan və mənasız məxluqudu.

Nəsə ki, beli şallı, başı beş-altı dənə yaylıqlı, ayağında üst-üstə qalın corablar, doqquztuman bir nənə birtəhər divardan tuta-tuta gəldi. Arvadın tərpənişinə baxanda, başıma ikiəlli bir qapaz vurmaq istədim: onun özünə çarə lazım idi və yaşına baxılarsa onun çarəsii ancaq Əzrayılda ola bilərdi. Arvadın bir ayağı "konkret" o dünyada idi.

Nənə yanıma bir kətil qoyub, birtəhər oturdu. Nəfəsini dərib, heç nə soruşmadan talış ləhcəsində əmr elədi:
- Qıza bir üzü üstə çevril görüm!

Çevrildim. Nənə barmaqlarını kürəyimdə, qabırğalarımda, oramda-buramada gəzdirib, axırda ağrıyan yerimin üstündə əl saxladı. Və elə o dəqiqə də diaqnozu qoydu:
- Qıza, sənin dörd dənə qabırğan batıb ki?!

Bir kasa yağ

Di hı! Ağrı bir tərəfdən, arvadın qaraxəbərliyi bir tərəfdən, bütün acığımı bir həftə əvvəl quluncumu qırmaq məqsədilə belimə çıxıb, məni ayaqlayan gəlinimizdən çıxdım. Təbii ki, virtualcasına:
- Yaxşı, həyasız, mən səni boşatdırmasam, el-aləm mənim üzümə tüpürsün…baldız ayaqlamığa bax bunun!

Nənə gülümsəyib, şirin-şirin mızıldandı:
- Nənə qurban dilin elə diyir, ürəyin elə dimir, dədə canı. Sən qorxma, nənə bu dəqiqə səni ayaq üstə qoysun, sən də bax.

Sonra üzünü bibimə tutdu:
- Qıza, mənə ordan bir az semiçka yağı gətir daaa…
Həyatdakı ən xırda şeydən dəhşətli dərəcədə təlaşlanma bacarığına sahib olan gombul bibim, bir kasa yağ gətirdi. Arvad kasanı görüb, hirsləndi:
- Qıza, bir-iki damcı yağ istəmişdim, bu kasanı neynirəm, çiməcəm yağda?

Sonra barmaqlarını yağa batırıb, qabırğalarımın üstündə gəzdirdi. Bu arada Xalisə Şahverdi bekarçılıqdan ağzına bir-iki şəkərbura atıb, şəkillərimi çəkməyə başladı.

Bir kündə xəmir

Nənə Xalisəyə baxıb:
- Qıza birdən jurnalist-zad olarsan, məni çəkib qəzetə verərsən aa?! Əşi, lap ver e, guya mənə neynəyəcəksən ki? Nənə adamlar düzəldib ee! (Orta barmağını qabırğamın altından saldı və bu arada mən evi lərzəyə salacaq bir səslə bağırdım) Qıza sən də səsini kəs görüm! Hə, bir dəfə halım pisləşdi, üstümə sizdən iraq, "skorı" çağırdılar. Elə qapıdan içəri girəndə, baxdım ki, həkimin başı üstündə durmur. Dedim, adə, sən ölürsən ki, adə! Sən nə gündəsən, bu vəzyətdə sən məni nətər sağaldacaqsan. Durdum ayağa, bi dənə yaxşı otdan çay dəmlədiiim, zoğal da qarışdırdım, içirtdim həkimə. Özünü də yaxşı ovdum, tərlədi. Baxdım ki, həkimin rəngi üstünə gəldi. (Batmış qabırğamı üzüyuxarı qaldıranda, yenə dayana bilməyib, tükürpədici bir səslə qışqırdım) Qıza, səsini kəs görüm, məni beş dəfə "apres" elədilər, heç bi dəfə də səsimi çıxartmadım. Əşi, indiki cavanlar heç. İndiki cavanlar boş şeydi. Qıza, ərin var sənin?

Bunu nə məqsədlə soruşduğunu bilmədim, amma başımın hərəkəti ilə "yox" dedim.
- Olsun, qıza, olsun. Allah sənə bir yaxşı oğlan yetirsin, nənəyə də bir şirinlik verəsən.
Canımın ağrısına fikir verməməyə çalışaraq, arvada etiraz eləmək istədim:
- Əşi, indi oğlan var? Hamısı avaradı….

Nənə təlaşla boş-boş ora-bura vurnuxan gombul bibimdən bir kündə xəmir istəyib, sözünə davam elədi:
- Yooo, elə demə, mənim balam. Oğlan çox yaxşı şeydi! Heyif deyil, adamın əri olsun? Özü də baxma, savadsızdı, kasıbdı-zaddı, təki yaxşı adam olsun, get. Mənim kişim rəhmətlik elə yaxşı kişi idi, elə yaxşı kişi idi! Allah ona qəni-qəni rəhmət eləsin! Bax, bunları görürsən? (qulaqlarında par-par yanan, səbətşəkilli qızıl sırğaları göstərir) Bax, bunları o kişi alıb mənə. Oğlan olmayanda, adama belə qəşəng şeylər alan da olmur. (bibimin gətirdiyi kündə xəmiri əlində yayıb, fətir kimi bir şey hazırlayır) mən özüm bütün gəlinlərə belə deyirəm. Deyirəm ki, qoy ərləri ilə mehriban olsunlar. Rəhmətlik kişi mənnə yaman mehriban dolanırdı. Allah sizə də elə bir oğlan yetirsin.

On manat pul

Bitib-tükənməyən monoloqunu söyləyə-söyləyə nənə axır ki, əlindəki fətiri qabırğamın üstünə yapışdırdı. Sonra enli tənziflə bərk-bərk sarıdı. Xalisə Şahverdi ona kömək eləmək məqsədilə tənzifin bir ucundan yapışanda, nənə:
- Qıza, o yana dür görüm. Özüm sizin kimi yüz cavan qızı suya susuz aparıb, susuz gətirərəm. Buna bax, mənim şəklimi çəkir. Vallah sizi elə "prikola" tutaram ki, özünüzün də xəbəriz olmaz…

Nənə xəmiri qabırğama yapışdırıb, sarıyandan sonra ətimə dəyən xəmir, bərk-bərk sıxan sarğı məni narahat eləsə də xeyli yüngülləşdim. Nənə isə monloqunu hələ də söyləyirdi:
- …yəqin qıza göz dəyib. Göz ciddi şeydi, qızım. O gün evdə uşaq deyiö-gülürdü, qonşu bircə dəfə baxıb dedi ki, nə gülərüz uşaqdı. Bah! Öldü əlimizdən getdi də uşaq. Atası da hüquqşünasdı. Amma mənim bu hüquqşünasdandan xoşum gəlmir. O vaxt qaynım müstəntiq idi, deyirdim ki, sən allah, müstəntiq paltarın geyib, bizə gəlmə. Amma vayenni paltardan xoşum gəlir. Bir "saldat" uşaq görəndə elə istəyirəm onun boyun sevim. Xoşum gəlir, belə qəşəng yaraşır eee onnnara…

İşini qurtarandan sonra nənəyə "şirinlik" on manat verdim. Tapşırdı ki, nə dərdin olsa, yanıma gələrsən. Sonra da kinayə ilə:
- İndiki həkimlər heç nə bilmir. Onnarın özünə müalicə lazımdı. Sən uzaca getmə, nə dərdin olsa, nənə hələ ölməyib, burdadı.

Arvada "Nənə Allah sənə ömür versin!" demək istəyirdim ki, canımın ağrısından çaşıb:
- Sağ ol nənə, allah sənə ölüm versin! - dedim.
Sağ olsun, ya eşitmədi, ya da özünü eşitməməzliyə vurdu, divarlardan tuta-tuta çıxıb getdi.

Mən də belim xəmirli, sarğılı çıxıb gəldim işə.

P.S. Şəkillərdəki özüməm))))

Günel Mövlud

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm