Qrip epidemiyasına qarşı necə tədbir almaq olar?
Bizi izləyin

Sağlamlıq

Qrip epidemiyasına qarşı necə tədbir almaq olar?

Asiya və Avropa qrip epidemiyası ilə mübarizə aparır. 4 milyondan çox insanı təsiri altına alan epidemiyanın başqa ölkələrə də yayılması gözlənilir. Sürətlə yayılan bu xəstəlik mövsümi qripin xüsusiyyətlərini daşıyır. Yəni dünya yeni bir virusla qarşı-qarşıya deyil. Ancaq bu, qripin təhlükəli olmadığını göstərmir. Ölümlə nəticələnə bilən qripdən qorunmaq üçün hər kəs əlindən gələni etməlidir.

Türkiyəli həkim, həkim-infeksionist Kənan Kəskin dünyanı ağuşuna alan qrip və ondan qorunma yolları haqqında məlumat verib.

Publika.az-ın tabloid bölməsi Kənan Kəskinin məsləhətlərini təqdim edir:

Ürək, xərçəng xəstələri və uşaqlar risk altındadır

Mövsümi qrip kimi başlayan bu xəstəlik çox ağır keçir. Bəzən xəstənin 1 həftə istirahət etməsi lazım gəlir. Xüsusilə yaşı 65-dən çox olanlar, ürək və xərçəng xəstələri, hamilələr, şəkər xəstələri, böyrək çatışmazlığından əziyyət çəkənlər çox diqqətli olmalıdırlar. Bu xəstəlik həkim və tibb bacılarını da təhdid edir.

Qriplə mübarizə aparmaq çətin deyil

Gün içində bütün ehtiyaclarımızı əllərimizin vasitəsilə qarşılayırıq. Əllər xarici mühitlə və xəstəlik faktoru olan mikrobların çox olduğu səthlərlə, əşyalarla ən çox təmas edən orqandır. Əllər mikrobların bədənə giriş qapısı olaraq istifadə etdikləri ağız və burunla da mütəmadi olaraq təmas edir. Əllərin su və sabunla yuyulması mikroblardan qorunmağın ən təsirli, ən ucuz və ən asan yoludur. Ancaq əlləri yuyarkən bəzi nüanslara diqqət etmək lazımdır. Əlləri ən az yarım dəqiqə barmaq araları da daxil olmaqla yaxşıca yumaq lazımdır. Xüsusilə tualetə getdikdən sonra, həmçinin yeməklərdən öncə və sonra antibakterial sabunla əllərinizi mütləq yumalısınız.

Kütləvi nəqliyyat vasitələrindən istifadə etdikdən sonra əllər təmizlənməlidir. Ancaq çox vaxt əlləri yumaq üçün uyğun şərait olmur. Bu zaman antibakterial gellərdən və ya yaş salfetlərdən istifadə etmək olar.

İctimai yerlərdən uzaq durun

Qrip ən çox tənəffüs yollarıyla yoluxur. Ona görə də qrip virusundan qorunmaq üçün qapalı məkanlarda, ictimai yerlərdə uzun müddət qalmamağa diqqət edin.

Ofislərdə və məktəblərdə mümkün olduğu qədər otağı tez-tez havalandırmaq lazımdır.

Uzaqdan salamlaşın

Qripə yaxalanan şəxslər başqaları ilə yaxın təmasda olmaqdan çəkinməlidirlər. Xəstəliyin yoluxucu olduğunu nəzərə alaraq işə və məktəbə getməməlidirlər. Sadəcə sözlə salamlaşmaq məsləhətdir, əl-ələ görüşmək, qucaqlaşmaq, öpüşmək olmaz.

Maskadan istifadə edin

Öskürmə, asqırma zamanı ağız və burun dəsmalla bağlanılmalıdır. Əgər dəsmal yoxdursa, bunu qolunuzla, əlinizlə edə bilərsiniz. Əgər ağız və burun əl ilə örtülübsə, su və sabunla mütləq yuyulmalıdır. Qrip olanların maska taxması digər insanlara virus keçməsinin qarşısını ala bilər. Xəstə olmayanlar artıq virusa yoluxanlarla ünsiyyətdə olarkən maskadan istifadə etməlidirlər.

Əşyaları təmiz saxlayın

Evdə bir xəstə varsa, digər ailə fərdləri qripə yoluxmamaq üçün ev əşyalarını, xüsusilə də masaları, qapı tutacaqlarını, mətbəx dəzgahını, oyuncaqları təmiz saxlamağa çalışmalıdırlar.

Əşyalar gündəlik istifadə edilən yuyucu vasitələrə tez-tez təmizlənməlidir.

Yodlu antiseptikler və spirt kimi bəzi kimyəvi maddələr də dezinfeksiya üçün təsirlidir. Xəstələrə aid çarşaf, paltar, dəsmallardan başqaları istifadə etməməlidir.

Xəstənin istifadə etdiyi qab, çəngəl və bıçaqlar ayrı yuyulmalıdır.

Antibiotiklərdən çox istifadə etmək olmaz

Antibiotiklər qrip xəstəliyini müalicə etmir. Həkim tövsiyə etmədikcə antibiotikdən istifadə etməyin.

Qripdən qorunmaq üçün sağlam qidalanmağa, yuxu rejiminizin düzgün qurulmasına və bol miqdarda su içməyə çalışın.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm