Qadın sağlamlığı haqqında heyrətamiz faktlar
Bizi izləyin

Sağlamlıq

Qadın sağlamlığı haqqında heyrətamiz faktlar

Kişilərlə qadınların bioloji quruluşundakı fərqlər onların sağlamlığına da müxtəlif şəkildə təsir edir. Publika.az xarici mətbuata istinadən qadın sağlamlığı haqqında heyrətamiz faktları təqdim edir:

1. Səhvdir: Qadınlar romantik olduğu üçün daha tez-tez miqren hücumlarına məruz qalırlar.

Qadınların miqrendən daha çox əziyyət çəkdiyi doğrudur, ancaq çox duyğusal olmalarının bu məsələyə aidiyyatı yoxdur. Bunun səbəbi hormonal dəyişiklik və genetikanın fərqli olmasıdır. Bu, hormonların beyin quruluşunun təsiri ilə bağlıdır.

2. Doğrudur: Qadınların qəlbi tez qırılır.

İnfarktın az rast gəlinən, xüsusi bir forması olan küskünlük və qəlb qırılması sindromuna xanımlarda daha tez-tez rast gəlinir. Yağ və duz yığılmadığı halda ani kədərdən və stressdən sonra birdən-birə büzülən ürək damarı tipik infarkta səbəb ola bilər. Bu halda angioqrafiyada (ürəyi qidalandıran, koroner adı verilən damarların rentgen aparatı ilə təsvir olunmasına imkan verən müayinə metodudur) ürək damarları açıq olur, amma ürək əzələsində zədə görünür. Çox vaxt bu zədə aylar sonra tamamilə bərpa olunur.

3. Səhvdir: Ürək damar xəstəlikləri kişi xəstəliyidir.

Estrogen hormonu klimaksa qədər qadınları ürək-damar xəstəliklərindən qoruyur. Lakin siqaret çəkən, artıq çəki problemi olan, hərəkətsizlik, xəmir xörəklərinin istehlakı, yüksək təzyiq kimi riskli amillər qadınların yaşıdlarından daha tez ürək xəstəliyinə tutulmasına səbəb olur. Üstəlik, şəkər xəstəliyindən əziyyət çəkən xanımların infarkt riski, şəkər xəstəliyindən əziyyət çəkən kişilərdən 2 qat çoxdur.

4. Səhvdir: Qadınlarda da infarkt əlamətləri kişilərdəki kimidir.

İnfarktdakı tipik, sinə ortasında və ya tənəffüs yollarına yaxın sanki daş varmış kimi yaranan şiddətli ağrılar qadınlarda daha az görülür. İnfarkt keçirmiş qadınların ancaq az faizi bu tipik ağrı ilə xəstəxanaya müraciət edirlər. Bunun əvəzinə, ani yaranan taqətsizlik, yorğunluq, tərləmə, nəfəs darlığı, ürək bulanması, həyəcan kimi şikayətlər olur.

5. Səhvdir: Qadınların infarktdan sonra ölüm nisbəti daha aşağıdır.

Bir araşdırmanın nəticələrinə görə, infarktdan 2 həftə sonra 100 kişidən 93-ü, 100 qadından isə 83-ü həyatda qala bilir.

6. Səhvdir: Qadınların ürək əməliyyatından sonra həyatda qalma faizi daha yüksəkdir.

Tam əksinə, statistikaya görə qadınların bu hallarda ölüm faizləri kişilərdən daha çoxdur. Hətta bir araşdırmaya görə 50 yaşdan aşağı xanımların ürək əməliyyatından sonra ölüm faizi kişilərdən 3 qat daha çoxdur.

7. Səhvdir: Hamilə xanımlar iki nəfərin əvəzinə yeməlidir.

Araşdırmalar hamilə qadının gündə yalnız 300 artıq kaloriyə ehtiyac duyduğunu göstərir. Hamiləlikdə çox kökələn anaların uşaqlarının ürək xəstəliyinə yaxalanma riski böyükdür. Həmçinin ölmə ehtimalının 30-35 faiz artdığı məlum olub.

8. Qismən doğrudur: Çoxalma anatomiyası baxımından qadınlar şanssızdır.

Həm hamiləlik, həm doğuş riskli hadisələrdir. Prostat xərçəngi ilə müqayisədə ginekoloji orqanlarda xərçəng daha təhlükəlidir.

9. Səhvdir: İflic də infarkt kimi qadınlarda daha az rast gəlinir.

Damar xəstəlikləri kişilərdə ən çox infarktla özünü göstərir. İflic isə ikinci sırada yer alır. 55 yaşdan yuxarı qadınlarda isə əksinə, ilk əlamət iflic və ya ürək çatışmazlığıdır.

10. Doğrudur: Revmatizm qadınlarda daha çox müşahidə olunur.

İmmun sistemi zəiflədiyi üçün orqanizmdə mikrobsuz iltihab prosesi halında özünü göstərən revmatizm xəstəlikləri qadınlarda daha çox rast gəlinir. Revmatizmin iltihablı və iltihabsiz 2 ayrı növü var. Bir-birindən fərqli çox növü olan revmatizmdə tiplərinə görə cinsiyyət ayrı-seçkiliyi də olur. Bəzi revmatizm növlərinə kişilərdə, bəzilərinə isə qadınlarda daha tez-tez rast gəlinir. Məsələn, ankilozan spondilit xəstəliyi daha çox cavan kişilərdə, revmatoid artrit xəstəliyi daha çox qadınlarda meydana gəlir. Üstəlik, revmatizm xəstəliyi olan qadınlar ürək-damar xəstəliyindən daha çox əziyyət çəkir.

11. Doğrudur: Qadınlar qoxunu daha tez hiss edirlər.

Yeniyetməlikdən klimaksa qədərki dövr ərzində qadınların qoxu ayırd etmə qabiliyyəti kişilərdən çox daha yaxşı inkişaf edir. Bu hormonal səbəblərə bağlıdır. Qadınlar hətta həyat yoldaşının maykasının kəskin tərləməsindən narahat olurlar.

12. Bu iki cins üçün də keçərlidir: Qadınlar həyat yoldaşını qoxusuna görə seçir.

Şüursuz da olsa, dərinin təbii qoxusu tərəf müqabili seçimində rol oynayır. İnsanların çoxu öz genetik quruluşundan fərqli xüsusiyyətdə olan adamı seçməyə meyillidir. Təbiətdə hibridlərin daha davamlı, məhsuldar və gözəl olması buna bağlanır.

Maraqlı bir tədqiqat bunu bir daha sübut edir. Sabun və ətir istifadə etmədən 2 gün geyinilmiş kişi köynəklərini iyləyən xanımlar fərqli genetik quruluşa malik kişilərin köynəklərini cəzbedici hesab edirlər. Doğum həbləri istifadə edənlərin isə bu fərqi ayırd etmədikləri bildirilir.

13. Səhvdir: Antidepressant dərmanlar qadınlara doğru qərar verməyə kömək edir.

Günümüzdə ən çox istifadə edilən dərmanlardan biri də antidepressantlardır. Aparılan araşdırmalara görə, antidepressantlar qadınlara pis təsir edir. Hətta həyat yoldaşı seçiminə də yanlış təsir etdiyi iddia edilir. Antidepressantlar xoşbəxtlik hormonu seratoninin səviyyəsini aşağı saldığı üçün ondan istifadə edənlər sevgi problemi yaşayır.

14. Səhvdir: Döş xərçəngi 40 yaşdan sonra yaranır.

Döş xərçəngi əsasən, 40 yaşdan sonra yaransa da, xəstələrin əksəriyyətinin yaşının 40-dan aşağı olduğunu unutmamaq lazımdır. Xərçəng həm də genetik ötürülür, ona görə də digər ailə üzvlərinin daha diqqətli olması təklif olunur.

Xərçəng xəstəliyinin irsi keçdiyi deyilsə də, ətraf mühitin, həyat tərzinin rolu daha çoxdur. Xəstəliyin irsən keçdiyi sübut olunsa da, bu ehtimal zəifdir.

Mütəmadi olaraq idmanla məşğul olan, brokkoli, kələm, kefir, zeytun yağından istifadə və D vitamini qəbulu bu riski əhəmiyyətli dərəcədə azaldır.

15. Səhvdir: Qadınların dərisi daha gec qocalır.

Təəssüf ki, əksinə, hormonal səbəblərdən dərinin elastikliyini təmin edən hollagen qadınlarda daha tez azalır. Lakin qadınlar sevinə bilərlər, çünki fotolarda daha gənc düşürlər. Bunun səbəbi kişi dərisinin daha qalın olması ilə bağlıdır. Qadınlarda üz xətlərinin və qocalıq ləkələrinin daha aydın görünməsi illərlə istifadə edilən kosmetik kimyəvi maddələrin yaratdığı zərərdən qaynaqlanır.

16. Səhvdir: Qadınlara səkkiz saat yuxu kifayət edir.

Bu adamdan adama dəyişir. Qadınların kifayət qədər yatmaması kişilərə nisbətən daha çox psixoloji stress yaradır. Qanda infarkt və şəkər xəstəliyi riskini artıran bəzi kimyəvi maddələrin artmasına səbəb olur.

17. Qismən doğrudur: Qadınlar ağrıya daha dözümsüzdür.

Bu vəziyyət hər zaman üçün keçərli deyil, çünki estrogen səviyyəsi hər kəsdə özünü müxtəlif cür göstərir. Estrogen qadınların xarici görünüşü və sağlamlığına cavabdeh hormondur. Bu hormonun çatışmazlığı bütün orqanizmin funksiyasına təsir edir. Xüsusən bu hal orqanizmdə qadın hormonların istehsalı dayandıqda başlayır.

Xərçəng, əzələ-sümük xəstəlikləri və iltihab səbəbindən inkişaf edən ağrılar menstruasiya və estrogen səviyyəsinin ən aşağı olduğu dövrdə daha çox hiss edilir. Estrogenin azaldığı menstruasiya dövründə və hamiləlikdən sonra ağrıya dözümlülük azalır.

18. Doğrudur: Qadınlar gözüyaşlıdır.

Anatomik və bioloji strukturların müxtəlifliyindən asılı olaraq qadınlar orta hesabla ayda 5,3 dəfə kişi 1,4 dəfə ağlayır. Qadınlarda göz yaşı vəzi kişilərdən daha böyükdür. İnkişafı və işləməsinə məsul olan prolaktin hormonu 18 yaşdan sonra 50-60 faiz çox ifraz olunur.

18. Doğrudur: Qadınlar alkoqola daha dözümsüzdür.

Bu vəziyyət, kişilərə nisbətən, qadınlarda spirti “zəhərsizləşdirən” qaraciyərlərinin daha kiçik olması və bədəndəki su miqdarının az olmasına bağlıdır.

19. Doğrudur: Siqaret və alkoqol asılılığı qadınlarda daha azdır.

Kişilərin siqaret, spirt və narkotik maddə asılılığına yaxalanma faizi daha yüksəkdir. Siqareti tərgitmə faizi də daha aşağıdır.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm