Xolesterini azaldan 11 qida
Bizi izləyin

Sağlamlıq

Xolesterini azaldan 11 qida

Xolesterin yağa bənzər maddə olub, qaraciyər hüceyrələrində hazırlanır. Çox az miqdarda hazırlanmasına baxmayaraq, həmin maddə bütün hüceyrə qişalarının yaradılmasına, öd turşularının, hormonların və D vitamininin əmələ gəlməsinə kifayət edir. Lakin qəbul edilən qidanın təsiri ilə xolesterin ifrazının artması onu faydalı maddədən sağlamlığın bir nömrəli düşməninə çevirir. Məsələn, damarların daxili divarlarında, xüsusi ilə də, ürək və beyin damarlarında yığıntı şəklində toplanaraq ateroskleroza səbəb olur. Buradan da ürək xəstəliklərinə yol açılır. Stenokardiya, infarkt və beyin qan dövranının pozulması- insulta qədər bir çox problemlər baş verir.

Xolesterinin yüksəlməsi günümüzdə ən mühüm sağlamlıq problemləri arasında yer alır. Dünyada və ölkəmizdə ölüm səbəblərinin çoxu ürək xəstəliklərindən qaynaqlanır. Alimlər illərdir ki, xolesterinin artması və dərman istifadəsi ilə bağlı araşdırmalar aparırlar.

Onların qənaəti belədir ki, xolesterin dərman müalicəsi olmadan da nizamlanır. Məsələn, Badamlı Universiteti Tibb Fakültəsinin kardioloqu və professor Əhməd Qarabulud yazıb:

“Ürək-damar, şəkər xəstəliyi və anadangəlmə xolesterin yüksəkliyini nəzərə almasaq, yüksək xolesterin ilə mübarizədə pəhriz və həyat tərzini dəyişmək müsbət nəticə verir. Xolesterin səviyyəsini aşağı salmaq üçün həyat tərzini dəyişən insanlar, demək olar ki, 2 ay ərzində əvvəlki sağlamlıqlarına qovuşur”.

Həkim Qarabulud xəstələrə xolesterini nizamlayan dərmanları həkimlə məsləhətləşmədən dayandırmağı məsləhət görmür. Onun fikrincə, dərmandan başqa, bəzi qidalar da xolesterini aşağı salmağa kömək edir. Əhməd Qarabulud xolesterinin düşməni olan 11 qidanın siyahısını açıqlayıb.

Kətan toxumu faydalıdır, amma diqqətli olun!

Kətan toxumu xolesterin müalicəsində ən çox istifadə edilən bitkilərdən biridir. Lif baxımından zəngindir və antioksidant xüsusiyyətə malikdir. İki ay ərzində gündə 1 xörək qaşığı üyüdülmüş kətan toxumu istehlakı xolesterin səviyyəsini endirir. Həmçinin, bağırsağın fəaliyyətini yaxşılaşdırdığı üçün arıqlamağa kömək edir.

Ancaq kətan toxumunun müalicə məqsədi ilə istifadəsi 2-3 aydan çox davam etməməlidir. Çünki estrogen təsirini nəzərə alıb, xüsusilə, döş və yumurtalıq xərçəngində, həmçinin hamiləlikdə istehlakı təklif edilmir.

Gündə 2-3 fincan yemişan çayı

Yemişan ürək-damar xəstəliklərinin bir nömrəli düşmənidir. O, C vitamini baxımından zəngin bitkidir. Xüsusilə, xolesterin səviyyəsini 2 aylıq müalicədən sonra aşağı salır. Antioksidant xüsusiyyəti olan bu bitkidən gündəlik azı 150 mqr. istehlak edilməsi təklif edilir. Gündə 2-3 fincan yemişan çayı xolesterin səviyyəsini aşağı salır.

Adaçayını həddindən artıq istehlak etməyin

Mədə və bağırsağın dostu adaçayı eyni zamanda xolesterini salma xüsusiyyətinə malikdir. Antioksidant təsiri olan və bədəni sakitləşdirən bu çaydan gündə 2 fincan içmək kifayətdir. Əlavə olaraq bildirək ki, bazarda satılan bəzi adaçayı növlərinin həddindən artıq istifadəsi qaraciyərə əks təsir göstərir.

Yulaf və arpanın faydası

Lif baxımından zəngin olan yulaf və arpa həm xolesterini aşağı salır, həm də bağırsaq tənbəlliyinə mane olur.

Bir stəkanı kefir

Kefirin orqanizmə bir çox faydalı təsiri var. Sümükləri gücləndirir, bədəni xəstəliklərdən müdafiə edir, həm də nizamlı istehlak edildikdə xolesterini azaldır. Xolesterini azaltmaq üçün hər gün 1 stəkan içmək kifayət edir.

Üzüm çəyirdəyi ilə tanış olun

Qocalmanı gecikdirən və antioksidant xüsusiyyətə malik üzüm çəyirdəyi ilə xolesterin səviyyəsini aşağı salmaq mümkündür. Gündəlik təklif edilən miqdar 150-300 mq-dır. Çox az olsa da, təbii yolla istehlak etmək istəyənlərə gündəlik bir ovuc çəyirdəkli kişmiş, ya da bir porsiya çəyirdəkli təzə üzüm yemək kifayətdir.

Bir ovuc qoz və badam

Omeqa 3 baxımından zəngin olan qoz və badamın təzəsini hər gün yemək xolesterin səviyyəsini xeyli azaldır. Hər gün bir ovuc, təxminən 30 qram qoz və badam yeyilməlidir.

1-2 çay qaşığı keşniş

Ət xörəklərinə dad verən bu ədviyyatdan gündə 1-2 çay qaşığı istifadə edilməsi xolesterin səviyyəsini xeyli azaldır. Lakin keşnişin əks təsiri də var. Belə ki, təzyiqi azaltdığı üçün çox istehlak edildikdə baş gicəlləndirici təsir göstərir və unutqanlığa səbəb olur.

Həftədə iki dəfə balıq istehlak edin

Balıq yağı da xolesterini aşağı salan təsirə malikdir. Gündəlik 500-1000 mqr. istehlak edilməsi ilə xolesterin səviyyəsini tarazlaşdırır. Həftədə 2 gün balıq istehlak edilməsi kifayətdir. Alabalıq və ton balığı Omeqa 3-lə ən zəngin balıqlar sayılır.

Tünd şokolad

Şokolad yeyərək də xolesterini aşağı salmaq mümkündür. Şokolad depressiyanı aradan qaldırmağa kömək etsə də, onun həddindən çox qəbul edilməsi ziyan verir. Həddindən artıq şokolad yemək üzdə sızanaqların yaranmasına səbəb olur.

Alma

Əgər alma ağacdan dərilən kimi yeyilərsə, xolesterinin səviyyəsi aşağı düşəcək. Əgər keçənilki alma yeyilərsə, xolesterin dəyişməyəcək. Nitratlarla zəngin alma da qanda xolesterinin səviyyəsini artırır. Nitratlar və digər toksinlər, zəhərli mikro əlavələr qara ciyərin fermentlərini zəiflədir və onun sintetik funksiyası pozulur. Ona görə də, siqaret çəkməyənlərə nisbətən siqaret çəkənlərdə xolesterin yüksək olur.

Bu qidaların çoxu oxşar təsirə malik olduğundan birlikdə istifadə edilməməlidir. Bundan başqa, həmin qidalara arxayın olub xolesterinin dərmanla müalicəsi dayandırılmamalıdır. Bu qidalar istifadə edildikdə dərmanların dozasını, sadəcə, azaltmaq olar.

Sakit vəziyyətdə yağlı qida qəbulu zamanı sizi xolesterin səviyyəsinin qalxma riski gözləmir. Lakin həmin qidanın depressiya vəziyyətində qəbulu zamanı risk edirsiniz.

Əgər uzun müddət qida yağlı ət yeyirsinizsə, xolesterinin yüksək olacağına şübhə yeri qalmır. Lakin ətlə birlikdə çoxlu miqdarda göyərti, tərəvəz, meyvə də qəbul edirsinizsə, xolesterin səviyyəsi təhlükəli həddə qalxmır.

Əlbəttə, ət, toyuq və balıq təzə olmalıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm