• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ulduzların gözəllik sirri: Daş dövrü pəhrizi

Ulduzların gözəllik sirri: Daş dövrü pəhrizi

Son dövrlər dünya ulduzları arıqlamaq üçün yeni üsuldan istifadə edirlər. Daş dövrü adlanan pəhrizi saxlayanların sayı bütün dünyada sürətlə artır. Daş dövrü pəhrizi Hollivud ulduzlarının da diqqət mərkəzindədir. Bu pəhrizin üstünlüyü ondadır ki, sürətlə arıqlatsa da, sağlamlığa zərər vurmur, əksinə orqanizmi təmizləyir.

Əvvəlcə görək, Daş dövrü pəhrizi nədir.

Bu pəhriz doktor Loren Korden tərəfindən hazırlanıb. Doktor Loren “Daş dövründə ulu babalarımız nə yeyiblərsə, biz də onları yeməliyik”, - deyir.

Bundan on minlərlə il öncə daş dövründə insanlar ət, balıq, hormonsuz, GMO-suz meyvə, tərəvəz və çərəzlər yeyiblər. Onlar təkcə ovçuluq və yığıcılıqla məşğul olublar. Ona görə də təbiətdən gələn sağlam məhsullarla qidalanıblar.

Ancaq müasir dövrdə qidaların tərkibində antibiotiklər və digər zərərli maddələr yer alır.

Daş dövrü pəhrizinə əsasən, insan ən qədim üsullarla yetişdirilən meyvə və tərəvəzləri yeməli, menyusuna yağsız ət və balıq əlavə etməlidir. Hazır, konservləşdirilmiş qidalardan uzaq durmalıdırlar. Süd məhsulları isə menyudan çıxarılmalıdır.

Ancaq hər şeydən öncə hər bir insan öz şəxsi Daş dövrü pəhrizinin kodunu tapmalıdır. Bu pəhrizin digərlərindən bir fərqi də odur ki, hamıya eyni qidalanma formasını tövsiyə etmir. Çünki hər insanın bədəni və həyat tərzi fərqlidir.

Daş dövrü pəhrizinin kodu aşağıdakı üsullarla tapılır:

1.Birinci kod: Çox yeyənlər

Xüsusiyyətlər:

Stressdən yeyirlər.

Təmin olmaq üçün yeyirlər.

Fikirləşmədən yeyirlər.

Siz qida dəyəri yüksək, bol lif ehtiva edən, nişastasız tərəvəzlər yeməlisiniz. Tərəvəzlər bol miqdarda su ehtiva etdikləri üçün özünüzü tox hiss edəcəksiniz.

Bir çox pəhriz proqramına görə, karbohidratlardan uzaq durmalıyıq. Ancaq Daş dövrü pəhrizində yaxşı karbohidratla zərərli karbohidrata fərq qoyulur.

Daş dövrü pəhrizi ağ düyü, adi kartof və qarğıdalı yeməyi qadağan edir. Ancaq qırmızı kartof, yer alması və banan kimi digər karbohidratlardan faydalana bilərsiniz.

Avokado və zeytun yağından da istifadə edə bilərsiniz. Bunlar sizi kökəltməz, əksinə arıqlamağınıza kömək edər.

Zülal çox önəmlidir. Az bişmiş ət, yumurta, hinduşka, toyuq kimi zülal mənbələrini qida menyunuza əlavə edə bilərsiniz.

Həftədə üç dəfə paxlakimilər fəsiləsindən olan noxud, mərci, lobya kimi məhsulları yeməlisiniz.

Paxlakimilər yüksək miqdarda lif ehtiva edirlər.

2. İkinci kod: Pəhrizə sadiq qala bilməyənlər

Xüsusiyyətlər:

Pəhriz saxlamaq istəyirlər, ancaq bir həftə belə dözə bilmirlər.

Bəzən çox sevdikləri yeməklərdən imtina edə bilmirlər.

Gecələr acırlar.

Şirniyyatdan vaz keçə bilmirlər.

Siz tərəvəzlər və zülal mənbəyi olan qidalar yeməlisiniz. Sağlamlıq üçün faydalı yağ və meyvələr də qida menyunuzda yer almalıdır. Səhərlər bibərli omlet, buxarda və ya sobada bişmiş tərəvəz yeyə bilərsiniz. Qovun və avokado ən çox yediyiniz meyvələr sırasında olmalıdır.

Günorta yeməyində isə salatla yağsız balıq yeyə bilərsiniz.

Axşamlar isə sobada bişmiş ət, sarımsaqlı brokkoli və meyvə yeməyinizə icazə var.

Üstəlik, həftədə üç dəfə ürəyiniz istəyən xörəyi yeməyinizə icazə verilir. Həftədə bir dəfə tort və ya hamburger yeyə bilərsiniz. Gecələr ürəyiniz şirniyyat istəyəndə isə kokos suyu ilə banan və avokadonu qarışdırıb yeməyiniz məsləhətdir.

Publika.az Daş dövrü pəhrizi saxlayıb bunun faydasını görən məşhurları da araşdırıb.

Cessika Bil

Cessika Bil hazırda hamiləliyinin son dövrlərini yaşayır. Düzdür, indi hamiləlikdən dolayı bir az kökəlib. Ancaq ana olduqdan sonra dərhal arıqlayacağına əmindir. Çünki gözəl ulduz Daş dövrü pəhrizinə inananlardandır.

O, “CrossFit Zone” adlı jurnala verdiyi müsahibəsində pəhrizlə bağlı bunları deyib: "Daş dövrü pəhrizi vücudu incəldən, bədənə forma verən, dəridəki yağ təbəqəsini nazikləşdirən bir pəhrizdir. Üstəlik, vücudun su balansını da tənzimləyir”.

Uma Turman

Aktrisa Uma Turman da ideal çəkisini Daş dövrü pəhrizi sayəsində qoruyub saxlayır. O, pəhrizin qaydalarına uyğun olaraq sağlamlıq üçün yararlı və kökəltməyən qidalar yediyini bildirir.

Meqan Foks

Aktrisa Meqan Foks dünyanın ən gözəl qadınlarından biri hesab edilir. O, ideal bədən quruluşunu sözügedən pəhrizə borclu olduğunu etiraf edir. Ana olduqdan 3 ay sonra əvvəlki gözəl bədəninə qovuşan aktrisa “US Weekly” jurnalına bu açıqlamanı vermişdi:

“Hamıya bu pəhrizi saxlamağı tövsiyə edirəm. Mən süd məhsullarından imtina etmişəm. Əsl mağara qadınları kimi qidalanıram”.

Mayli Sayrus

Gözəl ulduzun qlüten ehtiva edən qidalara, o cümlədən də süd məhsullarına allergiyası var. Ona görə də Daş dövrü pəhriziylə yaşamağa qərar verib.

Mayli Sayrus “US Weekly” jurnalına bunları deyib:

"Hamı ən az bir həftə qlütensiz qidalarla yaşamağı sınaqdan keçirməlidir. Dərinizdəki fərqi, ruh, bədən sağlamlığınızın yaxşılaşdığını hiss edəcəksiniz. Bir daha əvvəlki kimi qidalanmaq istəməyəcəksiniz”.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR