• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sağlam dəri üçün rəngli pəhriz

Sağlam dəri üçün rəngli pəhriz

Rəngarəng və balanslı qidalanmaq dəri sağlamlığı və gözəlliyi üçün çox önəmlidir. Publika.az par-par parıldayan, hamar və sağlam dəriyə sahib olmağın qaydalarını və bunda meyvə rənglərinin rollarını araşdırıb.

Bənövşəyi rəng dərini cavanlaşdırıb gözəlləşdirir

Dəri sağlamlığı və qidalanma dedikdə ilk ağla gələn rəng bənövşəyi olmalıdır. Bənövşəyi rəngli qidalar dəriyə gənclik və gözəllik bəxş edir. Meyvə və tərəvəzlərə bu gözəl rəngi verən piqmentə antosiyanin deyilir. Antosiyaninlər hüceyrələri zədələnməkdən qoruyur, qocalma prosesini gecikdirir. Bənövşəyiyə çalan qara üzüm antosiyaninlərlə zəngin meyvədir.

Gənclik və gözəllik verən antosiyanin piqmenti qaragilə, böyürtkən, bənövşəyi ərik, albalı, qırmızı kələm və badımcanın qabığında da olur. Bənövşəyi və qırmızı rəngli üzümlərin qabığında və çəyirdəyində çox güclü antioksidant olan resveratrol olur. Resveratrol “anti-aging” yəni, qocalma prosesini ləngidən xüsusiyyəti ilə tanınır. Aparılan araşdırmalar mütəmadi olaraq kifayət miqdarda qaragilə yeyən insanlarda qocalma prosesinin gecikdiyini göstərir.

Üzüm çəyirdəyi yağı E vitamini ilə zəngin olduğu üçün dəri sağlamlığı üzərində çox təsirlidir. Buna görə də kosmetik məhsulların tərkibində tez-tez istifadə edilir. Üzüm çəyirdəyi ilə birlikdə yeyilməlidir. Neçə yaşınız olmasından asılı olmayaraq, gənc dəriyə sahib olmaq istəyirsinizsə, üzüm yeyərkən çəyirdəyi çıxartmayın.

Qara üzüm, bənövşəyi üzüm, böyürtkən və qara moruğun tərkibində antikanserogen və qocalmağı gecikdirən xüsusiyyəti ilə tanınan ellagik turşusu adlı maddə var. Bu maddə qara moruğun tərkibində daha çox rast gəlinir. Qara moruq mövsümündə mütəmadi olaraq istehlak edilməli olan meyvələrdən biridir. Ellagik turşu eyni zamanda narın da tərkibində var.

Dərini qocalma prosesini ləngidən yaşıl rəngli qidalar

Yaşıl rəngli meyvə və tərəvəzlər dərinin qocalma prosesini sürətləndirməkdə böyük rolu olan günəş şüaları ilə əsl döyüşçü kimi mübarizə aparır. Həmin qidalar günəş şüalarının zərərli təsirlərini minimuma endirir.

Yaşıl meyvə və tərəvəzlər qrupuna yaşıl istiot, brokkoli, kivi, ispanaq, qulançar, roka, cəfəri, tərə, kahı və s. daxildir. Bu qidaların tərkibində güclü antioksidant olan C vitamini olduğu üçün də dəri sağlamlığı üzərində müsbət təsirə malikdir.

Dəri ləkələrinin bir nömrəli düşməni: ağ qidalar

Ağ rəng qrupuna daxil olan meyvə və tərəvəzlər C vitamini, kalium və pektinlə zəngin olduğu üçün bir çox bağırsaq xəstəliyinə qarşı qoruyucu xüsusiyyətə malikdir, həm də dərinin ən yaxşı dostu kimi tanınır.

Tədqiqatçılara görə, heyva UV (ultrabənövşəyi) şüalarının dəri üzərindəki mənfi təsirlərini və dəri ləkələrini azalda bilən dadlı meyvədir.

Ağ rəngli qidalara sarımsaq, soğan, ağ turp kimi ağ rəngli tərəvəzləri göstərmək olar. Bu tərəvəzlər selenlə zəngindir. Ağ rəngli bu qidalar günəş şüalarının dəri üzərindəki zərərli təsirlərini azaldıb cavanlaşdırıcı təsir göstərir. Yeməklərdə tez-tez istifadə edilməlidir.

Dəri xərçənginə qarşı qırmızı rəngli qidalar

Dəri sağlamlığımız üçün əhəmiyyətli olan digər bir rəng qırmızıdır. Pomidor, qreypfrut, qarpız, itburnu kimi qırmızı qidalarda olan likopen bir çox xərçəng növündən qoruyan güclü antioksidant xüsusiyyətinə malikdir. Likopen maddəsinin dəri xərçəng riskini azaltdığı aparılan araşdırmalarda da sübut olunub. Qırmızı rəngli qidalar gündəlik qidalanma rasionununda mütləq olmalıdır.

Yağlı dəri problemi üçün narıncı rəng qidalar

Narıncı rəngli qida qrupuna balqabaq, kök, qaysı və şirin kartof daxildir. Onların tərkibində olan beta-karoten immun sistemini gücləndirir. Həmçinin qocalma prosesini gecikdirən təsirə malikdir. Antioksidant xassəli beta-karoten dəriyə sağlam və parlaq görünüş verir. Vitamin A-nın dəridə piy vəzilərinin fəaliyyətini tarazlaşdırdığı sübut olunub. Buna görə də yerkökü, quru ərik, şirin kartof kimi narıncı rəngli qidalar yağlı dəri tipinə malik adamlar üçün əvəzolunmazdır.

Sellülitə qarşı ananas

Narıncı rəngli qidalardan biri ananasın tərkibində olan vitamin və minerallar, bromelin fermenti dəri sağlamlığı üzərində müsbət təsirə malikdir. Ananas qırışların yaranmasına səbəb olan kollageni yeniləyir. Eyni zamanda qan dövranını sürətləndirir, bu isə sellüliti əhəmiyyətli dərəcədə azaldır.

Dərinin sağlam olması üçün rəngli və balanslı qidalanmaq şərtdir

Rəngarəng meyvə və tərəvəzlərdən başqa, menyuda digər qida qrupları da olmalıdır (ət qrupu, çörək qrupu və süd qrupu). Bu qidalar də yetərli və balanslı miqdarda olmalıdır. Dəri sağlamlığı üçün ən əhəmiyyətliləri aşağıdakılardır:

Omeqa-3 yağ turşuları ilə zəngin balıq dərinin elastikliyini artıraraq qocalma prosesini gecikdirir. Eyni zamanda dərinin nəm qalmasına yardımçı olur. Balıq və balıq yağı kimi qoz da omeqa-3-lə zəngin qidadır. Hər gün 2 qoz dərinin cavan qalmasına komik edir.

Selen çox güclü antioksidant mineraldır. Taxıl, dəniz məhsulları və ət selen mineralı ilə zəngin olan mühüm resurslardır. Selen sədəf xəstəliyinin müalicəsində istifadə olunur. Həm də “anti-aging” məqsəd ilə istifadə edilir.

Yaşıl çayın dərini gəncləşdirdiyi çoxdan məlumdur. Antioksidant xüsusiyyəti yüksək olan yaşıl çaydan hər gün 1-2 stəkan içilməlidir.

Yumurta ən keyfiyyətli zülal mənbəyidir. Dəri sağlamlığı üçün çox əhəmiyyətli olan sink və gözəllik mənbəyi hesab olunan biotin və B12 vitaminləri ilə də zəngindir.

Sağlamlığınız üçün çox vacib olan suyu da unutmayın. Gün ərzində çəkinizdın asılı olaraq, orta hesabla 2,5-3 lt su içilməlidir. Dərinin nəm qalması və qan dövranı sisteminin sağlam işləməsi üçün su içmək çox əhəmiyyətlidir.

Rəngli pəhriz ilə baharı daha sağlam keçirməyinizi arzu edirik...

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR