Bahar yorğunluğundan necə qurtulmalı?
Bizi izləyin

Sağlamlıq

Bahar yorğunluğundan necə qurtulmalı?

Baharda təbiət oyanır, hərarət yüksəlir, günlər uzanır. Təbiətin oyanışı qadınlara da təsir edir və nəticədə onlar daha cəlbedici görünməyə can artır. Güzgünün qarşısına keçəndə özünə baxıb zövq almaq istəyən xanımlar bəzən unudur ki, cəlbedici görünmək üçün ilk növbədə sağlam olmaq lazımdır.

Publika.az-ın sağlamlıq bölməsi bahar aylarında yaşanan yorğunluq və halsızlıq kimi problemlərlə mübarizənin optimal yollarını araşdırıb.

Baharın insan orqanizmində təsiri – mövsüm xəstəlikləri

Hər mövsümün özünə xas olan xəstəlikləri var. Məsələn, qışda üst tənəffüs yolu infeksiyaları, yay aylarında isə bağırsaq infeksiyaları daha çox yayılır.

Bahar fəsli təbiətin oyanışı ilə əlaqədar insanın özünü daha yaxşı hiss etdiyi bir dövr hesab edilsə də, bu aylarda halsızlıq, yorğunluq da çox müşahidə olunur. Üstəlik, saatların çəkilməsi əlavə bir problem yaradır.

“Bahar yorğunluğu” xalq arasında tez-tez istifadə edilən bir termin olub, iqlim dəyişikliyinin orqanizmdə yaratdığı yorğunluq hissi kimi təsvir olunur. Bahar yorğunluğunun əsas səbəbi bir çox xəstəliklərin yığılaraq bu mövsümdə üzə çıxması ilə bağlıdır. Yorğunluq hissindən başqa, yuxu nizamsızlığı, iştahın azalması, əzələ ağrıları, oynaq ağrıları və qadınlarda menstruasiya nizamsızlığı kimi əlamətlər özünü göstərir.

Başbəlası halsızlıq!

Mütəxəssislər mövsümi problemləri nə ilə izah edirlər?

Terapevt Bülənd Yardımçı halsızlığı meteoroloji təsirlə izah edir. Onun fikrincə, fəsil keçidləri əvvəlcə, hormonal sistemə təsir edir. Bədənin yeni ekoloji dəyişikliklərə alışması və hormonal sistemin yenidən tarazlaşması vaxt tələb edir. Bu vəziyyət ətraf mühitə uyğunlaşmağı çətinləşdirir, xarici faktorlardan daha tez əziyyət çəkməyimizə səbəb olur. Qış aylarında hərəkətsiz həyat tərzi sayəsində qazandığımız artıq çəki baharda fəal həyat tərzinə adaptasiya olmaqda çətinlik yaradır.

Çirkli hava, havadakı elektrik yükünün artımı və ion dəyişiklikləri də yorğunluq hissinə səbəb olan amillərdəndir. Ani temperatur dəyişiklikləri də adaptasiya sisteminə birbaşa təsir edir.

Stress və bahar

Mövsümün ruhi təsirləri ən az fiziki dəyişikliklər qədər əhəmiyyətlidir. Xüsusilə, fasiləsiz çalışan, stress səviyyəsi yüksək olan depressiyaya meyli insanlar və pis qidalananlar yorğunluq hissindən daha çox əziyyət çəkirlər.

Bahar yorğunluğuna böyük şəhərlərin sakinlərində, çirkli bölgələrdəyaşayanlarda daha tez-tez rast gəlinir.

Mütəxəssis bu problemdən çıxış yolunu nədə görür?

Terapevtin fikrincə, daimi yorğunluq və ümumi əhvalın pis olması ciddi xəstəliklərin də əlamətləri ola bilər. Məsələn, qalxanabənzər xəstəliklər, ciddi depressiya, xroniki xəstəliklər, bədxassəli şişlər bu əlamətlə özünü göstərir. Belə olan hallarda həkimə müraciət edilməlidir.

Bahar yorğunluğuna qarşı lazımi tədbirlər

Bahar yorğunluğuna qarşı tədbirlər bahar gəlməzdən əvvəl görülməlidir. Birinci qidalanma rejimi tənzimlənməlidir. Çoxumuz qış aylarında kalorisi bol, yağlı və xəmir xörəklərinə üstünlük veririk. Qida menyumuz təzə tərəvəz və meyvə baxımdan kasıb olur. Bu isə bahar aylarında gümrah olmağa və mövsümü enerjili qarşılamağa mane olur. Meyvə və tərəvəz, vitamin və minerallarla zəngin qidalar isə nəinki arıqlamağa kömək edir, üstəlik, özünüzü sağlam və daha gümrah hiss edirsiniz.

Qidalanma tərzinizi nəzərdən keçirin

Əvvəla, qidalanmada tərəvəz və meyvə miqdarı artırılmalı, yağ miqdarı azaldılmalıdır. Yeməyin porsiyasını azaldıb, sayını və intensivliyini artırmaq lazımdır. Yəni az-az, tez-tez yeyin. Tərkibində yüksək miqdarda qlükoza olan, şirin yeməklərdən və içkilərdən uzaq durmalı, kifayət qədər maye qəbul edilməlidir. Gündəlik maye istehlakı orta hesabla 2 litr və ondan yuxarı olmalıdır. Bu aylarda süd və süd məhsullarının faydası böyükdür.

Hava şərtləri və günün qısa olması qışda hərəkəti məhdudlaşdırır. Odur ki, qışın son aylarında günün getdikcə uzanması və havanın nisbətən isinməsindən istifadə edib mütəmadi olaraq gəzintiyə çıxın. Həftə içində fürsət düşdükcə, həftə sonlarında isə mütəmadi olaraq məşq etmək stressi aşağı salır. Mütəmadi olaraq idmanla məşğul olmaq isə bahar yorğunluğunu azaldır.

İdeal formanı bərpa etmək üçün yüngül məşqlərdən başlamaq lazımdır: daha çox piyada gəzin, heç olmasa, həftədə bir-iki dəfə yoqa ilə məşğul olun. Yaz havası və oyanan təbiət isə sizə bu işdə yardımçı olacaq, günəşin isti şüası bədəni onu ehtiyacı olduğu D vitamini ilə təmin edəcək.

Stresslə mübarizə aparın

Stressi azaltmaq üçün açıq havada daha çox vaxt keçirmək çox faydalıdır. Günəş şüalarının ruhumuza müsbət təsiri olduğunu unutmayın.

Möhkəm yuxudan qiymətli heç nə yoxdur

Bu aylarda yuxu rejiminə əməl edilməsi ən mühüm məsələdir. Adətkarda olduğumuz yuxu vaxtını dəyişdirməməliyik. Hər kəsin ehtiyacı duyduğu yuxu vaxtı fərqlidir. Bahar aylarının əvvəlində yuxu nizamının pozulmaması mümkünsüzdür. Vərdiş etdiyiniz saatda yatağa girmək və ehtiyacınız olan qədər yatmaq lazımdır. Az yatmaq qədər, həddindən artıq yuxu da özünüzü pis hiss etməyinizə səbəb ola bilər.

Allergiya, ürək damar xəstəlikləri, astma və şəkər xəstəliyi kimi xroniki narahatlıqları olanlar isə fəsil dəyişkənliyi zaman həkim nəzarətindən keçməlidir. Həmin xəstələrdə yaranan ağırlaşmalar, səhvən bahar yorğunluğu kimi qəbul edilə bilər və biganə qaldıqda daha ağır nəticələrə səbəb olar. Halbuki müayinə olunub müvafiq müalicə almaq bu dövrü daha rahat keçirməyə kömək edər.

“Vitaminləşin”

Yaz aylarında orqanizmin zəifləməsi ən çox zahir görkəmə təsir edir. Saçlar sönük və kövrək olur, dəri soyulur, qabıq verir, qeyri-sağlam rəng alır, dırnaqlar qırılır, immunitet isə sıfır həddinə düşür. Bütün bunlar əhval-ruhiyyəyə də təsirsiz ötüşmür. Əsas səbəb isə vitamin çatışmazlığıdır.

Vitamin və dərmanları qəbul edib-etməmək bizi ən çox maraqlandıran məsələlərdən biridir. Zərurət varsa, bu dərmanların istifadəsi mütləqdir. Lakin təbii dərman kimi tanınan məhsulları həkim nəzarəti olmadan istifadə etmək olmaz.

Lakin günə portağal, kök, çuğundur, ya da alma şirəsi ilə başlayıb, yaz rasionuna təzə tərəvəz və meyvə, balıq və zeytun daxil evməklə orqanizmi ehtiyacı olan vitaminlə təmin edə bilərsiniz.

Təmizlənin

Baş ağrılarından əziyyət çəkirsinizsə, yaxud həzm problemi, yorğunluq və allergiya kimi narahatlıqlarınız varsa, düşünün. Bəlkə də səbəb qış mövsümündə yediyiniz yağlı və ağır qidalardır. “Zəhərlərlə çirklənmiş” orqanizmi detoksla təmizləyin. Detoks və ya orqanizmin təmizlənməsi üçün isə variantlar çoxdur. Lakin kompleks "yaz təmizləmə" üsulu mövcuddur: ay ərzində qarabaşaq, taxıl və buğda, soya, balqabaq yeyin.

Onlar qaraciyər və mədəaltı vəzinin işini yaxşılaşdırır, bağırsağın işini asanlaşdırır, immuniteti möhkəmləndirir.

Həyata pozitiv baxın

Beləliklə, yuxarıda sadalananlara əməl etdikdən sonra əhval-ruhiyyəniz xeyli yaxşılacaq. Daha gözəl və sağlam olmaq üçün bahar havasının gözəlliyindən maksimum zövq almağa çalışın. Qışın soyuğu və şaxtası bizi gizlənməyə və vaxtımızın çoxunu evdə keçirməyə məcbur edirdi. Bahar isə yeni təəssüratlar, əyləncələr deməkdir. Bahar havası hər kəsə güc verir. Odur ki, sizi gözləyən yeni məcaraların arxasınca gedin. İstənilən halda, hadisələrə yaxşı tərəfdən baxmağa çalışın.

Əgər ağır zamanlar başlayırsa, problemlər qara duman kimi başınızın üstünə yığılırsa, özünüzü inandırmaq metoduna keçin. Özünüzə aid bütün pozitivləri yada salın: uğurlarınız, naliyyətləriniz, təriflər. Əgər yaxşı fikir versəniz, işlərin şişirtdiyiniz qədər qədər pis olmadığını görəcəksiniz. Özünə inam uğurun açarıdır. Gülün və özünüzü ruhdan salmayın.

Təbrik edirik, siz bu baharın ən pozitiv və sağlam insanısınız!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm