Gecə tez-tez tualetə getmək hansı xəstəliyin əlamətidir?
Bizi izləyin

Sağlamlıq

Gecə tez-tez tualetə getmək hansı xəstəliyin əlamətidir?

Bəzi insanlar gecə yuxusunu tez-tez pozmalı olur. Onlar gecə ərzində azı 3-4 dəfə sidiyə gedirlər. Həkimlər gecə tualetə getməyin böyrək çatışmazlığının əlaməti olduğunu bildirirlər.

Türkiyəli həkim Meral Kayahan böyrək çatışmazlığının çox ciddi problem olduğunu bildirib və erkən diaqnozun önəmini vurğulayıb:

“Halsızlıq, iştahasızlıq, yorğunluq kimi əlamətlər böyrək çatışmazlığının digər əlamətləridir. Ancaq bu əlamətlər başqa səbəblərdən də baş verə bilər. Gecələr tez-tez oyanıb tualetə getmək isə artıq sizdə böyrək çatışmazlığı problemindən şübhələnməyə əsas verir”.

Doktor Meral Kayahan bu xəstəliyin son illər geniş yayıldığını vurğulayıb:

“Böyrək xəstəliyi hər insanda, hər yaş dövründə baş verə bilər. Xəstəlik ilk zamanlarda heç bir işarə vermədiyi üçün diaqnoz qoymaq çətinləşir.

Böyrəyin əsas funksiyası orqanizmin su, duz, kalsium balansını qorumaq, sidik vasitəsilə zərərli maddələrin və dərmanların bədəndən atılmasını təmin etməkdir.

Böyrək çatışmazlığı baş verdikdə orqanizmin bütün tarazlığı pozulur. Bu başqa xəstəliklərin də yaranmasına gətirib çıxara bilir”.

Böyrək çatışmazlığı iki cür olur: ani və gizli böyrək çatışmazlığı.

Ani böyrək çatışmazlığı ağır qanama, qusma, ishal, qan təzyiqinin düşməsi, ürək çatışmazlığı və travmalarla bağlı əzələ zədələnməsi nəticəsində baş verir.

Gizli və xroniki böyrək çatışmazlığının isə səbəbi şəkər xəstəliyi, yüksək təzyiq, böyrək kistləri, sidik yollarında yaranan daş və şiş ola bilər.

Həkim qeyd edir ki, gecə yatmazdan öncə çox maye qəbul edənlər və prostat vəzi xəstəliklərindən əziyyət çəkənlər də gecələr tez-tez sidiyə gedə bilərlər. Ancaq hər iki hal yoxdursa, gecələr tualetə getmə səbəbi mütləq aydınlaşdırılmalıdır. Bunun üçün də mütləq həkimə müraciət edilməlidir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm