• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Əri dedi ki, gözəl olmasan, evə gəlmə” - BRİFİNQ - FOTO

“Əri dedi ki, gözəl olmasan, evə gəlmə” - BRİFİNQ - FOTO

“Hər 10 qadından birində xərçəng riski var”

Günümüzün qadınlarını kosmetik vasitələr qane etmir. Onlar gözəlləşmək üçün qurban verməyə belə razı olurlar. Bu gün təkcə dünya ulduzları deyil, sadə qadınlar da botoks, silikon protez üçün estetik cərrahlara müraciət edir. “Brifinq”in bu dəfəki qonağı Türkiyənin məşhur plastik, rekonstruktiv, estetik və əl cərrahı, kök hüceyrələr vasitəsi ilə xəstəliklərin müalicəsini aparan Əli Rza Erçöçendir.

“Kiçik metodlarla maksimum gözəlliyə nail olmaq mümkündür”

Faina Hənifəyeva: Əli Rza bəy, son illər, qadınlar qocalmaq istəmir və bu tendensiya getdikcə daha çox yayılır. Vaxt gələcək, nənə ilə nəvəni bir-birindən ayıra bilməyəcəyik. Həkimlər bu möcüzəni yarada bilirlər. Siz həkim kimi yox, sadə insan kimi qadınları 25 ildən sonra necə təsəvvür edirsiniz?

- Əvvəllər orta yaş həddi 50-ni keçmirdi. Amma indi orta statistik yaş həddi 70-ə qədər hesab olunur. İnkişaf edən bütün ölkələrdə orta yaş həddi yüksəlir. Plastik cərrahiyyənin əsas vəzifəsi yaşa dolanda yaranan problemləri aradan qaldırmaqdan ibarətdir. Bununla bağlı keçmişdə ənənəvi tibbi üsullar tətbiq olunurdu.

Əsas məqsəd qadınların təbii və daha gözəl yaşlanmasını təmin etməkdir. Hamımızın “anti-aging” (yaşlama əleyhinə) haqqında az da olsa, məlumatı var. Əslində, “anti-aging” deyilən şey yoxdur. Yəni yaşlılığı dayandırmaq mümkün deyil. Sadəcə, təzyiq qalxanda onu hər hansı dərmanla aşağı sala bilərsiniz. Buna anti-hipertansiv deyilir. “Anti-aging” dedikdə yaşlılığı donduran üsullar nəzərdə tutulur. Yaşlılığı donduran bir şey mövcud olmadığı üçün dolayısı ilə onu ancaq gözəlləşdirib sağlam formaya sala bilərsiniz. Estetik cərrahiyyənin əsas məqsədi təbii və gözəl qocalmanı təmin etməkdir. Estetik cərrahiyyədə artıq xəstəxanada uzun müddət yataq vəziyyətində olmağa ehtiyac yoxdur. Kiçik metodlarla maksimum gözəlliyə nail olmaq mümkündür.

Aytən Əliməmmədova: 50 yaşında bir qadının 10-20 yaş cavanlaşmaq arzusunu reallaşdırmaq mümkündürmü və bu nə dərəcədə sağlam üsuldur?

- Mümkündür, toxumanı gəncləşdirmirik, sadəcə, gənc görünməsini təmin edirik. Alın, saç, qaşlar, göz qapaqları, göz ətrafı qırışları, burun skeletləri və qığırdaqlara qədər hər birinin üzərində mərhələli şəkildə işlənilir. Təkcə göz qapaqlarını, ya da qaşları qaldıranda üzdə azca dəyişiklik olur, amma gənc qadın görüntüsü yarada bilməzsiniz. Yanaqlarda, boyunda yaşlılıq əlamətləri qaldığı zaman həmin insan yenə yaşlı görünəcək. Üz ifadələrinin, dodaqların və gözlərin əvvəlki, formasını qoruyub saxlamaqla 20 il əvvələ qaytarmaq mümkündür.

A. Əliməmmədova: Bir insanı neçə dəfə estetik əməliyyat etmək olar?

- Kiçik izlərlə çox yerə müdaxilə edərək bir neçə dəfə əməliyyat etmək olar. Göz qapaqlarını, yanaqları əvvəlki vəziyyətinə qaytarmaqla bir insanı ömür boyu xoşbəxt etmək mümkündür.

A. Əliməmmədova: Yəni məhdudiyyət yoxdur?

- Bu cür əməliyyatlarda yoxdur. Amma köhnə, klassik metodlarda toxumalar aşırı dərəcədə zədələndiyi üçün düzü, həmin hissəni yenidən açmaq mümkün deyil.

A. Əliməmmədova: Artıq neçə müddətdir ki, Azərbaycanda da fəaliyyət göstərirsiniz. Müraciət edənlərin sayı çoxalırmı və ən çox nə ilə bağlı müraciət edirlər?

- Əməliyyatdan sonra xəstələrin vəziyyətinə nəzarət etdiyimiz üçün hər ay Azərbaycana gəlirəm və tələbin getdikcə artdığını müşahidə edirəm. Məsələn, burada varikoz xəstəlikləri çox artıb. Niyə? Çünki insanlar çox işləyir və ayaq üstə çox dayanırlar. Tələb olunan əməliyyatlar içərisində burun əməliyyatı üstünlük təşkil edir. Biz burnu kiçiltməklə insanları sosial mühitə qaytarırıq.

Bizim irqdə göz qapaqları çox pərdəli olduğu üçün buna aid tələblər də artır. Çoxuşaqlılıq ənənəsi bizdə hələ də davam edir, doğuşdan sonra sinələrdə sallanma və çatlar əmələ gəlir, ya da əksinə, həcmini itirir.

A. Əliməmmədova: Viktoriya Bekhem sinəsini bir neçə dəfə böyüdüb və kiçildib. Sinənin dəfələrlə böyüdülüb-kiçildilməsi təhlükəli ola bilərmi?

- Şou-biznes aləminə daxil olan sənətçilər arasında iri sinə dəbdədir. Dolayısı ilə iri protezlərdən istifadə edirlər. Böyük protezlərdən istifadə edildiyi zaman sinənin dərisi öz keyfiyyətini itirir. Bu zaman yenidən forma verilir və kiçildilir. Amerikada Kanadada, Danimarkada araşdırma qrupu 10 min nəfər üzərində təcrübə aparıb. Araşdırmanın nəticəsində işçi qrupuna istehsal olunan silikon protezlərin xərçənglə heç bir əlaqəsinin olmadığına dair təhlükəsizlik sertifikatı verilib. Ümumilikdə hər 10 qadından birində xərçəng riski var. Mütəmadi olaraq mamoqrafiya və ultrasondan keçmək lazımdır. Silikon protez taxanlara 2 ildən bir maqnit rezonans tomoqrafiyası çəkdirmək tövsiyə edilir. Xərçənglə əlaqəsi olsaydı, ümumiyyətlə, istifadə edilməzdi, belə bir şey mümkün deyil.

Nərgiz Ehlamqızı: Sizə dini inancı olan insanlar müraciət edir?

- Həm Azərbaycanda, həm də Türkiyədə kifayət qədər dini inancı olan xəstələrimiz var.

N.Ehlamqızı: Amma Allahın yaratdığı canlını dəyişdirirsiniz. Bu, günah sayılır...

- Belə bir hökm, qadağa yoxdur. Spirtli içki və digər vasitələr kimi əməliyyatı da pis məqsədlə istifadə etmək qadağan olunub. Məsələn, ehtiyacı olmadığı halda dəb xətrinə əməliyyat etdirmək istəyənlər olur. Bunlar insanın psixoloji durumundan qaynaqlanır. Dodağının qalınlığı normal olan insan böyük ölçüdə dodaq istəyirsə, əlbəttə, din bunu yasaqlayır. İfrata varmaq olmaz. Məsələn, qəzadan sonra burun əyriliyi insan psixologiyasına təsir edə və onu depressiyaya sala bilər.

Mən 2 il Yaponiyada işləmişəm. Orada qadınlar bədənində dəyişiklik üçün nadir hallarda müraciət edirlər. Buddizmin Yaponiya qolunda insanın öldükdən sonra ruhun başqa canlıya köçdüyünə inanırlar. Başqa bir canlı donunda - quş, ağac kimi doğulacaqlarını düşünürlər. Bizdəki cənnət, cəhənnəm inancı onlarda yoxdur. Yapon qadınları hesab edirlər ki, bugünkü vücud keçicidir.

N.Ehlamqızı: Bəs dəb üçün müraciət edənləri əməliyyat edirsiniz?

- Şəxsən mən dəb üçün müraciətləri qəbul etmirəm. Sadəcə, xəstə deyil, həkim də əməliyyatın yaxşı olmasını istəyir. Nəticə ürəyimcə olmazsa, özümü günahkar hiss edərəm. Xəstələr adətən, fotoşəkillə gəlirlər ki, Ancelina Colinin dodaqlarını istəyirəm. Türkiyədə manekenlərin burunları kimi burun istəyənlər çoxdur. Belə istək doğru deyil. Barmaq izi kimi insan üzü də fərqlidir. Dolayısı ilə kiminsə burun, dodaq forması başqasına yaraşmaya bilər. Burun əməliyyat nəticəsində özlüyündə gözəl görünə bilər, amma üzə yaraşmaz. Elə xəstələr də var ki, bədənini bəyənmir. Van Qoq kimi qulağını kəsən adamlar olub. Bu kimi psixiatrik xəstəliklər var. Bunu müəyyənləşdirə bilməriksə, onsuz da ən böyük xəta etmiş olarıq. Qaşları yuxarı olan qadın gəlib yenə yüksəyə qaldırmaq, balaca burnunu kəsdirmək istəyirsə, deməli, bu insan özünü bəyənmir. Biz onu əməliyyat etsək, yenə üzündəki hansısa orqanı ilə razılaşmayacaq, sabah başqa bir şey üçün müraciət edəcək. Elə insanlar var ki, 30-40 dəfə əməliyyat olunub, öz təbii cizgilərini itirib.

Mövlud Mövlud: Yəni o xəstəni estetik cərrahın deyil, psixiatrın yanına göndərmək lazımdır?

- Bəli, eynilə o cür etmək lazımdır. O cür xəstələri dərhal psixiatr yanına yollayırıq.

F.Hənifəyeva: Redaksiyada gözəl qızlardan biri Aytən Əliməmmədovadır. O, əməliyyat üçün müraciət etsə, qəbul edərsiniz?

- Aytənin üzündə hansı dəyişikliyi etsək, gözə daha xoş gələr? Məsələn, gəlin bir sorğu keçirək.

F.Hənifəyeva: Mən çənəsində bir az qüsur görürəm...

A.Əliməmmədova: Gözümün altı çox qaradır...

- Bunun səbəbi göz qapağının dərisinin çox incə olmasıdır. Təbii ki, genetik təsirlər də var.

F.Hənifəyeva: Müraciət edənlər sırasında hansı xahiş sizi şoka salıb?

A.Əliməmmədova: Məni başdan yarat deyən olubmu?

- Olub. Absurd tələb və xahişlər sırasında kiçik döş qəfəsi olan insanın daha böyük ölçüdə sinə istəməsidir. Dünyagörüşü olan insan belə bir xahişlə həkim yanına gəlməz.

N.Ehlamqızı: Bir çox ölkədə çalışdığınızı dediniz. Hansı ölkənin qadınları daha kaprizlidir?

- Türkiyə, Azərbaycanda yaşayan qadınlar əməliyyatdan öncə heç bir sual vermir. Amma əməliyyat başa çatdıqdan sonra çoxlu suallar yaranır. Məsələn, burun əməliyyatına girməzdən əvvəl burun dərisinin qalın olduğunu başa salırsan, amma dinləmirlər. Əməliyyatdan sonra gəlirlər ki, burnum niyə qalındır, şiş var? Başa salırsan ki, 3 ay sonra düzələcək, amma yenə başa düşmürlər. Davamlı olaraq izahatlar olur.

Mən xəstələrlə çox danışıram. Adətən, həkimlər çox danışmır. Müəllimlərimdən öyrəndiyim ilk şey xəstəni dinləməkdir. Xəstə dinlədikcə, daha çox başa salıram. Türk qadınlarının ortaq özəlliyi odur ki, bir ayaqqabı alanda 40 dükan gəzib sonra alırlar. Amma burun əməliyyatına gəlincə, həyati bir məsələyə etinasız yanaşırlar. Avropada isə qadınlar fərqlidir, öncədən hazırladıqları suallarla həkimin yanına gəlirlər. İnternetdə əməliyyat barədə məlumatlar toplayıb dəftərçədə suallarını qeyd edirlər.

A.Əliməmmədova: Avropada da əməliyyat etdirmək istəyən qadınlar çoxdur?

- Uzaq Şərqdə dinlə əlaqədar müraciətlər azdır, sadəcə, şou aləmindəki insanlar əməliyyat etdirirlər. Qərbdə müraciətlər həddən artıq çoxdur. Botoks Amerikada ən çox istifadə olunan üsuldur. Bu, ucuzdur, tez-tez istifadə oluna bilər, əks-təsiri yoxdur və s. Botoksun yerinə bir müddət sonra yeni üsul ortaya çıxa bilər.


N.Ehlamqızı: Rəsmilərdən kimsə əməliyyat üçün sizə müraciət edib?

- Keçmiş nazirlərdən olub. Rifah Yolu hökuməti dövründəki nazirlər müraciət edib. “Bayandır” Xəstəxanasında ən çox xəstələr Türkiyə Böyük Millət Məclisindəndir. Nazirlərdən məmuradək bizim xəstəxanada əməliyyat olunanlar var. Məclislə xəstəxananın sığorta ilə bağlı anlaşması var deyə, orada çalışanlar birbaşa bizim xəstəxanaya müraciət edirlər.

F.Hənifəyeva: Azərbaycanda hansı məşhuru əməliyyat etmisiniz?

- Onu deyə bilmərəm. Biz xəstələrin adlarını özləri deməyənə qədər açıqlamırıq. Bu, həkim-xəstə əlaqəsidir. Xəstənin izni olmadan fotosunu da yayımlamaq yasaqdır.

A.Əliməmmədova: Öz qohumlarınızdan kimisə əməliyyat etmisiniz?

- Həyat yoldaşımı, qaynanamı, qardaşımı əməliyyat etmişəm. Həyat yoldaşımı övladımızı dünyaya gətirəndən sonra yağlanma ilə bağlı əməliyyat etdim, ehtiyac olduqca botoks da edirik.

Leyla Əliyeva: İnsanların yanlış bilgilərlə əlaqədar estetik əməliyyata qarşı fobiyası var. Məsələn, burun əməliyyatında sümük qırırsınız?

- Sümük qırmırıq. Burun əməliyyatında ilkin uğursuz əməliyyatdan sonra ikinci əməliyyata girməyə çox qorxurlar. Çünki ikinci prosedurun daha pis olacağını düşünürlər. Əldəki imkanlarla düzəlməyən heç nə yoxdur. Biz 7-8 dəfə əməliyyat olunmuş insanların problemlərini düzəldə bilirik. Azərbaycanda plansız girən həkimlər var. Təkcə bu hal Azərbaycanda deyil, Türkiyə, başqa ölkələrdən də gəlib insanları əməliyyat edirlər, amma xəstələri sonradan nəzarətdə saxlamırlar. Həkimlər arasında pul üçün əməliyyata girənlər var. Təcrübə ilə təcrübə qazanılmaz. Hippokratın cərrahlar üçün təməl sözü odur ki, əvvəlcə zərər vermə. Zərər verməməyi öyrənəndə düzəltməyi də öyrənirsən.

“Burun əməliyyatında bir maestro olur”

F.Hənifəyeva: Cərrah burun əməliyyatına “lor”la birgə girməlidir?

- Xeyr, burun əməliyyatını mən özüm edirəm. Bəzən məcburən yardım da alıram. Bir orkestrin iki şefi olmaz. Burun əməliyyatında bir maestro olur. Əməliyyatda bıçaqla qoyduğunuz iz çox önəmlidir. Ortaq əməliyyatlarımız çoxdur. Bu yaxınlarda döş xərçəngiylə əlaqədar ortaq əməliyyat həyata keçirdik.

F.Hənifəyeva: Burun əməliyyatlarında minimum və maksimum qiymətlər neçədir?

- Anastezisiya ilə birlikdə minimum qiymət 1500 manat, maksimum isə qiymət 3 min manatdır. İkinci dəfə əməliyyat üçün xəstələr gəlir, ilkin əməliyyatında 10-20 min manat pul xərcləyib. Türkiyə, Avstraliya və digər ölkələrə gedib, biz son əməliyyatını həyata keçirdik. Həyat yoldaşı son əməliyyatına girəndə dedi ki, gözəl olmasan, evə gəlmə. O, həyat yoldaşından bezməyib, sadəcə, o qədər əməliyyat üçün bu ölkədən, o ölkəyə gedib ki, psixoloji olaraq bezib. Üstəlik, nə qədər də pulu gedib. O xanımı əməliyyat etdik, indi işində-gücündədir, özü də həmin xanım iş adamı idi.

M.Mövlud: Cinsiyyət dəyişdirilməsi ilə bağlı şəxsi düşüncələriniz necədir? Bu, günah sayılır...

- Bunun dinlə bağlı tərəfi də var. Lakin günah deyil. Çünki bəzi anormallıqlar, anatomik və psixoloji problemlər var. Biz belə adamlara normal cinsi əlaqəsi olsun deyə vagina qoyuruq. Belə əməliyyatı 1994-cü ildə Ankarada etmişik. Kişilərdə də hermofrodit insanlar var. Əməliyyatdan əvvəl hormonal və psixoloji testlər aparırıq.

F.Hənifəyeva: Öz arzusuna da önəm verilir?

- Əlbəttə, əslində, bu tip insanlar çox gec, yetkinlik vaxtında gəlirlər. Mənim bir xəstəm vardı, hermofrodit idi. Ailə onu 18 yaşına qədər qız kimi böyütmüşdü. Biz psixoloji test də etdik, cinsiyyət xromosomu təyinatında kişi cinsinə mənsub idi. Onunla söhbət apardıq, dedi ki, kişi cinsindənəmsə, əməliyyat edin. Yumurtalıqlarının işlək olmadığını, saxlanarsa, xərçəngə çevriləcəyini, bunun üçün yumurtalıqlarını çıxaracağımızı söylədik. Amma xarici cinsiyyət orqanlarını bərpa edəcəyimizi dedik. Əməliyyatdan sonra ailəsi onu rədd etdi. Çünki 18 ildir həmin şəxsi qız kimi böyütmüşdülər. Bu məsələdə psixoloji məsələ yalnız xəstə ilə əlaqədar olmur, ətrafdakı insanların da psixoloji təpkisi önəmlidir. Biz pasportunu düzəltdik. Həmkarımın yaxınlarının dönər kafesi vardı, orda dönərçi ustası kimi çalışmağa başladı. İş tapdı, evləndi də. Xəstəxanaya gəlib gedəndə bir qızla tanış olmuşdu, onunla da ailə həyatı qurdu.

M.Mövlud: Yəqin onun həyat yoldaşına övladının ola bilməyəcəyi deyildi...

- Əlbəttə, xanıma hər şey dedik. Neçə il boyunca təkrar müayinəyə gələndə o cütlüyü görürdüm. Erkən yaşda yumurtalıqlar qarın içində endirilsəydi süni mayalanma ilə mümkün ola bilərdi. Amma yaş keçdikcə xərçəng riski olur deyə təmizləyirik.

Transseksualizm qrupu da var ki, o uşaqlar özlərini ya qız, ya oğlan kimi qəbul edirlər. Adətən, kişidən qadına keçid tez-tez baş verir. Bunun genetik və psixoloji səbəbi ilə yanaşı bir səbəbi də fahişəlik sektorudur. Taylandda bu, çox yayılıb. Həmin ölkədə iqtisadi və sosial böhranın da səbəbi budur. Tibbdə də qeyri-qanuni cərrahiyyə, əməliyyatla kişinin qadına çevrilməsi və bu sektora cəlb edilməsi prosesi gedir. Biz bunun tərəfdarı deyilik. Bunun da qanuni proseduru var. Psixoloji hesabatı götürüb məhkəməyə baş vururuq. Digər uroloji və endokrinoloji hormon müalicəsi üçün fikir mübadiləsi aparırıq, qadının kişiyə, kişinin qadına çevrilməsi proseslərini həyata keçiririk. Ya xəstənin öz toxumasından istifadə edirik və ya başqa yerdən toxuma köçürərək cinsi dəyişilmə həyata keçirilir. Sadəcə, cinsi orqan deyil, almacıq sümüyündən tutmuş döş qəfəsinə qədər qadın fiquru ilə kişi fiquru arasındakı fərqləri aradan qaldıraraq əməliyyat keçiririk. Sadəcə, cinsəl orqanın dəyişimi ilə bu iş bitmir.

“1300 Qəddafi qurbanını əməliyyat etmişəm”

N.Ehlamqızı: Misirdə, Liviyada, hazırda Suriyada müharibələr gedir. Müəmmar Qəddafi və ya Bəşər Əsəd qurbanları Sizə müraciət edib?

- Yaralı liviyalıları ilk dəfə biz əməliyyat etmişik. “Bayandır” xəstəxanasının Xarici İşlər Nazirliyi və Liviya səfirliyi ilə səhiyyə sahəsində anlaşması var. Almaniya, Hollandiya və bir neçə ölkə ilə bu saziş imzalanıb. Yəni həmin ölkələrin vətəndaşlarının başına bir hadisə gələndə xərclər səfirlik vasitəsilə ödənilir. Liviyada ilk yaralanan 300 xəstə təyyarələrlə Ankara və İstanbula gəldi. İzmirə, dövlət xəstəxanalarına da gəlirdi. Amma özəl xəstəxanalar içərisində yaralılar “Bayandır” xəstəxanasına daşındı. 2011-ci ildə oktyabr ayından etibarən 1300 liviyalını əməliyyat etmişəm. Barmaq əməliyyatından tutmuş, çənə əməliyyatına qədər hamısını həyata keçirdik. 6-ya yaxın insanın alt çənəsi tamamilə dağılmışdı. Raket və silahlardan açılan atəşlərdən zədələnmişdilər.

N.Ehlamqızı: Daha çox Liviyadan xəstə gəldi?

- İraqdan da gələnlər var. İraq Səhiyyə Nazirliyi ilə də keçən il saziş imzalamışıq. İraqdan bir polkovnik gətirilmişdi, iflic olmuşdu.

N.Ehlamqızı: Bəs Suriyadan?

- Suriyadan özəl xəstəxanalara gələnlər yoxdur. Amma sərhədə yaxın ərazilər Səhiyyə Nazirliyinin nəzarətindədir. Onlar pasportla gəlmirlər. Pasportları olmadığı üçün belə xəstələri Səhiyyə Nazirliyi öz üzərinə götürür. Adana və Mersin xəstəxanalarında xəstə gətiriləndə Səhiyyə Nazirliyi bu xəstələrin xərclərini özü qarşılayır.

Sevinc Fədai: Orqanizmdə olan hansı problem və ya xəstəlik estetik əməliyyata mane olur?

- Bizim üçün risk faktoru olan xəstəliklər var. Yaranın sağalması üçün şəkərli diabed, ürək-damar xəstəliyi, siqaretdən damar tıxanıqlığı olanlar, böyrək çatışmazlığı olan xəstələrdə bu, problem yaradır.

A.Əliməmmədova: Bəs xərçəng?

- Biz artıq xərçəng xəstəliyini də əməliyyat edirik. Xərçəngin bütün vücuda yayılma təsiri yoxdursa, problem yoxdur. İki həftə öncə dəri xərçəngini əməliyyat etdik. Siqaret yaranın sağalmasına imkan verməyən ən önəmli faktordur. Əməliyyatdan iki həftə əvvəl və iki həftə sonra siqaretdən istifadəyə icazə vermirik.

F.Hənifəyeva: Kök hüceyrə üzrə araşdırmalarınız var. Kök hüceyrə botoksu nə zaman əvəz edə bilər?

- Kök hüceyrənin varlığı çox adama məlum olmayan bir şeydir. İlk araşdırmalar 1950-ci illərdə başlayıb. 1980-ci illərdən yapon həkimlərinin işləri var. Nobel üzrə keçən il tibb mükafatını kök hüceyrə çalışmaları aldı. Kök hüceyrənin toxumalara, yağlara, protezə alternativ olması mümkündür. Döş protezinə alternativ tətbiqetmə də budur. Hər kişi və qadının artıq yağı olur. Vücuddan 2 litrə yaxın yağ alırıq, 600 qr yağın quru kütləsini hər döş üçün 300 qram olmaqla əməliyyat üçün saxlayırıq. Yerdə qalan qatı 1400 qr yağ xüsusi aparatlar vasitəsi ilə alınır. Bu yağlar enzimatik sistemlərlə (fermantativ) alınır. Enzimatik sistemdən sonra əldə edilən emal bəlli bir temperaturda və heç əl dəyməyən xüsusi qabların içinə yerləşdirilir. Qarından alınan yağ konister sistemi ilə içinə enzimi verilir və həmin anda qabın içinə çökür. Çalxalayıcı və isidici sistemdə hüceyrələr bir-birindən ayrılır. Ondan sonra yuma emalı, ardından isə çox yüksək dövrlü santrifüj sistemindən keçirilir. 10 dəqiqədə 15-20 min dövr edir. Bu zaman kök hüceyrələri dibdə yığılır. Bunun üzərindəki bütün artıq toxumalar isə atılır. 1400 ml-dən təxminən 20 qram kök hüceyrə əldə edilir. Hər bir döş üçün ayrılmış 300 qram yağ 10 qram kök hüceyrə ilə zənginləşdirilir və vurulur.

Bu metodun 11 illik qalıcılıq nəticələri əldə edilib. Döşdəki həcm 11 il ərzində 80 faiz öz qalıcılığını qoruyub saxlayıb. Nəticə etibarı ilə döşləri böyütmək və dikləşdirmək üçün protezə ehtiyacı qalmır.

Nərgiz Ehlamqızı

Fotolar: Elçin Muradındır

Xəbər lenti

DAHA ÇOX XƏBƏR