Albalı şirəsinin faydaları
Bizi izləyin

Sağlamlıq

Albalı şirəsinin faydaları

Vitamin anbarı olan meyvə şirələri bizi bir çox xəstəlikdən qoruyur. Ən faydalı meyvə şirəsi isə albalıdan əldə edilir. Artıq albalı mövsümünün gəlməsinə çox az vaxt qalıb. Ona görə də bu meyvə haqqında məlumatlı olmaq lazımdır.

Publika.az albalı şirəsinin faydalarını araşdırıb.

Əvvəlcə onu qeyd edək ki, albalı şirəsi deyərkən marketlərdə satılan tərkibi kimyəvi maddələrlə dolu olan içkiləri nəzərdə tutmuruq. Hər bir meyvə kimi albalının da faydalarından yararlanmaq üçün onu özünüz hazırlamalısınız və vaxt itirmədən içməlisiniz.

Albalının tərkibindəki maddələr bədənin işini bioloji saata uyğun qurmağa kömək edir. Bu da melatonin hormonunun səviyyəsinin yüksəlməsinə səbəb olur. Bu hormon gecələr daha rahat və dinc yatmağı təmin edir.

Pensilvaniya universitetinin professorlarının apardığı araşdırma iki həftə mütəmadi olaraq albalı şirəsi içən insanların yuxu problemləri yaşamadıqlarını və ya mövcud yuxu problemlərindən xilas olduqlarını üzə çıxarıb.

Bir stəkan albalı şirəsi gündəlik kalium ehtiyacının 10 faizini qarşılayır.

Üstəlik, gün ərzində itirilən maye və mineralların bərpa olunmasını təmin edir.

İdmanla məşğul olan insanlar bəzən əzələ ağrılarıyla üzləşməli olurlar. Albalı şirəsi bu əzələ ağrılarından xilas olmaq üçün də idealdır.

Albalı şirəsinin ehtiva etdiyi kalium və C vitamini əzələlərə enerji verərək bədənin dincliyini təmin edir.

Albalı şirəsi içmək meyvənin özünü yeməkdən daha faydalıdır. Çünki insanlar maksimum 1-2 ovuc albalı yeməklə kifayətlənirlər. Bir stəkan şirə üçün isə daha çox albalıya ehtiyac olduğundan onun tərkibindəki antioksidantların və vitaminlərin də miqdarı artır.

Yapon alimlərinin apardıqları tədqiqatlar göstərib ki, yüksək miqdarda yağ ehtiva edən qidalar yeyən insanlar gün ərzində 1 stəkan albalı şirəsi içməlidirlər. Çünki albalı şirəsi yağlı və karbohidratlı qidaların orqanizmə verdiyi zərəri aradan qaldırır.

Albalı şirəsi mədə və qaraciyər üçün də faydalıdır. Bədəndə yığılan artıq suyun xaric olmasına kömək edir. Bu da ödəm və şişlikdən azad olmaq deməkdir.

Damar sərtləşməsinin qarşısını alan albalı həm də qan təzyiqini də tənzimləyir.

Albalının tərkibindəki maddələr zehni fəaliyyəti gücləndirir və yaddaşa yaxşı təsir edir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm