• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Onurğaya zərər verən 7 hərəkət

Onurğaya zərər verən 7 hərəkət

İndiki dövrdə insanları ən çox narahat edən problemlərin başında bel və boyun ağrıları gəlir. Oturarkən düzgün pozanı seçməmək, hərəkətsizlik və artıq kilo bu problemlərin artıq gənc yaşlarda da qapımızı döyməsinə səbəb olur. Bu ağrılar hərəkətləri məhdudlaşdırır, ən sadə işləri belə görməyə mane olur. Bəs insanın həyat keyfiyyətini aşağı salan ağrılardan xilas olmaq üçün nə etmək lazımdır?

Türkiyənin tanınmış həkimlərindən Halil Alqan bu tip ağrıların əsas səbəbini gün ərzində onurğaya zərər verən yanlış davranışlarla izah edir. Belə ki, onurğanın sağlamlığını qoruyaraq ağrılardan xilas olmaq mümkündür.

Publika.az onurğaya zərər verən 7 davranışı açıqlayır:

1.Hərəkətsiz həyat tərzi

İnkişaf edən texnologiyanın əks-təsirlərindən biri də hərəkətsiz həyat tərzi keçirməyimizdir.

Hərəkətsiz həyat tərzi onurğa üçün ən böyük təhlükədir.

Həkim Halil Alqan yaşından asılı olmayaraq, hər kəsin gündə ən az yarım saat açıq havada asta sürətlə qaçmasını tövsiyə edir.

2. Artıq kilo

Kilo onurğadakı disklərə düşən yükü artırdığı üçün əsl təhlükə mənbəyi hesab edilir. Əgər onurğa problemləriylə üzləşmək istəmirsinizsə, arıqlayın və ideal kilonuzu qoruyun.

3. Yumşaq yataq

Hər kəs yumşaq bir divan və yataq istəyir. Ancaq heç kim yumşaq yataqda yatmağın nə qədər təhlükəli olduğunu nəzərə almır. Yumşaq yataq onurğaya zərər verən ən böyük ünsürlərdən biridir.

Doğru yataq seçimi onurğa sağlamlığı üçün çox vacibdir. Əgər onurğa səbəbliə ağrılardan şikayətçisinizsə, daha sərt yataqda yatın. Yatarkən dizlərin arasına və altına yastıq qoymaq da yaxşı təsir edəcək.

4. Uzun müddət ayaq üstə qalmaq

Ayaqda sabit şəkildə dayandıqda onurğa disklərinə düşən təzyiq 4-5 dəfə artır.

Ayaq üstə və eyni mövqedə dayanmağı tələb edən peşələrdə işləyənlərin onurğa diskləri daha tez sıradan çıxır.

Belə insanlarda bel və boyun ağrıları müşahidə edilir. Həkim Halil Alqan bildirir ki, ayaq üstə dayanıb paltar ütüləyərkən belə əsas ağırlığı verdiyimiz ayağımızı sırayla dəyişdirməliyik.

5. Dizləri bükmədən önə əyilmək

Edilən ən böyük səhvlərdən biri də dizləri bükmədən önə doğru əyilməkdir. Bu hərəkət onurğa disklərinə 5-6 dəfə daha çox təzyiq edilməsinə səbəb olur. Yerdən nəsə götürməli olduqda mütləq dizlərinizi bükün və daha sonra əyilin.

6. Uzun müddət eyni mövqedə oturmaq

İnsan bədəni davamlı olaraq hərəkət etməyə uyğun yaranıb. Ona görə də hərəkətsiz dayanmaq ümumilikdə sağlamlıq üçün zərərlidir. Ancaq bu zaman ən böyük zərər onurğaya dəyir.

Onurğa disklərinə ən çox təzyiq düşən insanlar ofis işçiləridir.

Davamlı olaraq oturmaq olmaz. Oturaq iş şəraitinə məhkum olanlar heç olmasa 20-30 dəqiqədən bir masa başından qalxıb bir az gəzməlidirlər. Xroniki onurğa ağrıları ofis işçilərini təhdid edən ən böyük problemlərdən biridir.

7. Hündürdaban ayaqqabı

Cürbəcür modelləri və rəngləriylə qadınların ağlını başından alan hündürdaban ayaqqabılar təəssüf ki, sağlamlığın ən böyük düşmənlərindəndir. Mütəmadi olaraq bu tip ayaqqabılar geyindikdə onurğayla bağlı problemlər yaşamaq riski artır.

Ayaqqabı rahat olmalı və ayaqlar önə doğru sürüşməməlidir.

Əks halda bel, omba və dizlərdə xroniki ağrılar baş verə bilər.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR