Ağbəniz xanımları təhdid edən xəstəlik
Bizi izləyin

Sağlamlıq

Ağbəniz xanımları təhdid edən xəstəlik

Öd kisəsində yığılan daşlar 30-40 yaşdan sonra insanları narahat edir. Öd kisəsi daşı ciddi və təhlükəli xəstəlikdir. Xüsusilə də, tez-tez ağrı verirsə, dərhal tədbir görmək lazımdır. Çünki öd kisəsindəki daş bir müddət sonra iltihaba səbəb ola bilər. Şiddətli ürək bulanma, qarnın sağ tərəfində, qabırğa altında kəskin ağrı hissi öd kisəsi daşının iltihablanmaya səbəb olduğunun əlamətidir. Əgər ağrı sağ çiyinə və kürəyə yayılırsa, dərhal həkimə müraciət edin.

Öd yollarının daşlarla tıxandığı hallarda öd kisəsi iltihabı həyati təhlükə yarada bilər.

Daşın kisədə xərçəng meydana gətirməsi də gözlənilən haldır.

Bəs bu qədər təhlükəyə səbəb olan öd daşları necə və niyə meydana gəlir?

Mütəxəssislər bildirirlər ki, buna bir çox faktor səbəb olur.

Ödün ifraz etdiyi mayenin artması, bəzi qan xəstəlikləri, qanda bəzi maddələrin çoxalması ən böyük səbəblərdəndir.

Yaş irəliləyib kilo artdıqca, xolesterinin səviyyəsi yüksəldikcə öd kisəsində daş meydana gəlməsi riski də artır.

Kök, ağ dərili, sarışın, çox doğmuş qadınlarda bu ehtimal daha da artır.

Ailəsində öd daşından əziyyət çəkənlərin olması gələcəkdə bu xəstəliyə yaxalanma ehtimalını artırır.

Bəzi qidaların və içkilərin öd daşının yaranmasına səbəb olduğu deyilsə də, bu faktorların təsiri çox azdır.

Amma əgər öd kisənizdə daş varsa, bəzi qidalardan (xüsusilə də, yumurta, yağlı yeməklər, spirtli içkilər) uzaq durmalısınız. Əks halda, vəziyyətiniz kəskinləşə bilər.

Ağızda acılıq, ağız qoxusu və baş ağrısı öd kisəsi daşının ilk əlamətlərindəndir.

Yemək yedikdən sonra şişkinlik, gəyirmə, ürək bulanma kimi həzm problemləri də öd kisəsi daşı ehtimalını ağla gətirir.

Öd daşı xəstəliyinin müalicəsində bu gün hələ ən etibarlı üsul cərrahi əməliyyatlar hesab edilir.

Son illərdə populyarlaşan “laporoskopik”, yəni, qapalı əməliyyatlar xəstələrin işini daha da asanlaşdırır. Bu üsulla əməliyyat keçirənlər demək olar ki, iki­üç gün sonra normal həyatlarına qayıda bilirlər.

Orqanizmin digər orqanlarının zərər görməməsi üçün öd kisəsi problemlərindən şübhələndikdə dərhal həkimə müraciət edin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm