Burun qanaxması hansı təhlükədən xəbər verir?
Bizi izləyin

Sağlamlıq

Burun qanaxması hansı təhlükədən xəbər verir?

Burun qanaxmaları adətən yay aylarında çox müşahidə edilir.

Türkiyəli qulaq, burun, boğaz həkimi Hakan Yenicə burun qanaxmalarının səbəbləri və görülməli olan tədbirlər barədə danışıb.

Publika.az həkimin tövsiyələrini təqdim edir:

Araşdırmalara görə, hər 10 insandan biri həyatında heç olmasa bir dəfə burun qanaxması keçirib.

Burun qanaxmasının böyük qismi təhlükəsizdir və həkimə ehtiyac duyulmur. Ancaq ölümə səbəb ola biləcək dərəcədə təhlükəli burun qanaxması da baş verə bilir.

Hakan Yenicə burun qanaxmasının iki növü olduğunu bildirir:

-Tibbdə burun qanaxmaları ön və arxa burun qanaxmaları olmaqla iki növə ayrılır.

Uşaq və gənclərdə daha çox ön burun qanaxmaları baş verir.

Bu burun qanaxmasının əsas səbəbi burnun orta hissəsində olan damarların çatlamasıdır. Burada damarlar çox incə, zəif və səthə yaxın olduğu üçün ən kiçik səbəbdən belə qanaya bilirlər.

Yaşlı insanlarda baş verən burun qanaxmaları isə daha təhlükəli hesab edilir. Bunlar adətən arxa burun qanamaları olur və

Yüksək təzyiqdən əziyyət çəkənlərdə müşahidə edilir.

Belə qanaxmalar çox təhlükəli olduğu üçün dərhal həkimə müraciət etmək lazımdır.

Ön burun qanaxmaları burnun həddən artıq quruması səbəbindən baş verə bilər. Ona görə də belə halla üzləşməmək üçün burnun daxilinə az miqdarda yumşaldıcı krem çəkilməli və ya burun damcısından istifadə edilməlidir.

Burun qanaxmalarının əsas səbəbləri aşağıda sıralanıb:

*Qaşıntıya səbəb olan allergiya, infeksiya və ya quruluq hallarında burunu qaşımaq.

*Burunu təmizləmək.

*Qanın laxtalanma səviyyəsinin normal olmaması.

*Aspirindən istifadə etmək.

*Qaraciyər xəstəlikləri, yüksək təzyiq

*Burun əyrilikləri

*Xərçəng şişi (nadir hallarda)

Ön burun qanamasını dayandırmaq üçün nə etmək lazımdır?

*Burun qanaxması keçirən şəxsi sakitləşdirmək lazımdır. Çünki həyəcan keçirən insanın təzyiqi yüksəlir. Bu isə qanaxmanın şiddətlənməsinə səbəb olar.

*Başı yüngülcə önə doğru əymək lazımdır ki, qan udulmasın və mədəyə getməsin. Əks halda burun qanaxması ürəkbulanma və qusmaya səbəb olar.

*Burnun yumşaq olan qismini baş barmaq və işarət barmağının köməyi ilə 5 dəqiqə sıxmaq lazımdır.

*Xəstəni dik oturtmalı və uzanırsa, başının altına iki qat yastıq qoymaq lazımdır.

Bəs burun qanaxması nə zaman təhlükəlidir və hansı hallarda həkimə müraciət etmək lazımdır?

*Əgər burun qanaxması təkrarlanırsa, həkimə müraciət etmək lazımdır.

*Burun xaricində başqa orqanların da qanaması təhlükəsi ilə üzləşdikdə. Məsələn, sidik və nəcisdə qan müşahidə etdikdə.

*tez-tez burun qanaxması keçirən şəxs yüngül zərbələrdə belə bədənin göyərdiyini müşahidə edirsə, həkimə müraciət etməlidir.

*Aspirin və digər qanı duruldan dərmanlardan istifadə edilibsə.

*Burnu qanayan şəxs qaraciyər və ya böyrək xəstəsidirsə.

*10 dəqiqə keçməsinə baxmayaraq, qanaxma kəsilməyibsə.

*Xəstə huşunu itiribsə.

*Nəfəs çatışmazlığı varsa.

*Ağızdan qan gəlirsə.

*38,5 dərəcə hərarət və dəridə qızarıqlıq varsa, vaxt itirilmədən xəstəni xəstəxanaya çatdırmaq lazımdır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm