Bitlənmənin təbii həlli
Bizi izləyin

Sağlamlıq

Bitlənmənin təbii həlli

Bitlər yaşamaq və çoxalmaq üçün insan qanına ehtiyac duyan parazitlərdir. Yetkin bir bit təxminən bir susam dənəsi böyüklüyündədir. Baş dərisinə yapışıb qanı əmir və yumurtlayaraq çoxalar. “Sirkə” adlanan yumurtaları isə saça möhkəmcə yapışıb qalır. Kəpəkdən fərqli olaraq onlar silkələməklə və ya daramaqla saçdan ayrılmırlar. 7-10 gün sonra, bu yumurtalar da canlı parazitə çevrilirlər.

Bit baş dərisinə yapışdıqdan sonra qanı əmir. Bu zaman baş dərisi dözülməz dərəcədə qaşınır.

Qaşınmanın səbəbi baş dərsinin qıcıqlamasına qarşı bədənin göstərdiyi allergik reaksiyadır.

Bit saçlı dəridə təxminən 30 günə qədər canlı qalır. Saçdan təmizləndikdən sonra 1-2 gün sağ qalan bitlər uça bilməsə də, yaxın təmas olarsa, bir başdan o biri başa keçirlər. Bitin keçmə yolları saç fırçaları, daraqlar, saç aksessuarları, hətta papaqlar ola bilər. Ona görə də, uşaqlarımıza bu tip əşyalarını tay-tuşlarıyla paylaşmamalarını izah edin.

Bit təmizlənməsi üçün bildiyimiz ənənəvi yollar var. Məsələn, saatlarla oturub sirkə və biti başdan təmizləmək olar. Bitlər hərəkət etdiyindən çox vaxt yumurtaları tutmaq daha asandır. Bitləri daha aydın görüb tuta bilmək üçün isə qulaq arxaları və boyundan saç diblərinə yaxşı işıqlandırılmış bir mühitdə nəzər yetirilməlidir.

Bitlərin təmizlənməsində bu ənənəvi yol yeganə həll variantı deyil.

Publika.az-ın sağlamlıq bölməsi biti təmizləməyin nisbətən asan yolunu araşdırıb. Və belə qənaətə gəlib ki, bitlənmə problemini təbii üsullarla aradan qaldırmaq olar.

Bu məqamda qeyd etməyi vacib bilirik ki, bit kiçik yaşda bir uşağa düşübsə, bunun ən əlverişli yolu uşağın saçlarını qırxdırmaqdır. Bu, mümkün deyilsə, sirkə və yağ köməyinizə çata bilər. Bunun üçün saç dərisinə az miqdarda zeytun yağı çəkib 3 saat gözləyin. Həmin vaxtdan sonra uşağın başını yuyun və yaxşıca yaxalayın. Bundan sonra pambıqla saç diblərinə ağ sirkə sürtün. Sirkə yumurtaların pərdədən asan ayrılmasını təmin edəcək.

Bu üsulu uşağınızın başında bit və yumurtaları tamamilə təmizlənənə qədər 2-3 gündən bir təkrar edin. Bundan başqa, uşağınızın səliqəsini və təmizliyini diqqətdən kənarda qoymayın.

Bu üsul kömək etməsə, apteklərə müraciət edə bilərsiniz. Bitləri təmizləyən xüsusi və təsirli dərmanlar satılır.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm